İnfoqrafika 27 Oktyabr 2023, 19:11 | Baxış sayı: 245
"Yenidən Qeydiyyata Alınmış Siyasi Partiyalarda Son Statistik Göstəricilər"

“Meclis.info” yeni araşdırmasını təqdim edir. Bu araşdırma yazısında “Siyasi partiyalar haqqında” qanunun qəbulundan sonra yenidən qeydiyyata alınmış siyasi partiyalarda son statistik göstəricilərlə tanış ola biləcəksiniz.

 

2022-ci il noyabrın 29-da Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. 2023-cü il yanvar ayının 11-də isə Prezident İlham Əliyev qanunu imzaladı və qanun qüvvəyə mindi. 6 fəsil, 30 maddədən ibarət qanun özündə bir çox dəyişiklikləri ehtiva edir. Qanun müzakirə edilməyə başlayandan ən çox müzakirə olunan maddə siyasi partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı maddə idi. Bu maddənin birinci bəndinə görə, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın ən az 5000 üzvü olmalıdır. Qanun qüvvəyə mindikdən 180 gün ərzində partiyalar partiya üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməli idilər.

Bu qanun qüvvəyə mindikdən sonra fəaliyyətdə olan 59 siyasi partiyadan 31-i ləğv olunduğu ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Qalan 27 partiya isə yenidən dövlət qeydiyyatına alınmaq üçün müraciət etdi. Fəaliyyətini dayandıran partiyalar aşağıdakılardır:

Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Yeni Yol Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Tərəqqi Partiyası, Azərbaycan Kommunist Partiyası, Qorqud Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Demokrat İdrak Partiyası, Milli Həmrəylik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Sosial Ədalət Partiyası, Azərbaycan Yüksəliş Partiyası, Azərbaycan Liberal Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası

 

İlk olaraq 19 iyul tarixində Yeni Azərbaycan Partiyası, daha sonra isə 4 sentyabrda Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Ağ Partiya, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ümid Partiyası və Milli Dirçəliş Hərəkatı Partiyasının qeydə alındığı açıqlandı.

Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci ildə Heydər Əliyev tərəfindən təsis olunub. Hazırkı sədri president İlham Əliyevdir. Partiyanın ümumilikdə 720830 üzvü olduğu deyilir. YAP həm də Milli Məclisdə 69 üzv sayı ilə ən böyük təmsilçiliyi olan partiyadır. Həmçinin parlamentin sədri Sahibə Qafarova və onun birinci müavini Əli Hüseynli də Yeni Azərbaycan Partiyasının üzvüdür.

YAP-dan sonra parlamentə ən çox üzv göndərən partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP). VHP də 1992-ci ildə təsis olunub. Məlumata görə, VHP-nin 19800 üzvü var. Onların 53 faizi qadın, 47 faizi kişidir. Partiyanın qurucusu və hazırkı sədri Sabir Rüstəmxanlıdır. O həm də milli məclisin üzvüdür. Parlament sədrinin müavini Fəzail İbrahimli də VHP-nin üzvüdür. VHP-nin Milli Məclisdəki digər təmsilçisi isə Rafael Hüseynovdur.

Parlamentdə bir üzvlə təmsil olunan Ana Vətən Partiyasının (AVP) 5700-5800 üzvü olduğu deyilir. Partiya 1992-ci ildə hazırkı sədri Fəzail Ağamalı tərəfindən təsis olunub. Fəzail Ağamalı həm də partiyasını parlamentdə təmsil edir.

Ağ Partiya 2016-cı ildə adı dəyişdirilən Vahid Azərbaycan Partiyasının xələfidir. Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən təsis olunub. 2016-cı il qurultayında partiyanın adı Ağ Partiya olaraq dəyişdirilib və Tural Abbaslı partiyanın yeni sədri seçilib. 2020-ci ildə partiya dövlət qeydiyyatına alınıb. 2023-cü ildə Ağ Partiya yenidən dövlət qeydiyyatına alınan ilk partiyalardan oldu. Partiya sədri Tural Abbaslının məlumatına görə, AğP-nin 8500 üzvü var. O bildirib ki, partiyada qadın və kişi üzvlərin nisbətinin heç bir önəmi yoxdur. T.Abbaslı 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizədliyini irəli sürmüş, lakin həmin dairədən Məlahət İbrahimqızı millət vəkili seçilmişdi.

Haqq Ədalət Partiyası (HƏP) sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 2020-ci ildə təsis olunub, 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 2023-cü ildə partiya yenidən dövlət qeydiyyatı üçün 5000 imza ilə müraciət etdi və qeydiyyata alındı. Əli İnsanovun dediyinə görə, partiyanın hazırda 26000 üzvü var.

