Siyasət 9 Mart 2023, 14:38 | Baxış sayı: 179
"Ermənistan vurduğu zərərə görə Azərbaycana kompensasiya ödəməlidir"

"Prezident İlham Əliyevin Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında səsləndirdiyi fikirlər işğaldan azad olunmuş torpaqlardakı vəziyyəti dolğun şəkildə əks etdirir. Reallıq ondan ibarətdir ki, işğal zamanı Ermənistan Azərbaycan ərazisində urbisid, kultursid və ekosid həyata keçiriblər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Deputat qeyd edib ki, urbisidi görmək üçün nə vaxtsa yüz minlərlə insanın yaşadığı və yerlə yeksan olunmuş Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə, Şuşaya baxmaq kifayətdir:

"Azərbaycanlılara məxsus tarixi abidələrin, muzeylərin, teatrların, məktəblərin, məscidlərin, qəbiristanlıqların dağıdılması və məscidlərdə donuzların otarılması kultursid əlamətləridir.   Ekosidlə isə ermənilər daha əvvəl, yəni 1988-ci ildən məşhur Topxana meşəsinin kütləvi şəkildə qırılması ilə başlamışlar. Sonralar Qarabağın müxtəlif bölgələrində çinar və digər qiymətli meşələrində ekoloji terror həyata keçirildi. Kəlbəcərin, Zəngilanın qızıl yataqları talan edildi. Araz çayı və Oxçuçay kimyəvi sənaye tullantıları ilə çirkləndirilməkdə davam edir. Dekabr ayının 12-ə qədər, Qarabağın qızıl, mis, molibden yataqlarından xammal Ermənistana daşınırdı. Ekoloji fəalların keçirdikləri dinc aksiya nəticəsində qarşısı alındı.

Eyni zamanda ermənilər Xocalıda, Qaradağlıda və bir sıra yaşayış məntəqələrində soyqırım cinayətləri törətdilər. 44 günlük Vətən müharibəsi vaxtı gecələr Gəncə, Tərtər, Naftalan, Goranboy, Mingəçevir şəhərləri atəşə tutuldu və dinc insanlar həlak oldu. Nə işğal dövründə, nə də ki, müharibənin gedişində Azərbaycan Ordusu tərəfindən mülki erməni vətəndaşlarına qarşı cinayət törədilmədi, şəhərlərə atəş açılmadı. Bütün bunlar həqiqətdir! Azərbaycan xalqına qisas üçün hüquqi və mənəvi əsaslar yaradır. Ermənistan cavab verməli və vurduğu zərərə görə kompensasiya ödəməlidir".

Deputar qeyd edib ki, Prezident İlham Əliyev humanizm prinsiplərindən çıxış edərək, növbəti dəfə ermənilərə sülh təklif edir:

"Düşmənçiliyə, nifrətə son qoymağa, əməkdaşlığa çağırır. Ermənistan artıq seçim etməlidir. Onlara dayanıqlı sülh lazımdır, yaxud da daim müharibə şəraitində gərginlikdə yaşamaq. Hesab edirəm ki, düşmənçilik səhifəsini bağlamağın zamanıdır".

Xəbərlər