"Ermənistan sülh istəmir, yenidən müharibəyə hazırlaşır"
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Ermənistanın baş nazirinin BMT Baş Assambleyasındakı çıxışı ilə bağlı deyib ki, Nikol Paşinyanın söylədikləri bir daha təsdiq etdi ki, Ermənistan sülh istəmir və havadarlarının dəstəyinə arxalanaraq yenidən müharibəyə hazırlaşır: “Çıxışın detallarına diqqət etdikdə isə, əsil erməni üslubunda yazılmış, reallıqdan uzaq, başdan ayağa yalan, şər-böhtandan ibarət söz yığnağından başqa bir şey deyildi. Nikolun Prezident İlham Əliyevə müraciətində xəritə ilə bağlı səsləndirdiyi fikirlər acı gülüş doğurur. Baxmayaraq ki, cənab Prezident dəfələrlə bəyan etmişdir ki, bütün xəritələr bizdə var və sülhün əldə olunması üçün delimitasiya işlərinə dərhal başlamaq lazımdır. Fikir verin, Moskvada, Brüsseldə, Soçidə Vladimir Putinin, Şarl Mişelin vasitəçiliyi ilə, dəfələrlə görüş keçirilmiş, delimitasiya, demarkasiya üzrə komissiyalar yaradılmışdır. Lakin, hər bir görüşdən sonra, razılaşmalar əldə olunmasına rəğmən, Ermənistanın baş naziri müxtəlif bəhanələrlə fikrini dəyişmişdir. Bu da Nikol Paşinyanın qeyri-ciddi, tutduğu vəzifə ilə uzlaşmayan primitiv bir adam olduğunu göstərir. Əfsuslar olsun ki, Ermənistan müharibədəki məğlubiyyətdən, ümumiyyətlə, baş verən hadisələrdən düzgün nəticə çıxarmır, ənənələrinə sadiq qalaraq, müxtəlif güclərin əlində, maşa, rolunu oynamaqda davam edir. Hər kəsə bəllidir ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Paşinyanın səsləndirdiyi ittihamlar böhtan xarakteri daşıyır və regiona dayanıqlı sülhün gəlməsini əngəlləyir”.