İnfoqrafika 17 Oktyabr 2023, 15:59 | Baxış sayı: 411
Məhkumluq Həyatı Yaşamış Deputatlar

"Meclis.info" yeni araşdırma yazısını təqdim edir.

 

1995-ci ilin 12 noyabrında Milli Məclisə ilk dəfə seçkilər keçirildi. Bu seçkilərin böyük qalmaqallarla keçəcəyi gözlənilirdi. Ancaq qalmaqallar seçkidən əvvəl başladı.

19 sentyabrda sabiq xarici işlər naziri, istiqlalçı deputat, Müsavat Partiyasının proporsional seçki üzrə deputatlığa vahid namizədlər siyahısında 2-ci sırada olan Tofiq Qasımov həbs olundu. T.Qasımov vətənə xəyanətdə və 1995-ci mart hadisələrində dövlət əleyhinə fəaliyyətdə günahlandırılırdı. Daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından namizədlər Fərəc Quliyev Arif Paşayev Fəxrəddin oğlu də həbs edildi. F.Quliyev Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olmuşdu. O, qanunsuz silahlı dəstə yaratmaq ittihamı ilə həbs edilmişdi və 2002-ci ilə qədər həbsdə qaldı. F.Quliyev hazırda Milli Dirçəliş Hərəkatı Partiyasının sədri

Arif Paşayev isə ilk dəfə 1993-cü ilin avqust ayında Cinayət Məcəlləsinin ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçıb. 1994-cü ilin noyabrında Milli Məclisə məktubla müraciət edərək məhkəmə keçirilməsini tələb edib və 1995-ci ilin may ayının 12-də Ali Məhkəmənin qərarı ilə bəraət alıb. Lakin bir neçə ay sonra xüsusi xidmət orqanı həbsxanasından qaçmaqla ittiham olunaraq yenidən həbs edilir.

Milli Məclis tarixində ilk həbs olunan deputat isə İqbal Ağazadədir. 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra Bakıda Azadlıq Meydanında müxalif qüvvələrlə hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verdi. Həmin vaxt meydanda olan və kütlənin qarşısına çıxan İqbal Ağazadə üçün bu, ağır nəticələndi. Millət vəkilinin toxunulmazlıq hüququ əlindən alındı və o, həbs edildi. 22 oktyabr 2004-cü il tarixdə Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə İ.Ağazadə 3 il müddətinə həbs olunmuşdu. İqbal Ağazadə 20 mart 2005-ci ildə əfv fərmanı ilə azad edilmişdi.

Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı Fikrət Sadıqov da 2005-ci ilin oktyabrında həbs edilənlərdəndir. O, 2005-ci ildə sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, habelə Prezidentin İcra Aparatının işlər müdiri olmuş Akif Muradverdiyevlə birgə dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən çıxarıldı və həbs olundu. Bir neçə gün həbsdə qaldıqdan sonra ev dustağı edilib, daha sonra siyasi meydanı tərk edərək elmlə məşğul oldu.

Həmin ilin oktyabrın 20-də Əli İnsanov Azərbaycan Respublikasında Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülmüşdür. O, 2007-ci ilin aprel ayında 11 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Milli Məclisin 2007-ci il yaz sessiyasında Hüseyn Abdullayevin etiraz çıxışı böyük etirazla qarşılandı və nəticədə o, Fəzail Ağamalı əlbəyaxa oldu. Bundan sonra Milli Məclisin İntizam Komissiyası Hüseyn Abdullayevin işi ilə bağlı sərt qərar çıxardı. Mandatdan məhrum olunan deputat barəsində cinayət işi açıldı. 2 aylıq həbsdən sonra azadlığa buraxılan H.Abdullayev Almaniyaya gedib, bir müddət orada və sonra başqa ölkələrdə yaşadı. 2018-ci ildə Türkiyədə saxlanılan H.Abdullayev yenidən Azərbaycana gətirildi və külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda ittiham olunaraq həbs edildi. 2019-cu il oktyabrın 1-də Bakı Hərbi Məhkəməsi hakim Həbib Həsənovun sədrliyi ilə aparılan prosesdə keçmiş deputat Hüseyn Abdullayevə 6 il həbs cəzası kəsib.

Milli Məclis tarixinin ən qalmaqallı deputatlarından biri Gülər Əhmədovanın həbsinə aparan video cəmiyyətdə şok effekti yaratmışdı. Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin eks-rektoru Elşad Abdullayevin yaydığı videoda G.Əhmədova deputat mandatının “qiyməti” haqqında danışır. E.Abdullayev iddia edirdi ki, G.Əhmədova ona 2 milyon manat qarşılığında Milli Məclisə üzv seçiləcəyi vədi vermişdi. 2012-ci ildə yayılan videodan sonra G.Əhmədova mandatından imtina etdi və 2013-cü ilin fevralında saxlanıldı. 

