İnfoqrafika 30 Oktyabr 2023, 18:32 | Baxış sayı: 149
"Milli Məclisdə 17 ildir müzakirəsi gözlənilən Rəqabət Məcəlləsi nə vəd edir?"

“Meclis.info” yeni araşdırmasını təqdim edir.

 

Sentyabr ayının 11-də Rəqabət Məcəlləsinin layihəsi Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərildi. 12 fəsil, 83 maddədən ibarət olan məcəllənin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər hüquqi aktların yeni, vahid hüquqi sənəddə birləşdirilmiş olacağı gözlənilir.

 

Layihəyə ilk olaraq Milli Məclisin oktyabr ayının 2-də keçirilən plenar iclasında baxılıb. Milli Məclisin Payız sessiyası çərçivəsində keçirilən ilk iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

 

Oktyabrın 20-də Milli Məclisin növbəti plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib və layihə ikinci oxunuşda qəbul edilib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov yerli mediaya (vergiler.az) müsahibəsində bildirib ki, sözügedən layihə Türkiyə, ABŞ, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiyanın qabaqcıl təcrübələri, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib.

 

Ekspertlər Rəqabət Məcəlləsinin qəbuluna müsbət yanaşsalar da, onun ölkədə azad iqtisadi mühit yaradacağı ilə bağlı, əsasən, müsbət fikirdə deyillər. İqtisadçı Natiq Cəfərli “Azadlıq Radiosu”na açıqlamasında bildirib ki, Rəqabət Məcəlləsinin qəbulu müsbətdir: “Amma baxır necə qəbul olunacaq. Bizdə hazırda antiinhisar qanunu var. Amma olmağına baxmayaraq, hələ də çalışmır”.

 

İqtisadçı-ekspert Rəşad Həsənov musavat.com-a açıqlamasında bildirib ki, Rəqabət Məcəlləsinin qəbulu ilə Azərbaycan iqtisadiyyatında azad rəqabətli mühit dərhal bərqərar olacağını düşünmür: “Daha doğrusu, sağlam rəqabətin formalaşması yalnız bu sənəddən asılıdır. Çünki təcrübə göstərir ki, ən təkmil qanunlar belə Azərbaycanda reallığı dəyişməyə, sağlam münasibətləri təmin etməyə imkan vermir”.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə oktyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərkən bildirib ki, Rəqabət Məcəlləsi hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin edilməsinə xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da imkan yaradacaq.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də sənədin qəbuluna müsbət yanaşır. O, oktyabrın 20-də parlamentin plenar iclasında Rəqabət Məcəlləsinin layihəsini təqdim edərkən qeyd edib ki, sənədin qəbulu inhisara qarşı mübarizə, qiymətlərin optimallaşdırılması, bazarda haqlı rəqabətin təmin olunması baxımından əhəmiyyətlidir. Komitə sədri bildirib ki, layihədə bir sıra yeniliklərin əsası qoyulub. Qanun layihəsində rəqabət sahəsində bazar subyektlərinin vəzifələri və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət, rəqabət qanunvericiliyinə əməl edilməsinə görə dövlət nəzarəti tədbirləri, rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər məsələlər öz əksini tapıb.

 

2019-cu ildə yayımlanan Ümumdünya İdarəetmə İnkişafı İnstitutunun Qlobal Rəqabətlilik İndeksinə görə, Azərbaycan 62,7 balla 141 ölkə arasında 58-ci yeri tutur. Bu vaxta qədər Azərbaycanın ən aşağı göstəricisi 2008-ci ildə olub (4,06). 2023-cü il raportuna görə, Qlobal Rəqabətlilik İndeksində ilk 3 yeri 3 Avropa ölkəsi - Danimarka, İrlandiya və İsveçrə tutur.

 

Ümumdünya İdarəetmə İnkişafı İnstitutunun yaydığı məlumatda ilk üçlükdə yer alan ölkələrin iqtisadiyyatları təhlil edilib. Məlumatda bildirilir ki, ilk dördlükdə yer alan ölkələr (Sinqapur da daxil olmaqla) ticarət ortaqları ilə əlaqələrini yaxşı saxlayan kiçik iqtisadiyyatlardır.

