Cəmiyyət 10 Yanvar 2023, 13:00 | Baxış sayı: 134
"Kişi gedib küçə süpürmək istəmir, özünə sığışdırmır. Ona görə qarı məcbur qadınlar təmizləyir"

Qarlı, şaxtalı havada paytaxt ərazisində göz oxşayan mənzərə, ürək açan fotolarla yanaşı, hər kəsi məyus edən görüntülər də az olmadı. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də şəhərimizin iflic yollarının qardan təmizlənməsi üçün ağır texnika əvəzinə, daha çox əli “lapatka”lı, “xüsusi təyinatlı” “JEK” işçilərindən istifadə edildiyini gördük. Təhlükəli yolların kənarında qalaqlanmış qarı təmizləyənlər arasında yaşlı qadınların da olması ciddi qınaq obyektinə çevrilib. Qadınların belə qarlı havada küçə təmizləmələri müzakirələrə səbəb olub. Fotolar paylaşılır, müvafiq qurumlar tənqid edilir.

 

Bu barədə Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, dünyada əl əməyindən də istifadə olunur.

 

Deputat qeyd edib ki, buna baxmayaraq, əsas texnikaya üstünlük verilir: “Qarlı havada, bəlkə, texnika çatmayıb? Nə bilim nə olub? Hər halda qarlı havalarda texnikadan istifadə edirlər. Təkcə qarda yox, elə adi havalarda da. Sovet hökuməti vaxtı küçədəki zibili zibilyığan maşınlar daşıyırdı, hələ yayda yola su da çiləyirdi. Sonra da yuyurdular. İndi niyə yoxdur? Nə bilim, vallah, icra hakimiyyətindən soruşmaq lazımdır ki, niyə belədir?”

 

A.Abbas paytaxt yollarındakı qarın təmizlənməsində yaşlı qadınların əməyindən istifadə olunmasına da münasibət bildirib: “Kişi indi gedib küçə süpürmək istəmir, özünə sığışdırmır. Qadının da ailəsi var, məcbur olur ki, ailəsini saxlamaq üçün müəyyən maaşa gedib o işi görsün. Kişini zorla tutub əlinə  süpürgə verməyəcəklər ki. Naxçıvan deyil ki, zorla camaata, müəllimlərə küçə süpürtdürələr. Bəs nə etsinlər? Qadın da məcbur təmizləyir. Ailəsi, uşağı var... Oğurluq, quldurluq etmir, məcbur olub gedib bu işlərlə məşğul olurlar. Allah köməkləri olsun…”

Xəbərlər