Siyasət 3 May 2023, 13:13 | Baxış sayı: 88
"Formula 1-in daha 3 il artırılması Azərbaycanın nailiyyətlər əldə etməsi üçün əhəmiyyətlidir"

"Bakıda 2016-cı ilin iyunundan bu yana keçirilən Formula 1 yarışları Azərbaycanın ictimai-mədəni, iqtisadi həyatında mühüm rol oynayır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. 

Deputat bildirib ki, beynəlxalq miqyaslı bu yarış Azərbaycanın ictimai, humanitar, mədəni həyatı haqqında dünya ölkələrində geniş təəssüratların yaradılması, ölkəmizin zəngin mədəni irsi, xalqımızın əvəzolunmaz nadir xüsusiyyətləri, Bakı şəhərinin füsunkar gözəlliyi, turizm potensialı baxımından olduqca əhəmiyyət kəsb edir:

"Son illərdə Azərbaycana gələn turistlərin sayında xüsusi dinamikanın artmasında, Bakının beynəlxalq turizm mərkələrindən birinə çevrilməsində və dünyanın ən mötəbər tədbir və forumlarının keçirilməsində Bakının ən təhlükəsiz və etibarlı şəhər kimi seçilməsində də Formula 1 yarışlarının xüsusi rolu vardır. Azərbaycan hazırda dünyada ən tolerant, multikultural və sivilizasiyaların mərkəzi hesab edilir. Ona görə də, bu yarışların daha 3 il müddətində Azərbaycanda keçirilməsi bir çox müsbət nailiyyətlərin əldə edilməsi üçün əhəmiyyətlidir".
 
Deputat qeyd edib ki, Formula 1 yarışları Azərbaycanın iqtisadiyyatında da yeni imkanların yaranmasında töhfəverici rol oynayır:

"Azərbaycana gələn xarici turistlərin iqtisadiyyatın turizm, xidmət, ictimai iaşə və s. sahələrinə faydaları sayəsində həmin bölmələrdə aktivlik və dinamika yaranır. 

Eyni zamanda, Formula 1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirlər də artır. Bura iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir. 

Eləcə də, Formula 1 Qran-Pri yarışlarının təşkilatçılığında birbaşa yer alan təchizatçı şirkətləri öz məhsul və xidmətləri ilə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlirlər daxildir".

A.Hüseynov deyib ki, Formula 1 yarışları perspektiv turizmə də əlavə dividentlər verir:

"Belə ki, turistlər təkcə Formula 1 yarışları zamanı deyil, digər vaxtlarda da Azərbaycana səfər etməyi üstün hesab edirlər. Nəticədə bu amillər ölkə iqtisadiyyatına öz müsbət təsirlərini göstərir. 

Həmçinin, bu yarışlar paytaxtın və ölkənin iqtisadi, sosial və mədəni sahələrində katalizator rolunda çıxış edərək sözügedən sahələri daha irəliyə aparmaqda və bu şəhərdə yaşayan və işləyən hər bir kəsə daha böyük faydalar və fürsətlər gətirməkdədir".

Xəbərlər