Cəmiyyət 10 İyun 2022, 16:55 | Baxış sayı: 58
"Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, qanunverici orqanda da təmsil oluna bilərlər".

“Dövlətlərin ərazi bütövlüyü, təhlükəsizlik məsələləri ilə bağlı heç bir güzəşt ola bilməz, düşünürəm ki, “Sputnik” agentliyinə qarşı da ciddi tədbirlər görülməlidir”

“Bəzi hallarda bir-birilərinə zidd, hətta düşmən qüvvələr belə, erməni məsələsində ortaq məxrəcə gəlirlər”

“Qazilər, şəhid ailələrinin üzvləri müvafiq orqanlara üz tuturlarsa, onları qəbul etmək nə çətin işdir ki?”

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsi

 

- Nəsib müəllim, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz? “RİA Novosti” agentliyinin bağlanmasına münasibətiniz necədir?

- Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin hazırki səviyyəsini kifayət qədər müsbət, qarşılıqlı hörmət əsasında formalaşmış münasibətlər kimi qiymətləndirmək olar. Bununla belə, “RİA Novosti”nin Azərbaycan ərazisində bloklanması tam qanunauyğundur. Azərbaycanda yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla tənzimlənir. Bu agentlik ilk dəfə deyil ki, Azərbaycan ərazisində separatizm meyillərini stimullaşdırır. Faktiki, yayılan informasiyalarda ölkəmizin ərazi bütövlüyünə şübhə ilə yanaşılır. Özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma “naziri” kimi təqdim edən Artak Beqlaryanın müsahibəsinin yayılması yolverilməz idi. “RİA Novosti”nin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək” müddəası ilə ziddiyyət təşkil edir. Hansısa media qurumu “RİA Novosti”nin yolu ilə gedəcəksə, adekvat addımlar atılacaq. Kütləvi informasiya vasitələrində tənqidi yanaşmalar, müxtəlif fikirlər səsləndirilə bilər, bu, normal haldır. Amma dövlətlərin ərazi bütövlüyü, təhlükəsizlik məsələləri ilə bağlı heç bir güzəşt ola bilməz. Düşünürəm ki, “Sputnik” agentliyinə qarşı da ciddi tədbirlər görülməlidir.

 

- Rusiya özünü həm də sülhməramlı kimi təqdim edir. “RİA Novosti”nin də dövlət agentliyi olmasını nəzərə alsaq, demək olarmı ki, Rusiyanın addımları imzalanan sənədlərə ziddir.

- Tamamilə razıyam. Rusiyanın dövlət rəsmiləri təhlil aparmalıdırlar, düşünməlidirlər: SSRİ dağıldıqdan sonra Rusiyaya qarşı Azərbaycan dövləti tərəfindən hər hansı təhlükə olub, ya yox? Azərbaycan Rusiya əleyhinə hansısa beynəlxalq təşkilatda, müxtəlif platformalarda iştirak edibmi? Yox.

 

- Hətta Rusiyanın əleyihə olan məsələlərin səsverməsində iştirak etməyib…

- Bəli, Azərbaycan Rusiya əleyhinə heç bir layihədə iştirak etməyib. İmkan verməmişik ki, ərazimizdən Rusiya əleyhinə, Rusiyanın milli maraqlarına qarşı hər hansı addım atılsın. Hesab edirəm ki, 30 il ərzində Azərbaycan Rusiyaya münasibətdə özünü etibarlı tərəfdaş, dost, qonşu olaraq ən yüksək səviyyədə göstərib. Bu baxımdan münasibətlərə gələcəkdə də xələl gəlməməsi, əlaqələrin daha da gücləndirilməsi üçün Rusiya Azərbaycana qarşı neqativ proseslər doğura biləcək əməllərdən əl çəkməlidir.

 

- Azərbaycan bu həssas məqamda neytrallığını qoruyub saxlayır. Daha nə etməlidir ki, Rusiya Ermənistana dəstəyini dayandırsın…

- Özümüzü etibarlı tərəfdaş kimi göstərmişik, amma Rusiya daha çox Ermənistana inanır, etibar edir, dəstək verir. Baxmayaraq ki, Ermənistan zaman-zaman müxtəlif cəbhələrdə yer alıb.

