İqtisadiyyat 14 İyun 2023, 17:40 | Baxış sayı: 99
“Mərkəzi Bankın bu arqumentləri əsaslı hesab edilə bilər...”

Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında kredit faizlərinin yüksək olması barədə iddialara cavab olaraq deyib ki, faizləri aşağı salmaq üçün depozitləri aşağı salmalıyıq, amma etiraf edək, 4-5 %-lə banka depozit qoyan olacaqmı? AMB sədri “depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək” fikirlərinə görə ciddi tənqid olunur.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə Pravda.az-a açıqlamasında deyib ki, Mərkəzi Bank iqtisadiyyatda daha uzunmüddətli faiz dərəcələrinin formalaşmasına təsir göstərməyə, normal faiz dəhlizi sayəsində aşağı faizlərlə əhaliyə və iqtisadiyyata kredit verilməsini təmin etməyə çalışır.

 

Deputatın sözlərinə görə, son dövrlərdə AMB tərəfindən uçot dərəcələri artırılır ki, bu qərarlar, xüsusilə kommersiya banklarının, ümumiyyətlə, fəaliyyət göstərən bütün bankların, o cümlədən bank olmayan kredit təşkilatlarının və müxtəlif maliyyə institutlarının alternativ maliyyə mənbələri cəlb etməsini də stimullaşdırır: “Son illərdə kommersiya banklarının istiqaməti Mərkəzi Bankdan kənar vəsaitlərə və əhalidən yığımlara yönəltməsi, bank əmanətlərinin həcminin artması da bunu təsdiq edir. Ona görə də Mərkəzi Bankın bu arqumentləri əsaslı hesab edilə bilər. Çünki, bu gün kredit faizləri 4 amildən asılı olaraq formalaşır. İlk növbədə depozit faizləri 8-10%-dirsə, bu, bankın verdiyi kreditin maya dəyərinin azı 6-8%-ni təşkil edir. Həmin borcalanın kredit riski bunun üzərinə gəlir. Bundan əlavə, bankın əməliyyat xərcləri var, o da 1-2% arası olanda ümumi kredit faizləri artır. Eləcə də bankın marjası da var. Bunları hesablayanda, bankların xərcləri, təxminən, 12-13 faizə yaxınlaşır. Buna görə də, bank kreditlərinin 13 faizdən aşağı olması mümkün olmur. Ancaq buna baxmayaraq, bəzi banklar var ki, onlar əməliyyat və digər xərclərini müyyən qədər qısaldaraq 12-13 faiz civarında kreditlər təklif edir. Hətta hüquqi şəxslərə verilən kreditlər 11%-dən başlayır”.

 

A.Hüseynov bildirib ki, kredit faizlərinin aşağı salınması üçün bank sektorunda rəqabətin güclənməsinə, xüsusən də bu sektorda konservativ siyasətdən mərhələli şəkildə daha liberal siyasətə keçidin təmin olunmasına ehtiyac var:  “Bir sıra xarici bankların, xarici kapitalın bank sektoruna gəlməsi rəqabətin güclənməsinə gətirib çıxara bilər ki, bu da kredit faizlərinin aşağı salınması üçün baza formalaşdırar. Eləcə də, Mərkəzi Bank tərəfindən depozit faizləri ilə kredit faizləri arasında müəyyən asılılığın tövsiyə olunması da mümkündür. Hazırda AMB da bu istiqamətdə çalışır. Hesab edirəm, maliyyə bazarlarına nəzarət sahəsində ciddi islahat aparılmalı, bank sektoruna nəzarət gücləndirilməlidir. Amma təkcə bununla Mərkəzi Bankın fəaliyyəti azdır, həm də qanunvericilik bazası möhkəmləndirilməli, Bank Məcəlləsi qəbul edilməlidir”.

Xəbərlər