"Erməni bizə yaltaqlanmaq, özünü yaxın göstərmək, guya mehribançılıq etdiyi üçün belə deyib".
Qarabağın işğalından əvvəl azərbaycanlılarla ermənilər arasında müəyyən qohumluq əlaqələri olurdu. Sözsüz ki, bu sırada başda kirvəlik gəlir. Azərbaycanlıların erməniləri kirvə tutması geniş yayılmışdı. Buna səbəb nə idi? Biz düşmənimizlə yenidən kirvə ola bilərikmi?
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan millət vəkili Aqil Abbas bildirib ki, azərbaycanlılar və ermənilər arasında o vaxtlar deyildiyi kimi kütləvi halda kirvə söhbəti olmayıb:
“Qız alıb-vermə məsələləri var idi o vaxtı, amma kirvə sözü başqa mənada deyilirdi. Mən Qarabağda yaşamışam və hansısa bir azərbaycanlının ermənini kirvə tutmasının şahidi olmamışam. Erməni ola bilər ki, dəllək olurdu. Onlara kirvə deyə bilərdilər. Amma mən erməniylə kirvə olan görməmişəm, vallah”.
Deputat qeyd edir ki, əvvəllər “a kirvə, a kirvə” söhbəti olub: “Bunu da erməni dəlləklər deyirdi. Amma dəlləklər əsasən, ləzgilər olurdu, ermənilər azlıq təşkil edirdi. Mən erməni dəllək də görməmişəm sözün düzü...
O söz sadəcə olaraq müraciət forması olub. Erməni bizə yaltaqlanmaq, özünü yaxın göstərmək, guya mehribançılıq etdiyi üçün belə deyib. Bu yalnız yaxınlıq göstərmək məqsədilə olub, yoxsa erməninin bizə kirvə olması yalandır”.
Siyasətçinin sözlərinə görə qız-alıb verməyə gəldikdə bu hamıya bəlli olan hal idi: “Bakıda 30 min erməni gəlinimiz var, amma kirvə məsələsinə inanmıram. Ona görə ki, bir müsəlman özününkünü erməniyə kəsdirməz, ancaq müsəlmana etdirər bu işi”.
Millət vəkili gələcəkdə baş tutacaq birgəyaşayış məsələsinə də toxunub: “Ermənilərlə gələcək dövrdə köhnə əlaqələrin bərpasına gəldikdə, deyə bilərəm ki, onu ancaq zaman göstərə bilər. Yaralar sağalar, ondan sonra biz biləcəyik nə, nədir. Bunun üçün müəyyən nəsil dəyişməsi olmalıdır. Məsələn, mən övladlarıma demişəm ki, mənim əzizlərimin qəbrini qazıb, sümüklərini çıxaranları heç vaxt bağışlamayın”.