 

Təəssüflər olsun ki, Rusiyada müəyyən qüvvələr hələ də imperialist hisslərlə yaşayır. XXI əsrdə hərbi təcavüz, süveren dövlətlərin ərazilərinin işğalı qəbulolunmazdır. Rusiyanın bəzi şovinist, millətçi qüvvələri istəyirlər ki, ətrafdakı dövlətlər XIX əsr təfəkkürü ilə idarə olunsun. Son illər televiziya kanallarında müzakirə edilən məsələlərin mahiyyətinə baxdıqda, görünür ki, “politoloq”lar, deputatlar, ermənipərəst siyasətçilər, o cümlədən ermənilər əllərindən gələni etdilər ki, Rusiyanı dünya ilə düşmən etsinlər.  Etiraf etmək lazımdır ki, bu onlarda alındı. Dünyanın əksər ölkələrini Rusiyaya qarşı birləşdirdilər. Yanaşma dəyişməlidir…

 

- Artıq Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının görüşlərinə start verilib. Qarşı tərəf sanki prosesi ləngidir. Ortaq məxrəcə gəlmək mümkün olacaqmı?

- Brüssel görüşündən sonra hər iki dövlət tərəfindən komissiya formalaşdırıldı, görüş də keçirilib. Amma problem ondadır ki, ənənəvi “erməni xəstəliyi” proseslərin nizamlanmasına imkan vermir. Burada ən ciddi səbəb Ermənistanın müstəqil siyasət aparmaq iqtidarında olmamasıdır, dövlət siyasətinə çox ciddi xarici təsirlər var, bu, gələcəkdə də davam edəcək. Millətin mahiyyətində terrorçuluğa meyil çox güclüdür. Hazırda da İrəvanda mitinqlər keçirilir, təşkilatçılar da Daşnaksütyun və uzun illər hakimiyyətdə olmuş kriminal “Qarabağ klanı”dır. Paşinyan, bir çox erməni ziyalıları da başa düşürlər ki, bu siyasətin sonu yoxdur, proseslər tənzimlənməlidir, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmadıqca iqtisadi blokada davam edəcək, əhali ölkəni tərk edəcək. Bununla belə, hesab edirəm ki, Paşinyan özü də, manipulyasiya etməklə məşğuldur. Kimlərinsə təhriki ilə sülh prosesini ləngidir. Çətinliklərə baxmayaraq, proses gedir.

 

- Xankəndi və digər ərazilər Azərbaycanın nəzarətinə keçdikdə idarəetmə hansı formada olacaq? Məsələn, ermənilərdən kimsə deputat seçilə bilərmi?

- Azərbaycan Respublikası ərazisində idarəetmə, Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi sənədlərə əsasən həyata keçirilir.  Xankəndidə və Qarabağın digər ərazilərində yaşayan ermənilər, Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda, ictimai-siyasi həyatda, dövlət idarəetmə sistemində iştirakları mütləq təmin olunacaqdır.

 

- Cəmiyyət bunu necə qarşılayacaq?

- Cəmiyyətin necə qarşılamasından asılı olmayaraq, ermənilər Azərbaycan Konstitusiyasına uyğun vətəndaşlığı qəbul edərlərsə, qanunverici və digər orqanlarda təmsilçilikləri onların hüquqlarıdır. Yerli idarəetmə orqanlarında da fəaliyyət göstərmələrinə heç bir problem olmayacaq. Yəni onların bütün hüquqları təmin ediləcək. Prezident İlham Əliyev bunu dəfələrlə ən yüksək səviyyədə səsləndirib. Vətəndaşlığımızı qəbul etmirlərsə, yaxşı yol, gedə bilərlər. Düşünürəm ki, Sülh sazişinin imzalanması yaxın vaxtlarda baş tutmayacaq. Böyük sülh sazişinin imzalanması uzun çəkə bilər. Amma müəyyən razılaşmalar olacaq. Böyük Sülh sazişinin imzalanması o deməkdir ki, Ermənistanla Azərbaycan, eyni zamanda Türkiyə arasında mübahisəli məsələlər, tarixi ədavət tam aradan qaldırılır. “Erməni məsələsi” tamamilə geosiyasi gündəlikdən çıxarılır.  Bu isə, qlobal güclərin maraqları ilə ziddiyət təşkil edir. Müşahidələr göstərir ki, hətta, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirdiyi 3 görüşdə əldə olunan razılaşmaların icrasında belə, çox ciddi problemlər var.

 

- Moskva mane olur?

- Burada gizlin bir şey yoxdur… Təbii ki, Moskvada da müəyyən qüvvələr var ki, regionda sülhün Avropa İttifaqının vasitəçiliyi ilə əldə edilməsini istəmirlər. Burada müəyyən qısqanclıq da var…

 

- Hazırda Rusiya ilə Qərb arasında müharibə gedir… Avropa İttifaqının və Rusiyanın Sülh sazişi ilə bağlı ayrı-ayrı planları var. Bu, necə uzlaşdırılacaq?

