Siyasət 5 Aprel 2023, 14:47 | Baxış sayı: 165
“Fazil Mustafaya qarşı törədilən hadisənin hökumətlə əlaqələndirilməsi mənəviyyatsızlıqdır”

“Müxalifətin İranla bağlı davranışı qətiyyən anlaşılan deyil. Ümumiyyətlə, Fazil Mustafaya qarşı törədilən hadisənin terror aktı olmadığının deyilməsi, bunun hökumətlə əlaqələndirilməsi ən azından çox böyük mənəviyyatsızlıqdır. Bunu qəti şəkildə qınayıram. Bütün bu olaylardan sonra İranı, onun ölkəmizə qarşı apardığı açıq düşmənçilik siyasətini dəstəkləməsi müxalifətin əsl simasının göstəricisidir. Bunu qətiyyən qəbul edə bilmərəm. Hesab edirəm, bu, müxalifətçilik deyil, əksinə, öz dövlətinə, millətinə, xalqına qarşı düşmənçilikdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, müxalifət lazımdır, hər bir demokratik cəmiyyətdə müxalifətin olması normaldır: “Ancaq müxalifət siyasi hakimiyyətə qarşı nifrətini bu cür biruzə verməli, onu öz millətinin, dövlətinin, xalqının əleyhinə yönəltməli deyil. Bunun adı “müxalifətçilik” yox, daha çox “düşmənçilik”dir. Azərbaycanda cəmiyyətdə tutduğu statusundan asılı olmayaraq uşaqdan-böyüyə qədər hər bir insan 30 il ərzində İranın Azərbaycana yönəlik davranışlarını, Azərbaycana qarşı apardığı siyasəti öz gözləri ilə görüb, şahid olub. 44 günlük Vətən müharibəsindən sonra bu ölkənin açıq müstəvidə düşmənçilik siyasəti aparması, işğalçı Ermənistana verdiyi hərtərəfli dəstək heç kim üçün sirr deyil. Belə bir halda İranı bu məsuliyyətdən azad etmək, onu dəstəkləmək Vətənə xəyanət kimi bir şeydir, başqa adı yoxdur. Müxalifətin yanaşmasından belə çıxır ki, Tehrandakı Azərbaycan səfirliyinə hücumu da, vətəndaşımızın həmin hadisədə həlak olmasını hökumət təşkil edib? İran qoşunlarını Azərbaycan sərhədinə gətirib, Azərbaycana hədə-qorxu gəlir. Bu yanaşma sadəcə müəyyən bir qrupun – xarici xidmət orqanlarına xidmət edən qrupun əməlləridir. “Müxalifət” adı altında onların tapşırıqlarını icra edirlər”.

Xəbərlər