2013-cü ilin fevralında Səbail Rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədova barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. İstintaq yekunlaşandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub. 

2014-cü ilin mayında Bakı Apellyasiya Məhkəməsi həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işinə baxıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib və Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.

2016-cı il sabiq deputat həbsi ilə başladı. Həmin ilin fevralında 2010-2015-ci illərdə deputat olmuş iş adamı, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilov dələduzluqda təqsirləndirilərək həbs edilib. O, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilib. D.Xəlilov Azərbaycan Beynəlxalq Bankından külli miqdarda kredit götürüb qaytarmamaqda təqsirləndirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq deputat D.Xəlilov 13 il, müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan D.Xəlilov apellyasiya şikayəti verib. O, barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini və ona bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Aplleyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya endirilib. 2018-ci ilin fevralında sabiq deputat Dünyamin Xəlilov saxlanıdığı Bakı istintaq Təcridxanasından 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Son 3 ildə isə 3 sabiq deputat və 1 deputatın həbs edildiyinə şahid olduq. 

2020-ci ilin avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı videolar yayıldı. Pandemiya zamanı, kütləvi məclislərin keçirilməsinin qadağan olduğu bir vaxtda yayılan bu görüntülər cəmiyyətdə ciddi etiraza səbəb oldu. Nəticədə R.Mehdiyevin kürəkəni IV və V çağırış Milli Məclisin deputatı olmuş İlham Əliyev Əlisəftər oğlu məclis təşkilatçısı olaraq saxlanıldı. 22 avqust 2020-ci il tarixində Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirildi. Qərara əsasən, o,  İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, 15 sutka müddətinə inzibati qaydada həbs edildi.

Bu hadisədən bir müddət sonra Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılovun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladıldı. O, 11 nəfərin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək mənimsəməkdə ittiham edilirdi. 2 aprel 2021-ci ildə haqqında həbs qətimkar tədbiri seçilən R.Cəbrayılov həbsdə olarkən həmin ilin 30 sentyabrında koronavirusdan müalicə aldığı klinikada dünyasını dəyişib.

2021-ci il daha bir deputatla bağlı qalmaqala şahid olduq. Milli Məclisin V və VI çağırış deputatı Eldəniz Səlimovun həbsi də cəmiyyətdə böyük səs-küy yaratdı. O, 2021-ci il 29 iyul tarixində polis əməkdaşlarını təhqir etmək və onlara zor tətbiq etməkdə günahlandırılırdı. Həmin ilin 3 avqustunda toxunulmazlığı ləğv edilən deputat barəsində cinayət işi açıldı. Milli Məclisin növbədənkənar sessiyasında çıxış edən baş prokuror Kamran Əliyev təqdimatla çıxış edərək bildirib: “Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevin 6 polis əməkdaşı ilə birgə iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən, Eldəniz Səlimovun qohumuna məxsus “Starıy Dvor” restoranına gəldiyini və karantin qaydalarına uyğun olaraq restoranın gecə saat 12-dən sonra işləməməsini tələb etdiyini öyrənib.

Eldəniz Səlimov bununla əlaqədar Zaur Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng vurub və Zaur Mirzəyevi restorana dəvət edib, ona qarşı zorakılıq edib”.

E.Səlimovun toxunulmazlığının ləğvi Milli Məclisdə müzakirə olunarkən deputatı müdafiə edənlərə cavab olaraq spiker Sahibə Qafarova ortada bir səs yazısı olduğundan bəhs edib: “10 dəqiqəlik səs. Siz orada eşidərsiniz, kim kimi təhqir edib. Deputatın yiyəsi, Milli Məclisin yiyəsi xalqdır. Ancaq bizim deputat, görün, necə hərəkət edib”. 

E.Səlimov Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda həbsdədir.

2023-cü ilin iyulunda daha bir sabiq deputat Nazim Bəydəmirlinin həbs xəbəri yayıldı. N.Bəydəmirli Milli Məclisin 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən müstəqil namizəd olaraq millət vəkili seçilən III çağırış deputatı olub. O, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İyul ayının 5-də N.Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Nərimanov rayon Məhkəməsində sabiq deputat barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib: “Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”.

Sadaladıqlarımızdan başqa İsgəndər Həmidov, Pənah Hüseyn, İsa Qəmbər kimi vaxtilə Ali Sovetin deputatı olmuş siyasi liderlərin və partiya sədrlərinin də həbsinə şahid olmuşuq.

 

Xəbərlər