İqtisadiyyat 26 İyun 2023, 13:56 | Baxış sayı: 115
“Kimsə əmlakını, avtomobilini sataraq xaricə köçmək istəyirsə, vəsaiti bu qaydalar əsasında ölkədən nağd çıxara bilər...”

“Xarici valyutanın Azərbaycan Respublikası ərazisinə gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydaları müvafiq qanun və təlimatlar əsasında tənzimlənir. Mərkəzi Bank tərəfindən təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”na əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycana gətirə bilərlər. Belə ki, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər. Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 ABŞ dolları ekvivalenti məbləğindən 50000 ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycandan nağd şəkildə çıxara bilərlər”.

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

 

Deputat deyib ki, yuxarıda qeyd olunan hallar istisna olmaqla, bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər: “Əgər kimsə Azərbaycandakı əmlakını, avtomobilini və s. dəyərli əşyalarını sataraq xaricə köçmək istəyirsə, həmin vəsaitin yuxarıda qeyd etdiyimiz qaydalar əsasında nağd çıxara bilaər. Vəsaitin qalan hissəsi isə qeyri-nağd vasitələrlə, pul köçürməsi yolu ilə aparıla bilər. Yəni vətəndaş istədiyi həcmdə vəsaiti bəyan etməklə, bank köçürməsi və ya poçt xidməti ilə aparmaq hüququna malikdir. Məsələn, onun satdığı əmlakın dəyəri 100 min dollardır, həmin pulu ABŞ və ya Avropa ölkəsinə aparmaq istəyirsə, ən rahat və etibarlı vasitə həmin valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürməkdir”.

Xəbərlər