"FETÖ-dən danışdığıma görə məni 3-4 gün söydülər"
Azərbaycanda FETÖ-çülər həmişə fəaliyyətdə olub.
Bunu açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib. Onun sözlərinə görə, FETÖ terror təşkilatının kökünü kəsmək çətin məsələdir.
“FETÖ-nü yığışdırmaq çox çətin prosesdir. Onlar hər yerə sirayət ediblər. Təhsil, mətbuat, onların əlindədir. FETÖ-çülər həmişə olub. İndi yenidən üzə çıxırlar. Həmin adamlar azərbaycanlıdır. Hərəsi bir təhsil mərkəzinin rəhbəri idi”,- deputat deyib.
Azərbaycanda FETÖ üzvlərinə qarşı son əməliyyatdan söz açan deputat sərt mövqe tutduğuna görə təhqirə məruz qaldığını söyləyib:
“Mən FETÖ-dən danışanda FETÖ-çülər sosial şəbəkələrdə məni təhqir etməyə başlayırlar. Mən parlamentdə danışdıqdan sonra 3-4 gün sosial şəbəkələrdə məni söydülər. Mən həmişə FETÖ ilə bağlı sərt mövqe sərgiləmişəm. Fikrimdə də dayanıram. Ancaq bu, o demək deyil ki, biz mübarizə aparmayaq. Xüsusi xidmət orqanları, Daxili İşlər Nazirliyi araşdırma aparır. Kim həqiqətən, FETÖ-nün üzvüdürsə, öyrənəcəklər. Türkiyə ilə Azərbaycan bu məsələdə koordinasiyalı işləyir. Çünki əsas Türkiyə bilir ki, kim "hansı yuvanın quşudur". Mübarizə davamlı olacaq”.
Qeyd edək ki, ötən gün Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilməsi haqda xəbərlər yayılıb. Məlumata görə, FETÖ-nün Azərbaycandakı üzvləri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri həyata keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, əməliyyat Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında baş tutub. Nazirlik əməliyyat zamanı 5 nəfərin saxlanıldığını bəyan edib, lakin onların adları açıqlanmayıb.
Rəsmi məlumatda bildirilib ki, saxlanılan şəxslərdən biri siyasətçi, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb. Bu səbəbən Q.İbadoğlu saxlanılıb.
modern.az