Siyasət 3 May 2023, 13:11 | Baxış sayı: 190
“Laçınlılar təhlükəsiz şəraitdə yaşayacaqlar”

Ötən həftə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılması və bunun Laçından olan məcburi köçkünlərin geriyə dönmələrindən əvvələ təsadüf etməsi çox mühüm hadisə hesab olunur.

 

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev günlər öncə Azərbaycan Televiziyasına verdiyi müsahibədə məcburi köçkünlərimizin reallaşacaq Laçın köçündən danışıb.

 

Ölkə başçısı qeyd edib ki, bu istiqamətdə işlər nəzərdə tutulduğundan tez yekunlaşıb: “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük. Əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda 140-dan çox mənzil hazır olacaqdır. Yəni beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik”.

 

Qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlərin getdiyini vurğulayan Azərbaycan Prezidenti deyib ki, o kəndlərə keçmiş köçkünlər ilin sonuna qədər qaytarılacaq.

 

Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin quraşdırılması laçınlıların rayona təhlükəsiz qayıdışında hansı rol oynayacaq?

 

Bu sualla Laçın rayonunun deputatı Mahir Abbaszadəyə müraciət etdik. O, öncəliklə vacib məsələlərdən söz açdı: “Azərbaycan dövlətinin torpaqlarını işğaldan azad etdikdən sonra qarşısında duran əsas vəzifə təkcə bu əraziləri bərpa etmək, qurmaq, yaratmaq, iqtisadiyyatı bərpa etmək deyil. Həm də ərazilərinin təhlükəsizliyini təmin etməklə bağlı vətəndaşlar qarşısında götürdüyü öhdəliyi var. Təhlükəsizliklə əlaqədar isə götürülən bu öhdəliyin içərisində sərhədlərimizdə davamlı sülhün və təhlükəsizliyin təmin olunması cəhətdən Laçın rayonu ərazisindən keçən yolda Azərbaycan Respublikası tərəfindən mühafizə postunun, sərhəd mühafizə xəttinin qurulması və burada Azərbaycan Silahlı Qüvvələrinin xidmət etməsi bütövlükdə Qarabağın təhlükəsizlik nöqteyi-nəzərindən çox vacib məqamdır. Çünki bu yoldan ermənilər humanitar məqsədlər üçün deyil, hərbi məqsədlər üçün istifadə edirdi. Eyni zamanda Azərbaycana qarşı iqtisadi sahədə cinayətkarlıq əməllərinə yol verərək, təbii sərvətlərimizin daşınmasını həyata keçirirdilər. Amma artıq Azərbaycan tərəfi burada postunu qurub. Burada Silahlı Qüvvələrimiz xidmət həyata keçirir”.

 

Deputat Qarabağda öz ata-baba yurdlarına köçürüləcək insanların təhlükəsiz şəraitdə o yerlərdə yenidən məskunlaşacaqlarını qeyd etdi: “Sizin də qeyd etdiyiniz kimi, bu postun qurulması eyni zamanda yaxın vaxtlarda laçınlıların öz ata-baba yurdlarına köçürülməsi tarixi ilə sanki üst-üstə düşür. Belə olan təqdirdə təbii ki, ilk növbədə, rayona, birinci mərhələdə Laçının şəhər mərkəzinə, Zabux və Susa köçürüləcək ailələrin təhlükəsizliyinin qorunması çox ciddi bir məsələdir. Baxmayaraq ki, dövlət burada insanların yaşaması üçün müasir evlərin tikintisini həyata keçirir, dövlət strukturları qurur, sosial obyektlərin tikintisini həyata keçirir, yeni iş yerləri yaradır, həmin ərazilər üçün ciddi gömrük, vergi, sosial müdafiə və digər güzəştlər nəzərdə tutur. Amma dediyim kimi, burada əsas olan köçürülən insanların təhlükəsizliyi məsələsidir. Laçın rayonu ərazisindən keçən o yoldan hərbi məqsədlər üçün istifadə etmək Zəngəzur və Qarabağ iqtisadi rayonunda sülhə və təhlükəsizliyə təhdid yaradır, bölgədə hərbi riski artırırdı. Belə olan təqdirdə isə insanlarımızın orada yaşamaları sual altına düşürdü. Amma postun qurulması bütün bunların qarşısını aldı. İnanıram ki, bundan sonra bölgəyə köçürülən insanlar, xüsusən Laçın rayonundan olan insanlar təhlükəsiz şəraitdə öz ata-baba yurdlarında daimi yaşayacaqlar”./Musavat.com

Xəbərlər