Siyasət 13 Yanvar 2023, 13:37 | Baxış sayı: 121
“Ermənistan təxribatlara davam edəcəksə, bu onlara baha başa gələcək”

Nəsib Məhəməliyev: “Təxribatlara davam edəcəksinizsə, bu sizə baha başa gələcək”

“Cənab Prezidentin növbəti xəbərdarlığı erməniləri hadisələrə real baxmağa məcbur edəcək”

Bu həftəyə damğasını vuran əsas hadisələrdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə və həmin müsahibədə bir sıra mühüm məqamlara diqqət çəkməsi oldu. Qlobal və regional problemlərdən tutmuş iqtisadi-siyasi və sosial sahədə əldə edilən uğurlarımıza qədər bütün məsələlərə toxunan prezident İlham Əliyev sülh müqaviləsindən yayınan Ermənistana da mesaj ünvanlamağı unutmadı. Dövlət başçısının müsahibəsində diqqət çəkən məqamlardan biri də Prezidentin Xankəndi-Laçın yolunda Qarabağdakı ekoloji terrora qarşı dinc aksiya keçirən vətəndaşlarımıza təşəkkür etməsi oldu.

Prezident İlham Əliyevin son müsahibəsi və müsahibədə toxunduğu məqamlar, eləcə də hazırda Azərbaycanla Ermənistan arasındakı vəziyyətlə bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyevə müraciət etdik. Millət vəkili “OLAYLAR”-a verdiyi müsahibədə  Bakı ilə İrəvan arasındakı danışıqlar prosesinin hansı səbəbdən dalana dirəndiyinə də aydınlıq gətirib.

-Nəsib müəllim, Xankəndi-Laçın yolunda davam edən dinc aksiyanın artıq 1 ayı tamam oldu. Ötən 1 ay ərzində aksiya ilə Azərbaycan nəyə nail oldu və bundan sonrakı prosesləri necə xarakterizə edirsiniz?

-Əvvəla Xankəndi-Laçın yolunda keçirilən aksiya iştirakçılarına təşəkkürlərimi çatdırmağı özümə borc bilirəm. Şaxtalı havada, bir ay ərzində ailədən, doğmalardan uzaq, gecəli-gündüzlü növbə çəkmək asan məsələ deyil. Ona görə də, onların hər biri xüsusi hörmətə layiqdir. Aksiya, hələlik qarşıya qoyulan məqsədə tam çatmasa da, demək olar ki, özünü doğrultdu. Artıq ermənilər və onlara havadarlıq edənlər dərk etdilər ki, Azərbaycan xalqı öz sərvətlərindən, haqqı olanlardan vaz keçən deyil. Qarabağda yaşayan ermənilərin, Azərbaycanın qanunlarından kənar hansısa xüsusi statusu olmayacaq və Ruben Vardanyan kimi avantürist layihələrin perspektivi yoxdur.Növbəti addımlara gəldikdə isə, hesab edirəm ki, aksiya davam etdirilməlidir. Mülki şəxslərin, humanitar yüklərin, minik avtomobillərinin sərbəst keçidi təmin olunmalı, qanunsuz yüklərin, təxribatçı dəstələrin dinamikası nəzarət altına alınmalıdır.

-Bu arada son günlər yenidən sülhməramlıların maşınlarında separatçılara silah-sursat daşınması mümkünlüyü barədə fikirlər səslənir. Sizcə, bu mümkündürmü və bu halda əlavə hansı addımları atmalıyıq?

-Hələlik, sülhməramlılara məxsus maşınlarda silah-sursat daşınması ilə bağlı, konkret faktlar aşkar olunmayıb. Mümkündür ki, hansısa  maşınlarda yüngül silahlar daşınsın. Belə faktlar olsa belə, bu o demək deyil ki, ermənilər bütün strateji yüksəkliklərə nəzarət edən Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilər. Bu qeyri-ciddi yanaşmadır. Nəinki, Qarabağdakı separatçıların, ümumiyyətlə, Ermənistan ordusunun Silahlı Qüvvələrimizlə qarşı-qarşıya gəlmək potensialı yoxdur.

Proseslər bizim nəzarətimizdədir. Destruktiv cəhdlər olarsa, anti-terror əməliyyatının keçirilməsi qanuni haqqımızdır.

