"Məscidlərimiz İran kəşfiyatı üçün ən münasib informasiya mənbəyi rolunu oynayır"
"İran molla rejiminin siyasi-ideoloji və kəşfiyat mərkəzi olaraq məscidlərdən istifadə etməsi yeni bir şey deyil. Aydın məsələdir ki, inanclı insanların kütləvi şəkildə toplaşdığı əsas məkan məhz məscidlərdir. Azərbaycanda məscidlərin əksəriyyətinə isə İranda təhsil almış axundlar rəhbərlik edir, onlar orada iranyönümlü dini təbliğat aparırlar. Bu baxımdan, məscidlər İran kəşfiyatı üçün ən münasib informasiya mənbəyi rolunu oynayır. Son 30 ildə İranın Azərbaycana yönəlik dövlət siyasətini rəsmi səfirliklə yanaşı, Seyid Əli Xameneinin səlahiyyətli nümayəndəsi Ocaq Necat həyata keçirmişdir. Məhz, onun "xidmətləri" nəticəsində minlərlə gənclərimiz İrana "təhsil" adı ilə göndərilmiş, bir çoxları terror düşərgələrində təlim keçmiş və Yaxın Şərqin bəzi qaynar nöqtələrində bu ölkəni təmsil etmişlər. İndi aydın olur ki, “xüms” adı altında hər il milyonlarla vəsait yığılır və İrana göndərilirmiş. Həmin vəsait isə "İslam dininin təbliğatı" adı ilə terrorçu qrupların maliyyələşdirilməsinə sərf olunub".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, özünü "islam dövləti" adlandıran, guya ki, islam dəyərlərinin müdafiəsində duran İran özünün yetişdirdiyi proksilər vasitəsilə digər müsəlman dövlətlərinin daxilində təşkilatlanma siyasəti aparır və həmin ölkələrin daxili işlərinə qarışır:
"Məşhur “Hizbullah” və bir çox digər terror təşkilatları İranın məhsuludur. Azərbaycanda da “Hüseyniyyun” adında yeni dini təşkilat yaratmağa başladılar və onların bir neçəsi ifşa olunduqdan sonra İrana qaçdılar. Oradan Azərbaycanın konstitusion quruluşunun zorla dəyişdiriləcəyi, “Kərimə” dövləti yaradacaqları barədə cəfəng nağıllar uydurmağa başladılar. Təbii ki, bu illər ərzində ictimaiyyətdə və dövlət orqanlarımızda cənub qonşumuzun ölkəmizə yönəlik destruktiv siyasəti ilə bağlı kifayət qədər məlumatlar var idi. Ancaq hər zaman fəaliyyətində mehriban qonşuluq, dostluq prinsiplərini əsas tutan Azərbaycan dövləti çalışırdı ki, münasibətlərə xələl gəlməsin. Lakin 44 günlük müharibənin yaratdığı reallıqlardan biri də o oldu ki, mollaların maskası cırıldı. Onlar işğalçı Ermənistanın məğlubiyyətini öz məğlubiyyətləri olaraq qəbul etdilər".
Deputat bildirib ki, Zəngəzur dəhlizinin açılmasının qarşısında duran əsas maneə İrandır:
"Londondakı və Tehrandakı səfirliklərimizə edilən xain hücumlar bir daha göstərdi ki, İran molla rejimi üçün beynəlxalq qanunlar, sivil qaydalar keçərli deyil. Ona görə də, xalqımızı dostu düşməndən ayırmağa, ayıq-sayıq olmağa, milli birliyimizə xələl gətirəcək, ictimai-siyasi sabitliyi pozacaq hərəkətlərə yol verməməyə çağırıram".