"Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar"
Son altı ayda Ermənistan-Azərbaycan sərhədi ən sakit dövrünü yaşıyıb. Hər iki ölkə arasında müxtəlif çərçivələrdə təmaslar olub. Hazırda Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar.
Ancaq bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan keçiriləcək görüş qərbin regional sülhlə bağlı səmimi olmamasını, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaratmaq cəhdini göstərir. Çünki bu görüş qeyri-şəffaf hazırlanıb, regional inkluzivlik məqsədli formada nəzərə alınmayıb.
Görüş qabağı ABŞ Prezidenti Co Baydenin mövcud səhhəti fonunda hazırda dövləti de-fakto idarə edən dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi və vəziyyəti izah etməyə çalışması İlham Əliyevin qlobal səviyyədə nüfuzunun və regionda Azərbaycanın rəyi nəzərə alınmadan sülh və əməkdaşlığın təmin edilməyəcəyinin göstəricisidir.
Blinken cənab Prezidenlə telefon danışığında bu görüşün Azərbaycana qarşı olmadığını, Ermənistanla ticarət əlaqələrin inkişafına həsr olunuğunu bildirib. Onun bu izahı isə heç bir halda ciddi qəbul edilə bilməz.
Çünki Paris, Vaşinqton və Brüsselin Ermənistana istənilən iqtisadi çağırışı ermənilər üçün Moskva bazarı ilə müqayisə olunacaq imkanı təmin edə bilməz. Hazırda erməni məhsullarının, kapitalının və ən əsası işçi qüvvəsinın rusiya bazarına sərbəst çıxışı var. Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayan ermənilərdən çoxdur. İrəvanın əsas iqtisadi və nəqliyyat infrastrukturlarının benefisiarı rus şirkətləridir.
Ermənistan və Rusiya münasibətlərinin tarixini və mürəkkəbliyini dəqiq bilən qərb Ermənistanla iqtisadi əməkdaşlıqda heç bir perspektiv görmür. Əsas məqsəd Rusiyaya qarşı Ukraynadan sonra Ermənistanda yeni cəbhə açmaqdır. Bunu da regionda yeni münaqişə ocağı yaratmaq, Ermənistanı Azərbaycana qarşı revanşa hazırlamaq yolunda görür.
Ermənistan Baş Naziri Nikol Paşinyan özünü “bəla içində qalmış bacı” kimi təqdim edərək, onu almaq istəyən hər kəsə öz geosiyasi xidmətlərini təklif edir. Ancaq erməni xalqı Qərbin Ukrayanda göstərdiyi “dəstək”dən dərs çıxarmalıdır. Çünki Ukrayna nümunəsində qərb ya verdiyi vədə əməl etmir, ya həmin vədə əməl etmək üçün gücü yoxdur, ya da ki, elə məqsəd müxtəlif dövlətlər vasitəsi ilə Rusiyaya qarşı davamlı mübarizə aparmaqdır.
Bu geosiyasi dərs fonunda Rusiyanın uzunmüddətli gözləmə mövqeyi və İranın müəammalı susqunluğu qərbi daha da ürəkləndirir.
Bizim mövqeyiz isə qəti və aydındır. Azərbaycan Prezidenti anti-terror tədbirlərindən sonra bildirmişdi: “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən, erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən, dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”.
Kamal Cəfərov
Milli Məclisin deputatı