-Həftənin əvvəlinə damğasını vuran əsas hadisələrdən biri dövlət başçısının yerli televiziya kanallarına müsahibəsi oldu. Dövlət başçısının müsahibəsində əsas ana fikir, xüsusi vurğulanan məqamlar hansılar idi?

-Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibələrin hər biri, ictimai-siyasi baxımından olduqca əhəmiyyətlidir. İlk növbədə ona görə ki, dövlətin, xalqın qarşısında duran taleyüklü məsələlərlə bağlı, bilavasitə əsas mənbədən alınan məlumatlara, hər zaman çox böyük ehtiyac var. Nəzərə almaq lazımdır ki, yerləşdiyimiz coğrafiya, müxtəlif geosiyasi proseslərin episentri, qlobal güclərin maraqlarının toqquşduğu məkandır. Ona görə də, kifayət qədər siyasiləşmiş cəmiyyətik.

Əsas ana fikrə, xüsusi vurğulanan məqamlara gəldikdə isə, hesab edirəm ki, cənab Prezidentin səsləndirdiyi hər bir fikrin, hər bir sözün özünəməxsus mənası, çəkisi var. Ümumiyyətlə, iqtisadiyyat, sosial, diplomatiya, nəqliyyat-logistika, ordu quruculuğu, təhlükəsizlik sistemi, transmilli layihələr, energetika, Ermənistanla sülh müqaviləsinin imzalanmasında yaranmış problemlər, işğaldan azad olunan bölgələrdə həyata keçirilən çoxmilyardlı maliyyə tutumu olan infrastruktur layihələri, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Xankəndi-Laçın yolunda davam edən aksiya və sairə məsələlərlə bağlı verilmiş sualları cənab Prezident ətraflı şəkildə cavablandırdı. Eyni zamanda, görülmüş işlər, əldə olunan nailiyyətlər barədə məlumat verdi.

Xüsusilə, diqqətimi çəkən və ilk dəfə səsləndirilən iki məqamı xatırlatmaq istərdim.

Birincisi, 1988-ci ildə Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın indiki Ermənistan respublikasına qaytarılması. Dövlət Başçısı qeyd etdi ki, bu məsələnin həlli ilk növbədə regionun yeganə monodövləti olan, Ermənistan üçün vacibdir və həmin kəndlərin indiyə qədər boş olması əlavə problemlər yaratmır. Biz məsələni beynəlxalq gündəliyə çıxarmışıq və bu istiqamətdə siyasətimizi davam etdirəcəyik.

İkinci məsələ, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə başlanması. Müharibədən sonra dəfələrlə etdiyimiz təkliflərə rəğmən erməni tərəfi müxtəlif bəhanələrlə yayınırdı. Hal-hazırki, yeni yaratdığımız vəziyyət bizi qane edir. Əksinə, Ermənistan maraqlı olmalıdlr ki, sərhədlər müəyyənləşdirilsin və sülh müqaviləsi imzalansın.

-Ənənəvi olaraq dövlət başçısı bu dəfə də Ermənistana, eləcə də separatçılara xəbərdarlığını etdi. Sizcə, dövlət başçısının bu mesajlarından qarşı tərəf düzgün nəticə çıxaracaqmı?

-Hazırda danışıqlar prosesi dalana dirənib. Ermənistan Fransanın təhrikləri ilə, destruktiv fəaliyyətini davam etdirir. Hindistandan, İrandan və bəzi ölkələrdən silah alır. Azərbaycan əleyhinə informasiya müharibəsinə davam edir, beynəlxalq təşkilatlarda, sözün əsl mənasında donosçuluqla məşğul olur. Deməli, yaşadıqlarından lazımi nəticələr çıxarmamışlar. Başa düşməlidirlər ki, Azərbaycan Prezidentinin sözü ilə əməli üst-üstə düşür. Təkcə, ötən il keçirilən üç lokal əməliyyatların nəticələrini təhlil etməlidirlər. Cənab Prezident haqqlı olaraq, xəbərdarlıq elədi ki, yeni aldığınız silahlar sizə kömək etməyəcək. Təxribatlara davam edəcəksinizsə, bu sizə baha başa gələcək. Ermənistanın Azərbaycanla müharibə aparması üçün nə iqtisadi, nə də ki, hərbi potensialı var. Hesab edirəm ki, cənab Prezidentin növbəti xəbərdarlığı erməniləri hadisələrə real baxmağa məcbur edəcək.

Xəbərlər