“Moskva görüşündə çox ciddi nəticələr əldə olunacağına bir az şübhə ilə yanaşıram”
“Rusiya Federasiyası ABŞ-yə, kollektiv Qərb vasitəsilə aparılan danışıqlara alternativ olaraq liderlərin Moskva görüşünü təşkil edir. Düşünürəm, müəyyən kommunikasiyaların açılması, bəzi texniki məsələlər həllini tapa bilər. Lakin böyük sülh müqaviləsinin imzalanmasına bir az nikbin yanaşmıram. Çünki Rusiyanın ümumi Qafqaza yönəlik siyasəti dəyişməyib. Biz bunu bəyanatlardan da, aparılan danışıqlardan da hiss edirik, görürük. Rusiya Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsinin imzalanmasında o qədər də maraqlı görünmür. Moskva daha çox “status kvo”nun və Cənubi Qafqaz bölgəsində hərbi mövcudluğunun, öz varlığının qorunub saxlanılmasında maraqlıdır. Rusiya belə hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanarsa, gələcəkdə Azərbaycanda - Qafqazda Moskvalıq bir iş qalmayacaq. Belə olan halnda Rusiya öz təsir imkanlarını da itirir. Bu baxımdan, Moskva görüşündə çox ciddi nəticələr əldə olunacağına bir az şübhə ilə yanaşıram”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, digər tərəfdən Rusiya Qərbin vasitəçiliyinə bir az qısqanclıqla yanaşır: “Moskva hesab edir ki, “müharibəni mən saxlamışam, Qafqaz bölgəsində geosiyasi maraqlarım mövcuddur və bu maraqları qoruyacağam”. Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov da açıq şəkildə bəyanat verdi ki, inanıram, müttəfiqlərimiz bizim Qafqazda olan geosiyasi maraqlarımıza hörmətlə yanaşacaqlar. Bu, o deməkdir ki, Rusiya ənənəvi siyasətindən əl çəkmək fikrində deyil. Buna görə də danışıqlar istənilən halda davam etdirilməlidir. İstər Qərb olsun, istər Rusiya - kimliyindən asılı olmayaraq bizim üçün danışıqlar aparmaq rahatdır. Çünki mövqeyimiz ədalətlidir, beynəlxalq hüququn normalarına əsaslanır. Biz Ermənistandan fərqli olaraq qeyri-qanuni nəsə tələb etmirik, kiminsə torpağında gözümüz yoxdur. Bu baxımdan diplomatik masada mövqeyimiz çox güclüdür. Həm də Ermənistandan fərqli olaraq Azərbaycan mövqeyini dəyişmir. Qərbdə də, Amerikada da, Avropada da öz fikrimizi deyirik, Moskvada da. Ermənistan siyasi hakimiyyəti, şəxsən Paşinyan qütblər arasında vurnuxur, bilmir necə davransın. Çünki onun dövlətinin son 30 ildə apardığı siyasət yalan, saxtakarlıq, işğalçılıq - qonşu dövlətin ərazilərini işğal etmək üzərində qurulub. Beynəlxalq hüquq var və buna müvafiq olaraq tələb edirik ki, ərazi bütövlüyümüz təmin olunsun, qonşu dövlətlər bir-birilərinə qarşı hər hansı ittiham səsləndirməsinlər, kommunikasiyalar açılsın, iqtisadi əməkdaşlıq davam etsin, sərhədlər müəyyənləşdirilsin, delimitasiya-demarkasiya prosesləri aparılsın. Bizim istədiyimiz budur və bu səbəbdən mövqeyimiz güclüdür. Danışıqların hansı platformada, hansı formatda aparılmasından asılı olmayaraq Azərbaycanın mövqeyi haqlı mövqedir. Hesab edirəm, tam doğru olaraq cənab Prezident bütün danışıqlarda iştirak edir, Azərbaycanın haqlı sözünü deyir”.