"Nə qədər ki, düşmən öz iddialarından əl çəkmək istəmir, sayıqlığımızı itirməyə haqqımız yoxdur"
“1918-ci ilin mart soyqırımından 105 il ötür. Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində erməni silahlı dəstələri tərəfindən yerli əhaliyə qarşı dəhşətli cinayətlər törədilmişdir. Mart qırğınlarına bilavasitə rəhbərliyi üzdə bolşevik, əslində isə, qatı daşnak, Bakı kommunasının sədri Stepan Şaumyan həyata keçirmişdir. Rəsmi məlumatlara görə mart ayının 30-dan, aprel ayının 4-ə qədər 12 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşmüşdür”.
Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, tarixdən düzgün nəticələr çıxarılmadıqda daha ağır fəsadların baş verməsi labüddür:
“Xalqımızın unutqanlığı, sülhsevərliyi, tarixin növbəti mərhələlərində də repressiyalarla, qətliamlarla, deportasiyalarla, torpaq itkiləri ilə nəticələndi”.
Millət vəkili diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə, hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur:
“Məhz, bu sərəncamdan sonra mart hadisələri, ümumiyyətlə erməni terroru ilə bağlı müxtəlif dillərdə kitablar, arxiv materialları, rəsmi sənədlər nəşr olundu. Əhali arasında maariflənmə işləri aparıldı. Ermənistanın terror dövləti olması, ASALA və digər çoxsaylı erməni terror təşkilatlarına dəstəyi, Azərbaycanda və dünyanın müxtəlif coğrafiyalarında törətdikləri cinayətlər barədə geniş təbliğat kompaniyası aparıldı. Beynəlxalq birlik, erməni terror təşkilatlatlarının insanlıq əleyhinə törətdikləri cinayətlərlə məhz, Azərbaycan dövlətinin apardığı sistemli siyasət sayəsində məlumatlandı. Yeri gəlmişkən bir məsələni də qeyd etmək istərdim. 2001-ci ildə Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdım. Qərara aldıq ki, mart soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün rayon mərkəzində, bir zamanlar bolşeviklərin lideri Leninin adını daşıyan bağda abidə ucaldaq. O zamanlar, Respublikanın heç bir bölgəsində Soyqırım abidəsi yox idi və mart hadisələri ilə bağlı cəmiyyətdə tək-tək insanları çıxmaq şərti ilə məlumat yox dərəcəsində idi. Abidənin üzərində yazılan qeydlər, qısa müddət ərzində mart hadisələrinin mahiyyəti ilə bağlı təbliğatda əhəmiyyətli rol oynadı. İndi həmin yer, “Soyqırım bağı” adlanır”.
Nəsib Məhəməliyev qeyd edib ki, zaman dəyişib. Azərbaycan dövləti tarixinin ən şərəfli, güclü, inkişaf etmiş dövrünü yaşayır:
“Qəhrəman Ordumuz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük müharibədə tarixi Qələbə qazandı. Erməni terroruna, dünya ernəniliyinə sarsılmaz zərbə vurdu. ,,Böyük Ermənistan,, xülyasını məhv etdi. Şəhidlərin, soyqırım qurbanlarının intiqamını aldı. Bu gün onların ruhu şaddır. Əldə olunan uğurlara baxmayaraq, daim ayıq-sayıq olmalıyıq. Tarixin acı nəticələrini unutmamalıyıq. Nə qədər ki, düşmən öz iddialarından əl çəkmək istəmir, sayıqlığımızı itirməyə haqqımız yoxdur.
Allah cəmi Şəhidlərə rəhmət eləsin!”