- Avropa İttifaqı ilə Rusiya arasında ortaq məxrəc olmayacaq. Çünki bu güclər bir-birlərini inkar edirlər. Elə Avropa İttifaqının daxilində də Cənubi Qafqazla bağlı fərqli fikirlər var, prosesin nizamlanmasını istəməyənlər mövcuddur. Düşünürəm ki, İttifaqın əlində kifayət qədər təsir rıçaqları var. Bir qərarla prosesi tənzimləyə, Ermənistanı əməkdaşlığa məcbur edə bilərlər. İqtisadi, maliyyə sanksiyaları tətbiq edilərsə, Ermənistanın konstruktiv əməkdaşlıqdan başqa çıxış yolu olmayacaq. Təəssüflər olsun ki, bəzi hallarda bir-birilərinə zidd, hətta düşmən qüvvələr belə, erməni məsələsində ortaq məxrəcə gəlirlər.

 

- Bəlkə ermənilər nəisə gözləyirlər? Ehtimal etmək olarmı ki, proses Türkiyədə 2023-cü ildə keçiriləcək prezident seçkilərinin nəticələri elan olunanadək uzansın… Rəcəb Tayyib Ərdoğan prezident seçilməzsə, bölgədə nə baş verə bilər?

- Azərbaycan özünü həm hərbi, həm siyasi-diplomatik, həm də iqtisadi sahədə təsdiq edib. Əvvəllər Qarabağ problemi, erməni “mifi” vardı. Ermənistan ordusu haqqında uydurulmuş “intellektual”, “məğlubedilməz” və s. ifadələr səsləndirilirdi. Vətən müharibəsi bütün stereotipləri darmadağın etdi. Gücümüzü əməldə göstərdik, Ermənistan ordusunu diz çökdürdük. Sübut etdik ki, Azərbaycan qüdrətli dövlətdir, ordumuzun maddi texniki bazası, döyüş qabiliyyəti NATO standartlarına cavab verir. Bundan sonra da təhdid yaranarsa, cavab verə bilərik. Türkiyə məsələsinə gəldikdə isə, deyə bilərəm ki, Türkiyə əvvəlki Türkiyə deyil. Ərdoğan hakimiyyətdə olduğu müddətdə Türkiyə kifayət qədər güclənib. Hazırda məhdud çevrədə deyil, qlobal səviyyədə siyasət həyata keçirir və heç bir zaman indiki qədər qüdrətli olmayıb.

 

- Doğrudur, Türkiyə ilə hesablaşırlar…

- Türkiyə bu gün Afrikada, Ərəb dünyasında, Yaxın Şərqdə, Asiyada, Qafqazda, Avropadadır. Harada Türkiyə varsa, orada ədalət var. Qlobal gücləri də narahat edən budur. Türkiyə vassal rolunu oynamır, milli maraqlarına uyğun siyasət yürüdür.

 

- Seçkilərin nəticəsindən gözləntiniz nədir?

- Türkiyə hakimiyyəti 2016-cı ildə dövlət çevrilişinə cəhdin qarşısını aldı, digər məkrli planları da ifşa etdi. Bunu bütün dünya gördü, başa düşdülər ki, Türkiyəyə təsir etmək mümkün deyil. İndi əsas məsələ daxildəki ictimai-siyasi vəziyyətdir. Bəzi qüvvələr ölkə daxilində narazılıq yaratmağa çalışır, Türkiyəni ayrı-ayrı ələ alınmış, xəyanətkar siyasətçilər vasitəsilə əvvəlki vəziyyətə qaytarmaq istəyirlər. Bu, Türk, İslam dünyası üçün təhlükəli tendensiyadır. Çox arzulayıram ki, Türkiyə xalqı növbəti dəfə də müdriklik göstərsin, Ərdoğana və peşəkar komandasına dəstək versin. Riskli məsələlər var, bütövlükdə Türkiyənin varlığı məsələsi müzakirə mövzusudur.

 

- Türkiyə Ukrayna məsələsində də sıxışdırılır sanki…

- Düşünmürəm ki, Türkiyə Ukrayna məsələsində sıxışdırılır.  Əksinə, Türkiyə yeganə dövlətdir ki, həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlərə malikdir. Təsadüfi deyil ki, müharibə edən tərəflərin danışıqları məhz, Türkiyənin vasitəçiliyi ilə İstambulda keçirildi.  Bu da Türkiyənin beynəlxalq nüfuzunun, ona olan etimadın göstəricisidir.