Qeydə alınan partiyalardan biri də Azərbaycan Milli İstiqlal Partiyasıdır (AMİP). Partiya Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseynov tərəfindən 1992-ci ildə yaradılıb. Hazırkı sədri Arzuxan Əlizadədir. Onun açıqlamasına görə, partiyanın 35000 üzvü olsa da, Ədliyyə Nazirliyi tərəfinən onlardan 7252-si qeydə alınıb. Partiya üzvlərinin 33 faizi qadın, 67 faizi isə kişidir.

Azərbaycan Ümid Partiyası (ÜP) 1993-cü ildə jurnalist Əbülfət Əhmədov tərəfindən təsis olunub, elə həmin ildə də dövlət qeydiyyatına alınıb. O, deyir ki, partiyanın ümumilikdə 57000 üzvü var, onların 5200-ü Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb. Ümid Partiyası üzvlərinin 18 faizi qadın, 82 faizi kişidir. Partiya sədri İqbal Ağazadə Milli Məclisin II, III və dördüncü çağırış deputatı seçilib. O həm də 2008 və 2013-cü il prezident seçkilərində öz namizədliyini irəli sürüb.

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) 2002-ci ildə hazırkı sədri Fərəc Quliyev tərəfindən təsis olunub və 2011-ci ildə dövlət qeydiyyatına alınıb. 2023-cü ildə partiya yenidən dövlət qeydiyyatına alınıb. Partiyanın 6300 üzvü olduğu qeyd edilir. Partiya sədri F.Quliyev Milli Məclisin III və IV çağırış deputatı olub. O həm də 2013 və 2018-ci illərdə prezidentliyə namizədliyini irəli sürüb.

Yuxarıdakı partiyaların ardınca 7 sentyabrda Milli Cəbhə Partiyası, Böyük Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası və Azərbaycan Demokrat Partiyasının dövlət qeydiyyatına alındığı açıqlandı.

2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasından ayrılan Razi Nurullayev elə həmin il Azərbaycan Xalq Cəbhəsi Partiyası yaratdığını elan etdi. 2020-ci ildə partiya Milli Cəbhə Partiyası (MCP) olaraq qeydə alındı. 2023-cü ildə MCP yenidən dövlət qeydiyyatına alınıb. Partiyanın üzv sayı barədə rəsmi açıqlama almaq mümkün olmayıb.

Böyük Azərbaycan Partiyası (BAP) Elşad Musayev tərəfindən tərəfindən təsis olunub və 2005-ci ildə qeydiyyata alınıb. 2023-cü ildə yenidən dövlət qeydiyyatına alınmaq üçün müraciət edən partiyanın qeydiyyatı təsdiqlənib. Partiyada üzv sayı barədə açıqlama almaq mümkün olmayıb.

Azərbaycan Demokrat Partiyası (ADP) 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən qurulub. Partiya 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən, daha sonra isə 1993, 2000 və 2023-cü illərdə olmaqla 3 dəfə Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb. Partiya sədri S.Cəlaloğlunun sözlərinə görə, ADP-nin 5200 üzvü var. S.Cəlaloğlu partiyada qadınların azlıq təşkil etdiyini bildirib.

Azərbaycan Xalq Partiyası (AXP) sabiq baş nazir Pənah Hüseyn tərəfindən 1998-ci ildə yaradılıb, 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Siyasi partiyalar haqqında Qanun qəbul edildikdən sonra AXP yenidən dövlət qeydiyyatına alındı. Partiyanın hazırkı sədri P.Hüseynin sözlərinə görə, partiyanın 5300 üzvü var, onların 30 faizi qadın, 70 faizi kişilərdir.

Sentyabrın 8-də yenidən dövlət qeydiyyatına alınan növbəti partiyaların siyahısı açıqlandı. Siyahıda Vəhdət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Yeni Zaman Partiyası, Azad Vətən Partiyası və Müasir Müsavat Partiyası var idi.

Millət vəkili Tahir Kərimlinin sədrlik etdiyi Vəhdət Partiyası (VP) 1994-cü ildə Cəbrayıl Əlizadə tərəfindən təsis olunub. 1998-ci ildən partiyaya Tahir Kərimli rəhbərlik edir. VP Milli Məclisdə bir deputatla - Tahir Kərimli - təmsil olunur. T.Kərimli ötən il mətbuata açıqlamasında partiyanın 17000 üzvü olduğunu bildirib. Partiyadan üzv sayı ilə bağlı yenidən açıqlama almaq mümkün olmayıb.

