"İqtisadi fəal əhalinin sayının 5 milyon nəfəri ötməsi birbaşa regional inkişaf proqramının icrasının məntiqi nəticəsidir"
Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Sürətli sosial-iqtisadi inkişafın təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Məhz elə bu səbəbdən Azərbaycanda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir. Özəl sektor ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində xüsusi rol oynayır. Ümumiyyətlə, Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də sahibkarlığın inkişafıdır. Həyata keçirilən uğurlu iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi kimi tədbirlər nəticəsində ölkədə sahibkarlıq fəaliyyəti daha da inkişaf edir. Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq strukturları həm də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və insanların sosial vəziyyətinin yaxşılaşdırılmasında da mühüm rola malikdir.
Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, hər bir ölkənin yüksək inkişafında onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir.
Deputat vurğulayıb ki, müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının müəllifi olan ulu öndər Heydər Əliyev tərəfindən liberal bazar iqtisadiyyatının təmin olunması və azad sahibkarlığın inkişafı ilə güclü əsaslar yaradılıb: “Ötən illər ərzində iqtisadiyyatın liberallaşdırılması, dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması baxımından çox mühüm addım atılıb, “Sahibkarlıq fəaliyyəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların və digər mühüm sənədlərin qəbul olunması azad biznesin inkişafı üçün geniş meydan açıb. Nəticədə Azərbaycanda sahibkarlar ordusu yarandı, 2003-cü ildə özəl sektorun payı ÜDM-də 74%-ə çatdı. Sahibkarlığın inkişafında yeni mərhələ 2003-cü ildən sonrakı dövrə təsadüf edir. Prezident İlham Əliyevin sahibkarlığın dəstəklənməsi üçün qəbul etdiyi mühüm qərarlar, sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi azad biznesin həyatında yeni səhifə açıb. Azərbaycanın dövlət başçısı həmişə sahibkarların qayğılarına diqqətlə yanaşıb, onların problemlərini həll edib və onların ən yaxın dostu olduğunu bəyan edib”.
A.Hüseynov deyib ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya, sertifikat, şəhadətnamə və digər sənədlərin sayının azaldılması, sənədlərin verilməsinin elektronlaşdırılması, vergi yoxlamalarının dayandırılması, bütün xidmətlərin ASAN Xidmət vasitəsilə həyata keçirilməsi biznesin fəaliyyətinə olan müdaxilələrə son qoyub: “Liberal iqtisadiyyatın və azad biznesin inkişafında cənab İlham Əliyevin müəllifi olduğu “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” mühüm əhəmiyyət kəsb edir. İndiyə qədər 4 Dövlət Proqramı qəbul olunub. 2004-cü ildən icrasına başlanılan ilk Dövlət Proqramı paytaxtla regionlar arasındakı kəskin fərqin aradan qalxmasına, rayonlarda zəruri infrastrukturların yaradılmasına, yeni istehsal və xidmət müəssisələrinin, iş yerlərinin yaradılması isə əhalinin məşğulluğunun təmin edilməsinə səbəb oldu. Bütövlükdə rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxardı. Sonrakı illərdə icra olunan yeni Dövlət Proqramları rayonların daxili ehtiyatlarının üzə çıxarılması və səfərbər olunması, nəticədə maliyyə imkanlarının yaxşılaşmasına səbəb olub. Rayonlardakı qeyri-neft resurslarının istehsalı və ixracı imkanlarının, aqropark və sənaye zonalarının yaradılması, bölgələrdəki sahibkarların maliyyə imkanlarından istifadə edilməsi regionların iqtisadi potensialının artmasına imkan verib”.
Aydın Hüseyonov bildirib ki, ümumilikdə, “Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları”nın icrası son 18 il ərzində ümumi daxili məhsulun 3,4, sənaye istehsalının 3 dəfə, kənd təsərrüfatının 2,2 dəfə, ixracın 7 dəfə artmasına səbəb olub: “Ölkəmizdə 2,2 milyondan artıq yeni iş yeri yaradılıb. İqtisadi fəal əhalinin sayının 5 milyon nəfəri ötməsi, yoxsulluğun səviyyəsinin 5%-dən aşağı düşməsi, on minlərlə yeni müəssisənin yaradılması birbaşa regional inkişaf proqramının icrasının məntiqi nəticəsidir”.
Mənbə:pravda.az