İqtisadiyyat 18 May 2023, 17:10 | Baxış sayı: 115
"“Günay Bank”ın lisenziyasının ləğv edilməsi ilə bank rəhbərliyinin çıxışlarının heç cür əlaqəsi ola bilməz"

“Bankların lisenziyasının ləğv edilməsi prosedurları var. Banklar əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilmirlərsə, onların lisenziyalarının alınması, fəaliyyətlərinin dayandırılması, düşünürəm, çox düzgün yanaşmadır. Çünki getdikcə əmanətçilər qarşısında bütövlükdə öhdəliklərini yerinə yetirməyən bankların fəaliyyətlərini davam etdirmələri  prosesi daha da dərinləşir. Bu, bankda təkcə əmanətləri olan vətəndaşlar, yaxud həmin bank vasitəsilə əməliyyat aparan sahibkarlardan başqa həm də iqtisadiyyatın digər sahələrinə mənfi təsirlərini göstərir. Bu mənada “Günay Bank”ın lisenziyanın vaxtında geri alınması, fəaliyyətinin dayandırılması çox düzgün addımdır və Mərkəzi Bank bu addımı atdı”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

 

Deputat “Günay Bank”ın bağlanmasına əsas səbəb bankın sahibi Mahmud Məmmədovun bir neçə gün öncə müsahibəsində siyasi səhvlərə yol verməsi olduğu iddiasına isə belə cavab verib: “Bu, tamamilə arqumentsiz bir fikirdir. Bank rəhbərliyi, yaxud orada çalışan hər bir kəs öz banklarında gedən prosesləri bilir və Mərkəzi Bank lisenziyanın alınması ilə bağlı onlar qarşısında faktlar, arqumentlər ortaya qoyur. İqtisadi göstəricilər var və bu iqtisadi göstəricilər hər kəs üçün bir faktdır. Buna görə də kiminsə siyasi çıxışlarına, siyasi fikirlərinə görə belə bir addım atılması, düşünürəm, əsaslandırılmış fikir deyil. Ümumiyyətlə, bəzən cəmiyyətdə belə hallarla rastlaşırıq. Kimsə hər hansı qanunu pozur, sonra da məsuliyyətə cəlb olunarkən deyir ki, “siyasi fəaliyyətimlə bağlı məsuliyyətə cəlb olunuram”. Kiməsə qarşı qanuni addımlar atılırsa, bunu siyasi fəaliyyətlə bağlamaq düzgün yanaşma deyil. Çünki qanunun tələblərinə uyğun hər hansı addım atılıbsa, deməli, bunun üçün konkret faktlar var. Bu baxımdan, “Günay Bank”ın lisenziyasının alınması ilə bank rəhbərliyinin, yaxud orada təmsil olunan hansısa rəhbər şəxsin çıxışlarının heç cür əlaqəsi ola bilməz”

Xəbərlər