"Ermənistanla Azərbaycanın vasitəçilər olmadan üz-üzə danışıqlar aparması sülhün əldə olunmasına səbəb ola bilər"
“Fransanın “Mistral” raketlərini və zirehli texnikalarını Ermənistana verməsi, iki ölkə arasında əldə olunmuş razılaşmalara əsasən həyata keçirilir. Təbii ki, silahların verilməsi sülhə xidmət etmir. Əksinə, bölgədə gərginlik ocağının saxlanmasına, yenidən alovlanmasına səbəb olur. Fransa ATƏT-in Minsk qrupunun həmsədr dövləti olaraq, 30 il ərzində münaqişənin həlli istiqamətində heç bir təşəbbüs göstərmədi. 44 günlük müharibədə və ondan sonra isə vasitəçi olduğunu unudaraq ermənipərəst qərəzli mövqe sərgilədi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat hesab edir ki, Fransanın sülh prosesini pozmağa çalışmasının müəyyən səbəbləri var:
“Birincisi, bu tarixi keçmişlə bağlıdır. Konkret desək, Fransa əzəli rəqibi Türkiyəyə qarşı istifadə etdiyi təzyiq vasitələrindən biri “erməni məsələsindən” məhrum olmaq istəmir. Bəllidir ki, bu ölkə Türkiyə ilə Şərqi Aralıq dənizində, Şimali Afrikada, Yaxın Şərqdə, Qafqazda geosiyasi təsirlər uğrunda rəqabət aparır. Ötən əsrin əvvəllərində Fransa Anadoluda yaşayan ermənilərin Osmanlı dövlətinə, türk millətinə qarşı çoxsaylı cinayətlər törətməsində dəstək vermişdir. Sonra isə yüz minlərlə daşnak-erməni millətçilərinin Fransada məskunlaşması üçün şərait yaradılıb. Bugünkü Fransa cəmiyyətində “türkəfobiya” elementlərinin dominantlığı da, təsadüfi hal deyil. Həmin zümrənin 100 ildən artıq müddətdə apardığı təbliğatın nəticəsidir”.
Millət vəkili qeyd edib ki, digər səbəb isı Emmanuel Makronun şəxsiyyəti ilə bağlıdır:
“Bu insan prezidentlik kürsüsünə oturduğu andan həm xarici, həm də daxili siyasətdə, çoxsaylı səhvlər buraxdı. Məntiqsiz, dövlət başçısına yaraşmayan yüngül, qəribə davranışları ilə yadda qaldı. Bastiliyanın alınması günü fəxri qarovulun zabitinin əl vermədiyi, bir neçə dəfə küçələrdə döyülən, yumurta atəşinə tutulan ilk dövlət başçısı olaraq tarixə düşdü. Məhz, onun apardığı siyasətin nəticəsidir ki, Fransa kimi dövlətin nüfuzu kəskin şəkildə aşağı düşdü. Ona qarşı inamsızlıq yarandı. Makronun iddialarının, şəxsi potensialı ilə uzlaşmadığı üçün Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesindən kənarlaşdırıldı”.
Deputat bildirib ki, Ermənistanla Azərbaycanın vasitəçilər olmadan üz-üzə danışıqlar aparması sülhün əldə olunmasına səbəb ola bilər:
“İstənilən vasitəçinin regionda öz maraqları var və ilk növbədə həmin maraqların təmin olunmasına çalışır. Ermənilərin bu həqiqəti dərk etməsinin zamanıdır”.