Cəmiyyət 27 İyul 2022, 12:29 | Baxış sayı: 247
"İşğaldan azad olunmuş bölgələr məscid deyil ki, orada içki içilməsinə pis baxılsın".

“Qarabağ torpaqları Azərbaycan xalqının bayram etməsi, sakinlərimizin doğma yurduna qovuşması üçün azad edilib”.

Bu fikirləri Modern.az-a Millli Məclisin ağdamlı deputatı Aqil Abbas işğaldan azad olunmuş ərazilərdə şənliklərin, içki məclislərinin qurulmaması barədə fikirlərə münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, şəhid verdiyimiz Qarabağda toy mərasimlərinin keçirilməməsinə dair təkliflər doğru deyil:

“Camaat gedib qəbiristanlığı gəzsin, ancaq ağlasın? Minlərlə igid insanları torpağına qovuşdurmaq üçün öz canından keçib. Azad olunmuş bölgələrimizdə toy olmasın fikri çox mənasızdır. Çox üzr istəyərək söyləyirəm, işğaldan azad olunmuş bölgələr məscid deyil ki, orada içki içilməsinə pis baxılsın. Vətəndaş yurduna gedir, sevinib ata-baba ocağında yeyib-içir. O torpağa qovuşduğu üçün qurban kəsənlər də var”.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə işğaldan azad olunmuş bölgələrdə toy-bayram, içki məclislərinin qurulmaması barədə fikirlər səsləndirilir. Hesab edilir ki, qəhrəman vətən övladlarının qanı tökülən torpaqlarda spirtli içki içmək, əylənmək olmaz. Bəzi soydaşlarımız isə bu fikirlərlə razılaşmırlar. Bildirilir ki, 30 illik həsrətdən sonra azad olunan Qarabağda toy-büsat olmalı, insanlar Zəfərin sevincini doğma el-obalarında yaşamalıdırlar.

Xəbərlər