Siyasət 21 Fevral 2023, 12:37 | Baxış sayı: 234
“Ermənistan siyasi hakimiyyətini çətin sınaqlar gözləyir”

"Münhen Təhlükəsizlik Konfransı beynəlxalq münasibətlər sistemində xüsusi əhəmiyyətə malik nüfuzlu platformadır. Konfrans çərçivəsində təşkil olunan plenar iclaslarda, Prezident İlham Əliyevin çıxışları Azərbaycan həqiqətlərinin dünya birliyinə bilavasitə çatdırılmasında əhəmiyyətli rol oynayır. Bu dəfəki konfransda dövlət başçımız regionda yaranmış son vəziyyət, Ermənistan-Azərbaycan münasibətləri, Zəngəzur və Laçın dəhlizləri, Qarabağln erməni sakinlərinin gələcəyi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı reallıqlar barədə ətraflı çıxış etdi və ölkəmizin apardığı siyasətin müxtəlif aspektlərini açıqladı".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Deputat qeyd edib ki, sülh yaratma prosesində Qərb institutlarının yaxından iştirakı müsbət haldır:

"Ümumiyyətlə isə istər Qərb, istərsə Rusiya olsun, fərq etməz, zərbaycanın mövqeyi ardıcıl, sistemli xarakter daşıyır və beynəlxalq hüquqa, ədalətə söykənir. Fransa istisna olmaqla, əksər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tərəfindən dəstəklənir. Fransanın sərgilədiyi qərəzli, ermənipərəst mövqe, onun danışıqlar platformasından kənarlaşdırılması ilə nəticələndi".

Deputatın sözlərinə görə, Rusiya tərəfdən bizə qarşı hansısa təhlükənin və yaxud təzyiqin olacağını düşünmürəm. Birincisi, Azərbaycan istənilən xarici təsirləri neytrallaşdırmaq iqtidarındadır.  İkincisi, Azərbaycan bütün qonşularına qarşı hər zaman təmkinli davranmış, onlara münasibətdə maksimum diplomatik etiketləri qorumuş, bərabərhüquqlu əməkdaşlığa üstünlük vermişdir. Üçüncüsü, Ermənistandan fərqli olaraq, şimal qonşumuzun ölkəmizə təsir imkanları geniş deyil. Dördüncüsü, Rusiya-Ukrayna müharibəsi fonunda birincinin problemləri başından aşır. Bu baxımdan, hal-hazırki vəziyyətdə heç bir təzyiqdən söhbət belə gedə bilməz. Əksinə, düşünürəm ki, qarşıda Ermənistan siyasi hakimiyyətini çətin sınaqlar gözləyir".
 

Xəbərlər