“Erməni silahlı birləşmələri Laçın yolu ilə minalar daşıyır”
"Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra regionda yeni reallıqlar yaranıb. Bu reallıqlar da ondan ibarətdir ki, artıq Azərbaycan Ordusu böyük qələbə qazanaraq, torpaqlarını tamamilə işğaldan azad edib. Təbii ki, müharibədə torpaqları işğaldan azad etdikdən sonra qarşıda duran əsas məsələ davamlı təhlükəsizlik və sülhün təmin olunmasıdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Laçından seçilmiş deputatı Mahir Abbaszadə deyib.
Deputat təəssüflə bildirib ki, 10 noyabr bəyannaməsinin müxtəlif müddəaları indiyə qədər yerinə yetirilməyib:
"Bu müddəalar içərisində əsas məsələlərdən biri Qarabağda olan erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır. 10 noyabr bəyannaməsinin müddəalarına rus sülhməramlıları Qarabağa daxil olan zaman bununla paralel olaraq Qarabağda fəaliyyət göstərən silahlı birləşmələr bu ərazilərdən çıxarılmalı idi. Amma çox təəssüflər olsun ki, müharibənin bitməsinə təxminən üç ilə yaxın bir zamanda biz görürük ki, erməni silahlı birləşmələri hələ də Qarabağda qalmaqdadır. Təbii ki, Qarabağda qalan silahlı birləşmələr isə bu ərazilərdə sülhə və təhlükəsizliyə təhdidlər yaradır".
Mahir Abbaszadə qeyd edib ki, hazırda fəaliyyət göstərən, Laçın rayonundan keçən yol vasitəsilə erməni silahlı birləşmələri bu ərazilərə kifayət qədər minalar daşıyırlar:
"Bu isə sülhə və təhlükəsizliyə təhdiddir".
Deputat deyib ki, azərbaycanlı ekofəallar məhz bu ərazilərdən qeyri-qanuni təbii sərvətlərin daşınmasının, eyni zamanda Qarabağda Azərbaycan ekologiyasına vuran ziyanların qarşısını almaq məqsədilə uzunmüddətli mitinq keçirdilər:
"Mitinqin əsas səbəblərindən biri də ondan ibarətdir ki, 10 noyabr sazişində müddəalar icra olunmalıdır. Lakin Ermənistan Qarabağda yaşayan erməni silahlı birləşmələri Xankəndi, Xəlifəli, Qaybalı və Tuş istiqamətindən əlavə bir yoldan istifadə edərək yeni ərazini silah- sursatlaŞ minalarla doldurmaqla bağlı işləri davam etdirdilər. Bunun qarşısını almaq məqsədilə və bu yollarda təhlükəsizliyi təmin etmək məqsədilə Azərbaycan Ordusu mart ayının beşində tədbir keçirildi. Tədbir nəticəsində Ermənistan Silahlı Birləşmələri qeyri-qanuni fəaliyyət göstərən silahlı birləşmələr tərəfindən Azərbaycan ordusuna atəş açıldı. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan tərəfi beynəlxalq danışıqlar zamanı götürdüyü öhdəlikləri yerinə yetirməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Bu haqq verir ki, Azərbaycan tərəfi bu ərazilərdə antiterror əməliyyatlarını həyata keçirsin. Çünki Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın tərkib hissəsidir. Azərbaycanın ərazisində fəaliyyət göstərən bütün silahlı birləşmələr Azərbaycan hüquq-mühafizə orqanlarına tabe olmalıdır. Qeyri- qanuni fəaliyyət göstərən heç bir hərbi hissə bu ərazilərdə fəaliyyət göstərə bilməz. Ona görə də, Ermənistan tərəfi ya özü bu ərazilərdən silahlı birləşmələri çıxardıb aparmalıdır, ya da ki, Azərbaycanın hüquq-mühafizə orqanları, Azərbaycan Respublikasının Silahlı qüvvələri ölkə ərazisində fəaliyyət göstərən bütün qeyri-qanuni silahlı birləşmələrin məhv edilməsi istiqamətində addımları atmaqda borcludur".
"Bu ərazilərdə sülhə və təhlükəsizliyə, birgə yaşayışa töhfə verməli olan rus sülhməramlı qüvvələrinin gözləri qarşısında baş verməsi, bu dəstələrin mühafizə olunması isə içimizdə çox böyük təəssüf doğurur.
Hesab edirəm ki, gələcəkdə rus qüvvələri öz hərəkətlərində, davranışlarında müəyyən korrektlər edərək özlərinin üzərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirməlidirlər və ərazidən erməni silahlı qüvvələrinin çıxmasını təmin etməlidirlər. Beləliklə, bu ərazidə sülhə töhfə verməlidirlər. Eyni zamanda, Azərbaycan tərəfinə istənilən vaxtı antiterror əməliyyatları keçirərək burada fəaliyyət göstərən erməni silahlı birləşmələrini məhv etməklə bağlı hər şey hazırdır. Bu gün Azərbaycan ordusunun gücü, Azərbaycan ordusunun müasir silahlarla təmin olunması, Azərbaycan ordusunun maddi-texniki bazasının möhkəm olması, vətənpərvərlik hissinin yüksək səviyyədə olması göstərir ki, ordumuz istənilən vaxtı bu tapşırıqları yerinə yetirməyə hazırdır", - deyə deputat sonda əlavə edib.