Əbülfəz Elçibəyin vəfatından sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) yaranan fikir ayrılıqları sonradan partiyanın parçalanmasına gətirib çıxarır. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) da AXCP-dən ayrılan Mirmahmud Mirəlioğlu tərəfindən qurulub, hazırkı sədr də odur. 2006-cı ildə qurulan partiya 2007-ci ildə dövlət qeydiyyatına alınıb. 2023-cü ildə yenidən dövlət qeydiyyatına alınan partiyanın üzv sayı barədə açıqlama almaq mümkün olmayıb.

2007-ci ildə qurulduğunu elan edən Yeni Zaman Partiyası (YZP) 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın qurucusu və sədri Musa Ağayevdir. YZP-dən verilən məlumata görə, 20 faizi qadın, 75 faizi kişi olmaqla partiyanın 6000 üzvü var.

Azad Vətən Partiyası (AzVP) 1993-cü ildə Qarabağ Azadlıq Hərəkatı (QAH) adı ilə yaradılmış, 2000-ci ildən Qarabağ Azadlıq Təşkilatı (QAT) adı ilə fəaliyyət göstərmiş təşkilatın 2022-ci il tarixli qurultayında siyasi partiyaya çevrilməsi ilə yaranıb, elə həmin ildə də partiya dövlət qeydiyyatına alınıb. AzVP-nin sədri Akif Nağıdır. Partiyadan verilən məlumatda bildirilir ki, 5085 üzvü olan partiyanın təxminən 30 faizi qadınlardan, 70 faizi isə kişilərdən təşkil olunub.

Müasir Müsavat Partiyası (MMP) 2001-ci ildə yaradılıb, 2002-ci ildə dövlət qeydiyyatına alınıb. O vaxtdan partiyanın sədri Hafiz Hacıyevdir. MMP 2023-cü ildə yenidən dövlət qeydiyyatına alındı. Verilən məlumata görə, partiyanın təxminən 7000 üzvü var və onlardan 30 faizi qadın, 70 faizi kişidir.

Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, REAL Partiyası, Gələcək Azərbaycan Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Ədalət Partiyası və Böyük Quruluş Partiyasının qeytiyyata alındığı 9 sentyabr tarixində açıqlandı.

Müsavat Partiyası (MP) 1911-ci ildə Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə, Tağı Nağıyev tərəfindən qurulub. Hazırkı sədri Arif Hacılıdır. Müsavat Azərbaycanın ana müxalifət partiyalarından hesab olunur. 1992-ci ildə Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilir və İsa Qəmbər partiyanın başqanı seçilir. İ.Qəmbər 2014-cü ilə qədər partiyanın başqanlığında qalıb. 2014-cü ildə keçirilmiş qurultayda A.Hacılı partiyanın yeni başqanı seçildi. MP bu il yenidən dövlət qeydiyyatına alınmaq üçün etdiyi ilk müraciətdə qeydə alınmasa da, sonradan yenidən qeydiyyata alındı. Partiyanın üzv sayına gəldikdə isə A.Hacılı Müsavatın on minlərlə üzvü olduğunu, onlardan təxminən 15 faizinin qadın, 85 faizinin kişi olduğunu dedi.

Bu vaxta qədər Milli Məclisdə YAP-dan sonra ən çox üzvlə təmsil olunan partiya 7 üzvlə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olub. Partiya Azərbaycan Xalq Cəbhəsinin varisi kimi 1995-ci ildə qurulub, elə həmin il də qeydə alınıb. Partiyanın qurucusu eks prezident Əbülfəz Elçibəy olub. O, 2000-ci ilə, ölümünə qədər partiyaya rəhbərlik edib. Ondan sonra partiyanın rəhbərliyinə Əli Kərimli keçib və bu gün də partiyanın rəhbəridir. AXCP bu il yenidən dövlət qeydiyyatına alınmaq üçün müraciət etsə də əvvəlcə qeydə alınmadı, sonradan partiyanın dövlət qeydiyyatına alındığı bildirildi. AXCP-nin 10000 üzvü olduğu deyilir, amma qeydiyyata alınmış üzv sayı 5003-dür.

Respublikaçı Alternativ Partiyası (REAL) 2018-ci ildə hərəkat kimi İlqar Məmmədov tərəfindən təsis olunub. 2020-ci ildə isə partiya olaraq dövlət qeydiyyatına alınıb. REAL-ın da Müsavat və AXCP kimi bu il yenidən dövlət qeydiyyatına alınmaq üçün etdiyi ilk müraciətin cavabı mənfi oldu. Lakin sonradan partiya qeydə alındı. REAL-ın Siyasi komitəsinin üzvü Erkin Qədirli Milli Məclisin VI çağırış deputatıdır. Partiyanın təsisçisi və sədri İlqar Məmmədov 1998-2003-cü illərdə AMİP-in sədr müavini olub.

