Siyasət 4 May 2023, 17:24 | Baxış sayı: 107
“İranın Azərbaycana qarşı düşmənçilik davranışları olmasaydı, Zəngəzur dəhlizi çoxdan açılmışdı”

"Cənab Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda mötəbər politoloqların, ekspertlərin suallarını cavablandırdı və regional, qlobal məsələlərə aydınlıq gətirdi. O cümlədən Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar və hazırki vəziyyət barədə tam açıq şəkildə ictimaiyyəti məlumatlandırdı. “Ərazi bütövlüyü məsələsində Azərbaycana qarşı açıq-aşkar böyük ədalətsizlik var” dedikdə, ölkə başçısı tam haqqlıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, son 30 il ərzində müxtəlif platformalarda, müxtəlif səviyyələrdə aparılan danışıqlarda, ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, millətlərin öz müqəddəratını həll etmə hüququ səslənib: 

"Bu iki prinsip qarşı-qarşıya qoyulurdu. Ancaq post-sovet məkanının digər analoji problemlərinə münasibətdə qəti mövqe sərgilənirdi. Moldovanın, Ukraynanın, Gürcüstanın ərazi bütövlüyü dəstəklənirdi. Bunun adı ikili standartdır və kifayət qədər pərdəarxası məqamlar vardır ki, beynəlxalq hüququn normalarının tətbiqində, ədalətin zəfər çalmasında maneə olaraq qalmaqdadır".

Millət vəkilinin sözlərinə görə, əsas məqam Qafqaz regionu uğrunda böyük güclər arasında gedən geosiyasi mübarizə, maraqların toqquşması, Ermənistanla sülh müqaviləsinin bağlanması, Fransa, Rusiya, İran kimi dövlətlərə sərf etmir.

"Bu ölkələrin hər birinin tarixən son 300 ildə formalaşmış Qafqaz siyasəti mövcuddur və əfsuslar olsun ki, dəyişmək fikirləri də yoxdur. Bir çox sahələrdə düşmənçilik etsələr də erməni məsələsində tam həmfikirdirlər. Söhbət təkcə Azərbaycanla, bütövlükdə Qafqazla bağlı məsələlərdən getmir. Daha geniş arealı - Mərkəzi Asiya regionunu, Yaxın Şərqi, Aralıq dənizini, Afrikanın şimal hissəsini əhatə edir. Hər üç ölkə, dünyanın müxtəlif coğrafiyalarında, qardaş Türkiyə ilə rəqabət aparır. Yüz ildən sonra Qafqaza qayıtmasından, Azərbaycanla yanaşı türk dünyasının inteqrasiyasından, Türk Dövlətləri Birliyinin günü-gündən geosiyasi faktora çevrilməsindən narahat olduqlarını gizlətmirlər. Eyni zamanda xristian təəssübkeşliyini də unutmaq olmaz. İstisna olaraq, özünü islam dövləti adlandıran, lakin islam dəyərlərinə qarşı tam əks siyasət aparan cənub qonşumuzun destruktiv fəaliyyəti müharibədən sonra özünü göstərdi".

İranın ölkəmizə qarşı siyasətinə diqqət çəkən deputat əlavə edib ki, molla rejiminin Azərbaycana qarşı düşmənçilik davranışları olmasaydı, Zəngəzur dəhlizi də çoxdan açılmışdı:

"Digər tərəfdən, sülhün əldə olunması əleyhinə çıxış edən erməni diasporu, daşnak-millətçi kəsim və lobbi təşkilatlarıdır. Ermənistanla sülh müqaviləsinin bağlanması, dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq, "erməni soyqırımı", "böyük Ermənistan" kimi saxta ideyaların məhvi deməkdir. Milyardlarla çirkli pulların dövriyyəsinin və ondan mənfəət götürən transmilli mafioz qrupların, ayrı-ayrı ölkələrin satqın siyasətçilərinin, parlamentarilərinin,  böyük bir şəbəkənin fəaliyyətinin sonu deməkdir. Təbii ki, onlar asanlıqla mövqelərindən, maddi gəlirlərindən asanlıqla əl çəkməyəcəklər. Bütün bu sadalanan faktorlar, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını istəmir. 

Xalqımız bunları görür və başa düşür ki, necə bir mürəkkəb geosiyasi şəraitdə, hətta ən böyük dünya güclərinin etirazları fonunda təkbaşına müharibə apardıq və qalib gəldik. İki yüz ildən bəri itirə-itirə gələn torpaqlarımız işğaldan azad olundu.Təbii ki, Azərbaycanın güclənməsini istəməyən qüvvələr həmişə olub, var, gələcəkdə də olacaqdır. Biz xalq olaraq, hər zaman buna hazır olmalıyıq. 

Xoşbəxtlik ondadır ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik mirasını qoruyub saxlamış və qlobal müasir çağırışları, streotipləri dağıdaraq güclü Azərbaycan dövlətini qurmuş Ali Baş Komandanımız, İlham Əliyev kimi liderimiz var. Zaman göstərdi ki, cənab Prezident hərbi sahədə olduğu kimi, diplomatik masada da, Azərbaycanın dövlət və milli maraqlarını ən yüksək səviyyədə müdafiə etməyi bacarır. Əminəm ki, Prezidentin apardığı siyasət, qarşıya çıxan maneələri aşacaq və növbəti qələbələrlə nəticələnəcəkdir".

Xəbərlər