“İran sübut etməlidir ki, Azərbaycanla normal münasibətlərin olmasına can atır, təcavüzkar Ermənistana dəstək vermir”
“Azərbaycanla İran arasında münasibətlərin normallaşması mümkündür. Azərbaycan bütün qonşuları ilə, o cümlədən İranla hər zaman əməkdaşlığa açıqdır. Lakin münasibətlərin normallaşması İranın davranışlarından asılıdır. Elə ola bilməz ki, qonşu dövlətə, onun ərazi bütövlüyünə qarşı hörmətsizlik göstərəsən, səfirliyinə hücum edəsən, əməkdaşını qətlə yetirəsən, digərlərini yaralayasan, bundan sonra hər hansı cəza tədbirləri görməyəsən, bütün mümkün vasitələrdən istifadə edərək cinayətkarı təmizə çıxarmaq istəyəsən. Bu halda əməkdaşlıqdan söhbət gedə bilməz. İndiki vəziyyətdə əməkdaşlıq daha çox İrana lazımdır. İran uzun illərdir ki, sanksiyadan əziyyət çəkir, təcrid olunmuş vəziyyətdədir. Bu baxımdan, təbii ki, İran Azərbaycanla münasibətlərin bərpasını arzulayır, lakin arzulamaq, fikirlər səsləndirmək azdır”.
Bu sözləri Pravda.az-a açqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, real həyatda İran öz əməli ilə sübut etməlidir ki, Azərbaycana qarşı yalnız dostluq, mehriban qonşuluq siyasəti aparır: “İranın səmimiyyətinə o qədər də inanmıram, çünki onların xarici siyasətində strateji xətt fars-molla rejiminin təbliğatıdır. Yəni digər müsəlman ölkələrinə qarşı o ölkələrin daxilində Hizbullah kimi terror təşkilatlarının yaradılmasından söhbət gedir. Bu baxımdan İranla münasibətləri bərpa etsək, təbii ki, həmin siyasət davam etdiriləcək. O siyasətin acı nəticələrini isə gördük. Hesab edirəm, İran sözdə yox, əməldə sübut etməlidir ki, Azərbaycanla doğrudan da qonşuluq münasibətlərinə, normal münasibətlərin olmasına can atır, təcavüzkar Ermənistana dəstək vermir. İran açıq şəkildə Zəngəzur dəhlizinin açılmasına ən çox maneə törədən ölkədir. Bu amillər aradan qaldırılmamış, təbii ki, İranın səmimiyyətinə inanmayacağam”.