Gələcək Azərbaycan Partiyası 2014-cü ildə keçirilən təsis qurultayı ilə yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. 2014-cü ildən etibarən partiyanın sədri Ağasif Şakiroğludur. A.Şakiroğlunun verdiyi məlumata görə, GAP-ın 15700 üzvü var. Bu üzvlərin 2280 nəfəri qadındır. Bundan əlavə idarə heyyətinin 13 üzvündən 4-ü qadındır. Rəsmi olaraq isə partiya 5788 üzvlə qeydiyyata alınıb.

1995-ci ildə Məmmədhənifə Musayev tərəfindən qurulan, elə həmin il də dövlət qeydiyyatına alınan mühafizəkar Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) da yenidən qeydə alınan və parlamentdə təmsil olunan partiyadır. Partiyanın hazırkı sədri M.Musayevin oğlu millət vəkili Elşən Musayevdir. O, 2004-cü ildən partiyaya rəhbərlik edir və partiyasını parlamentdə təmsil edir. ADMP bu il yenidən qeydiyyata alınsa da, partiyanın üzv sayı ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.

Ədalət Partiyası 1993-cü ildə yaradılıb, 1996-cı ildə Azərbaycan Demokrat Partiyasına birləşib. 2000-ci ildə ədalətçilər ADP-dən ayrılaraq partiyanın fəaliyyətini bərpa ediblər. 2002-ci ildə qeydiyyata alınan Ədalət Partiyasına İlyas İsmayılov sədrlik edir. Partiyadan üzv sayı ilə bağlı məlumat almaq mümkün olmasa da partiyanın sədr müavini Mütəllim Rəhimli modern.az-a deyib ki, partiya Ədliyyə Nazirliyinə 5472 nəfərin adını təqdim edib.

Böyük Quruluş Partiyası (BQP) 2003-cü ildə təsis edilib, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiyanın təsisçisi və sədri millət vəkili Fazil Mustafadır. 2008-ci ildə Məhəmməd Soltanoğlunun rəhbərlik etdiyi rəsmi dövlət qeydiyyatı olmayan Milli Etimad Partiyası Böyük Quruluş Partiyasına birləşib. BQP-dən verilən məlumata görə, partiyanın 7805 üzvü var və onlardan 986-cı qadın, 6819-u kişidir.

Sentyabr ayının 11-də isə daha iki partiyanın - Demokratik İslahatlar Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydə alındığı açıqlandı. Bununla da Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar yenidən dövlət qeydiyyatına alınmış oldu.

Demokratik İslahatlar Partiyası (DİP) da parlamentdə təmsil olunan partiyalardandır. Partiya sədri və təsisçisi Asim Mollazadə Milli Məclisin II, III, IV, V və VI çağırış deputatıdır. O, 1993-1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsi, 1995-2005-ci illərdə isə AXCP-nin xarici məsələlər üzrə sədr müavini vəzifəsini tutub. 2005-ci ildə A.Mollazadə AXCP-dən istefa verərək DİP-i qurdu və bu gün də partiyanın sədridir. DİP 2023-cü ildə yenidən dövlət qeydiyyatına alınıb. Partiyanın üzv sayı ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) 2004-cü ildə Qüdrət Həsənquliyev tərəfindən təsis olunub və həmin dövrdən partiyaya sədrliyi də Q.Həsənquliyev edir. Partiya 2005-ci ildə ilk dəfə dövlət qeydiyyatına alındı. BAXCP sədri Q.Həsənquliyev həm də Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı seçilib. Partiyanın üzv sayı barədə məlumat almaq mümkün olmayıb.

Azad Demokratlar Partiyası isə dövlət qeydiyyatına alınmaq üçün müraciət etməyib. Partiyanın sədri Sülhəddin Əkbər iyulun 10-da qaynarinfo.az-a verdiyi açıqlamada deyib ki, partiyanın 1500 üzvü olduğu üçün Ədliyyə Nazirliyinə sənəd təqdim edə bilməyiblər: “Qısa zamanda və mövcud şəraitdə 5 min həddinə çatmaq çətindir. Ona görə də Ədliyyə Nazirliyinə sənəd təqdim edə bilmədik”. Azad Demokratlar Partiyası 2014-cü ildə yaradılmış və 2020-ci ildə dövlət qeydiyyatına alınmışdı.

Bundan əvvəl Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanun 1992-ci il 3 iyunda İsa Qəmbər Ali Sovetin sədri olarkən qəbul edilmişdi. Həmin qanunda göstərilirdi ki, siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır.

Xəbərlər