Plenar iclaslar 20 Oktyabr 2023, 14:20 | Baxış sayı: 99
"Fransa üzr istəmək əvəzinə başqalarına dərs keçməyə cəhd göstərir"

Bu gün Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilən “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 6 iyul tarixində Qoşulmama Hərəkatının iclasında Fransa müstəmləkəçiliiyi ilə bağlı qaldırdığı məsələnin məntiqi davamıdır. 

Bu konfrans Azərbaycanın dünya səviyyəsində fundamental insan hüquqlarının qorunmasına verdiyi töhfənin növbəti təzahürüdür. 

Bu konfrans Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasıdır. 

Mən də konfransının işinə uğurlar arzu edirəm, əminəm ki, konfrans iştirakçıları qarşılarına qoyduqları məqsədlərə mütləq çatacaqlar. 

Əziz həmkarlar, 

Azərbaycan Prezidenti İlham Əliyev Fransanı dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmətlə yanaşmağa, Fransa Prezidentindən müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməyə çağırmışdı. 

Təəssüf ki, Fransa hələ də üzr istəmək əvəzinə, ölkə daxilində pozulmuş insan hüquqlarını müdafiə etmək əvəzinə, başqalarına dərs keçməyə cəhd göstərir. Bununla kifayətlənməyib müxtəlif regionlarda yeni münaqişə ocaqları yaratmağa çalışır. 

Fransa bu cür təxribatlara müxtəlif formatlarda cəhd edir. 

Misal üçün Fransanın Ermənistanla yeni silah müqaviləsi imzalaması sülhə deyil, yeni qarşıdurmaya xidmət edir. Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında açıq formada dedi ki, əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq. 

Eyni zamanda açıq deməliyəm ki, həm AŞPA-da həm də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamələr Fransa məhsuludur, məhz Fransanın dəstəyi ilə həyata keçirilir. 
Əlbəttə həmin qətnamələrin heç bir hüquqi və mənəvi əsası yoxdur. 

Hesab edirəm ki, AŞPA və Avropa Parlamenti də özünü Fransanın müstəmləkəsi kimi aparır. 

Buradan AŞPA-ya, Avropa Parlamentinə azadlıq, məntiq və reallıq hissi arzu edirəm. 

Hər iki qurumu beynəlxalq hüququn prinsiplərinə hörmət etməyə çağırıram.
 

Xəbərlər