 

- Müharibədən sonra Azərbaycanın da daxilində müəyyən problemlər yaranıb. Bir neçə gün öncə, qazilərin aksiyası keçirməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qəbul otağının qapısının şüşəsinin sındırılması bunun göstəricisidir. Niyə həll edilmir? Əlilliyin təyin olunması meyarları sərtdir, yoxsa məmur səhlankarlığı var?

- Müharibədən sonra əlillərin, şəhid ailələrinin problemlərinin həlli üçün dövlət Başçısı tərəfindən olduqca ciddi addımlar atıldı. Minlərlə şəhid ailəsi, qazilər mənzillərlə, şəxsi avtomobillərlə təmin olundu. Bütün şəhid ailələrinə, müharibə əlillərinə, hətta 1-ci Qarabağ müharibəsində iştirak edənlərə birdəfəlik maddi yardımlar verildi. Yaralananlara ölkə daxilində və xaricində əsaslı tibbi yardımlar göstərildi. Aylıq müavinətlər təyin olundu. Eyni zamanda, Heydər Əliyev və “YAŞAT” fondları tərəfindən də həmin kateqoriyadan olan təbəqənin məişət şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı tədbirlər həyata keçirildi. Müharibə iştirakçılarının işlə təmin olunması, problemlərinin həlli  üçün Prezident İlham Əliyevin sərəncamı ilə bütün yerli icra hakimiyyətlərində yeni şöbələr yaradıldı. Bütün dövlət orqanlarına onlara dəstək verilməsi tapşırıqları verildi. Proses davam edir və bütövlükdə cəmiyyət hər bir şəhid ailəsinə, qazilərə ən yüksək səviyyədə hörmətini, ehtiramını nümayiş etdirir.

 

Bununla bərabər, bəzi məmurlar tərəfindən səhlənkarlıq hallarına yol verildiyini, əlilliyin təyin olunmasında ləngimələrin olduğunu, qazilərin qəbul olunmadıqlarını görürük. Əlilliyin təyin olunması ilə bağlı rayonlarda səyyar qəbulların keçirilməsi təklifi ilə çıxış etmişəm. Ümumiyyətlə, mənə elə gəlir ki, heç bir qanun insan psixalogiyasını tam əhatə edə bilməz. Azərbaycanda sosial siyasətlə bağlı, kifayət qədər humanist qanunvericilik bazası yaradılıb, amma icra məsələsində müəyyən problemlər var. Qazilər, şəhid ailələrinin üzvləri müvafiq orqanlara üz tuturlarsa, onları qəbul etmək nə çətin işdir ki? Heç bir qaziyə deyilməməlidir ki, get, iki aydan sonra gələrsən... Yerindəcə kolleqial şəkildə baxılmalı və rəy verilməlidir.

 

- Doğrudur. Qazilər də deyir, necə ki, müharibəyə yalnız hərbi bileti təqdim edib yola salınıblarsa, əlillik təyinatı da belə olsun, süründürməçiliyə yol verilməsin...

- Qazilərin Bakıya, nazirliyin qarşısına gəlmələrinə şərait yaradılmamalıdır. Ona görə də mütləq səyyar qəbullar keçirilməlidir. Müharibə əlilləri ilə mülki həyatda əlil olanlar arasında fərq olmalıdır. Çünki şərait, psixoloji durum fərqlidir. Düzdür, müharibə əlilləri arasında sui-istifadə hallarına yol verənlər də var. Bəzilərinin onları irəli verib, hansısa formada istifadə etməsi yaxşı hal deyil. Ümumiyyətlə, bu səpkidə olan məsələlər, onların təmsil olunduğu təşkilatlar tərəfindən sistemləşdirilməli, müvafiq orqanlar qarşısında qaldırılmalıdır. Qanunvericilikdə problemlər varsa, parlamentin müvafiq komitəsi qarşısında və s. Həlli üçün təkliflər verilməlidir. Yəni, problemlər küçələrdə deyil, sivil formada həll edilməlidir.

 

- Digər sosial məsələ olan “Uşaqpulu” məsələsi də qabardılır. Ehtimal varmı ki, verilsin?

- Bu məsələ cəmiyyətdə həddindən çox müzakirə predmetinə çevrilib və bəzi hallarda radikal qüvvələr tərəfindən siyasiləşdirmə cəhdlərini də müşahidə edirik. “Uşaqpulu” adı ilə olmasa da, dövlət imkansız ailələrin sosial qayğılarının qarşılanması məqsədilə bir çox sosial proqramlar həyata keçirir. Düşünürəm ki, gələcəkdə kütləvi şəkildə olmasa da, imkansız ailələrə verilə bilər.

Paylaşın

Xəbərlər