“Minsk Qrupunun bərpasına heç bir halda yol vermək olmaz”
“Minsk Qrupunun yenidən canlanması artıq mümkün deyil. Azərbaycan rəsmi olaraq Minsk Qrupunun “xidmətindən” imtina edib. Təbii ki, daha əvvəl MQ-nin həmsədr ölkələri arasında çox ciddi konfrantasiya baş verdi. Rusiya-Ukrayna müharibəsi fonunda Qərblə Rusiya arasında düşmənçilik yarandı. Belə bir halda Qərblə Rusiyanın bir yerdə, vahid beynəlxalq təşkilatda hansısa nizamlayıcı, tənzimləyici funksiyasını yerinə yetirmələri qeyri-mümkündür. Əgər bunlar bir-biriləri ilə düşməndirlərsə, hansı tənzimləmədən, sülh danışıqlarından söhbət gedə bilər? Bu, gün kimi aydın məsələdir. Digər məsələ də var: bu qüvvələr öz qlobal maraqlarını həyata keçirmək üçün lokal konfliktlərdən, öz alver predmetləri kimi istifadə edə bilərlər. Yəni onlar Rusiya-Ukrayna müharibəsi çərçivəsində müəyyən güzəştlər etməklə, strateji müttəfiqlərini güdaza verməklə öz siyasi maraqlarını həyata keçirə bilərlər. Bu ehtimal da var. Zaman-zaman böyük dövlətlərin belə siyasət aparmalarının şahidi olmuşuq. Ola bilər, Ermənistan-Azərbaycan münaqişəsi, yaxud Suriya ilə bağlı hansısa müzakirələr aparılsın”.
Bu sözləri müsahibəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.
“Biz bir şeyi anlamalıyıq ki, erməni məsələsi böyük güclər tərəfindən XIX əsrin sonlarından xüsusi hazırlanmış layihədir. Saxta erməni genosidi, ermənilərin deportasiyası - bütün bunlar ermənilər üçün layihədir və bu layihə çərçivəsində Qafqazda heç vaxt mövcud olmayan Ermənistan dövləti yaradılır - İrəvan xanlığının yerində. İndi “Ermənistan” adlı layihədən öz geosiyasi maraqları üçün istifadə edirlər. Bu, 100 il bundan əvvəl - Birinci Dünya müharibəsi ərəfəsində də belə olub, ondan sonrakı dövrdə də davam edir. Buna görə də, düşünürəm, Minsk Qrupunun fəaliyyəti qeyri-konstruktiv olub, gələcəkdə də heç bir səmərəsi ola bilməz. Minsk Qrupundan qəti şəkildə imtina etməliyik. Çox yaxşı olar ki, Ermənistanla birbaşa dialoq vasitəsilə, hər hansı üçüncü tərəf olmadan danışıqlara başlayaq. Bu, daha uyğun olardı, nəinki MQ-nin bərpası. Minsk Qrupunun bərpasına heç bir halda yol vermək olmaz. Qəti şəkildə olmaz! MQ-də təmsil olunan Fransa artıq həmsədr rolunu oynaya bilməz, çünki o, artıq tərəf olaraq özünü göstərdi. Biz heç vaxt Fransadan münasib addım gözləməməliyik. Digər həmsədrlər də heç vaxt səmimi olmayıblar. Buna görə də Azərbaycan məcbur oldu 2020-ci ildə öz problemini öz gücü vasitəsilə həll etdi”, - deputat bildirib.
N.Məhəməliyev əlavə edib: “Aydındır ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının əleyhinə olan kifayət qədər qüvvələr var. Ümumiyyətlə, bu qüvvələr tarixən yalanların üzərində qurulmuş erməni məsələsinin beynəlxalq gündəmdən çıxarılmasının əleyhinədirlər. 44 günlük müharibədə Ermənistan ordusunun darmadağın edilməsini, Ermənistanın bütövlükdə dövlət olaraq məğlub olmasını həzm edə bilmirlər. Bu qüvvələr Ermənistanın daxilində də var. Bu yaxınlarda əvvəlki prezident Serj Sarkisyan ABŞ prezidentinə məktubla müraciət etmişdi. Bundan əlavə, Ermənistanın daxilində qatı daşnakmillətçi təbəqələr də var ki, onlar da məğlubiyyətlə barışmaq istəmirlər. İndi də revanş hissi ilə yeni müharibə arzusundadırlar. Sirr deyil ki, Ermənistanın daxilində kifayət qədər təşkilatlanma işləri aparılır. Çoxlu sayda hərbi mütəxəssislərin hazırlıq kursları, özəl hərbi kompaniyalar həyata keçirilir. Hətta Ermənistan ordusunda müqavilə əsasında vuruşmaq istəyən gəncləri, terrorçuları xarici ölkələrdən dəvət edirlər. Digər qüvvələr isə qlobal güclərdir. Fransanın, İranın, bilavasitə Rusiyanın timsalında son hadisələrlə əlaqədar görürük ki, Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, barışıq olması bu ölkələrə qəti şəkildə sərf etmir. Zaman-zaman bu dövlətlər Cənubi Qafqaz uğrunda rəqabət aparıblar. İndi də müxtəlif şəbəkələri vasitəsilə sülhün əleyhinə təbliğat aparır, həm də beynəlxalq müstəvidə çox ciddi iş aparırlar. Yəni həm beynəxalq qüvvələr, həm də daxildəki qatı millətçi qüvvələr sülhün əldə olunmasının əleyhinədirlər. Əgər tam sülh olsa, bu, o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini qaytarır, Türkiyəyə olan ərazi iddialarından tam əl çəkir. Ermənistan Türkiyə və Azərbaycanla barışandan sonra qlobal güclər Türkiyəyə, Azərbaycana hansı formada təsir edəcəklər? Yəni qlobal güclər sülhlə öz təsir rıçaqlarını itirmiş olurlar. Məsələnin kökündə bu dayanır. Ona görə də qlobal güclər heç vaxt imkan verməyəcəklər ki, “erməni məsələsi” beynəlxalq gündəlikdən çıxarılsın...”
pravda.az