 

Son iki ildir birinciliyi əlində saxlayan Danimarka Rəqabətlilik Qanununu 1997-ci ildə qəbul edib və Avropa İttifaqı modelindən yararlanıb. Ölkə bu il qanuna yenidən baxıb. Danimarka 1973-cü ildə Avropa İqtisadi Birliyinə girməzdən əvvəl də rəqabət hüququ qaydaları var idi. 1993-cü ildə Danimarka parlamenti “Rəqabət haqqında” Qanunu Aİ qaydalarına uyğunlaşdırmağa qərar verdi və bu, 1997-ci ildə Danimarka Rəqabətlilik Qanununun qüvvəyə minməsi ilə nəticələndi. İlk olaraq rəqabətə zidd razılaşmaların qadağan edilməsi və hakimiyyətin sui-istifadəsinə qarşı qaydalar qəbul edildi və bu qaydalar sonradan Rəqabət Qanununa da təsbit olundu.

 

Sözügedən indeksdə ilk sıralarda yer alan bütün ölkələrin ortaq xüsusiyyəti azad ticarət və ədalətli rəqabət prinsipidir.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü A.Hüseynov yuxarıda sözügedən müsahibəsində məcəllənin detalları haqqında danışarkən bu məsələyə də toxunub. O bildirib ki, sənəddə, ilk növbədə, biznes maraqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli detallar təsbit olunub: “Buraya ədalətli rəqabət mühitinin təmin edilməsi, inhisarçılığa qarşı təsirli mübarizə mexanizmlərinin tətbiqi, haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı hədəflər daxildir. Məcəllənin 15-ci maddəsinə əsasən, bir təsərrüfat subyektinin 50 faiz və daha çox bazar payı ola bilməz, əks halda, o, hökmran mövqe, yəni inhisarçı hesab edilir. Eləcə də 2 və 3 təsərrüfat subyektinin birləşərək 50 faiz bazar payına sahib olmasına da icazə verilmir, çünki bu da inhisarçılıqdır”.

 

Məcəllənin Milli Məclisə yerləşdirilən layihəsində də qeyd olunub ki, məcəllə Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.

 

Onu da əlavə edək ki, Azərbaycanda ilk dəfədir Milli Məclisə göndərilən layihə komitə iclasından keçməmiş sayta yerləşdirilir.

 

Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb. Ekspertlər bunu Rəqabət Məcəlləsi monopolistlərə və məmur biznesinə müəyyən problemlər yaradacağından uzun illərdir qəbul edilmirdi. N.Cəfərli “Azadlıq Radiosun”a açıqlamasına əlavə olaraq bunu da qeyd edib: “Rəqabət Məcəlləsi istənilən halda hüquqi baza yaradır ki, kiçik və orta sahibkarlar çoxlu sayda məhkəmə iddiaları qaldıra, dövlət orqanlarına müraciət göndərə bilərlər. Nəticə etibarilə hökumət buna reaksiya verməyə məcbur olacaq. O reaksiya da məmur biznesinin mənafeyini güdən olacaqsa, bu, kiçik və orta biznes çevrələrində ciddi narazılıqlar yarada bilər. Məhz buna görə də bu məcəllə qəbul olunmurdu”.

 

Sonda qeyd edək ki, Rəqabət Məcəlləsi qəbul olunacağı təqdirdə ölkə iqtisadiyyatına və sahibkarla nə kimi təsir göstərəcəyi ilə bağlı fikirlər haçalansa da, ümumi bir baxış da var. O da bundan ibarətdir ki, hökumət iradəsini ortaya qoyacağı təqdirdə məcəllə işlək olacaq və öz növbəsində kiçik və orta sahibkarlara bizneslərini genişləndirmək üçün müəyyən imkanlar yaradacaq.

Xəbərlər