Siyasət 29 Avqust 2023, 17:23 | Baxış sayı: 90
"Demirsiniz, acından ölürük? Buyurun, ən çox lazım olan ərzaq, dərman və digər ləvazimatları çatdırırıq"

“Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli  vətəndaşlara humanitar yardım göndərməsi olduqca təqdirəlayiq haldır. Doğru və zamanında atılmış addımdır. Çünki Ermənistan, erməni mətbuatı, dünya erməniliyi bütün dünyaya car çəkir ki, guya Qarabağda yaşayan ermənilər blokada şəraitindədirlər, artıq ərzaqları tükənib, qadınlar, uşaqlar acından ölür. Laçın yolunun açılması istiqamətində təzyiq göstərir, beynəlxalq ictimaiyyətə dezinformasiya yayırlar. Ermənilərin əlindən bu arqumenti almaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin addımı olduqca müsbətdir. Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınır. Azərbaycanın suveren ərazilərində Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatlarının fəaliyyət göstərməsi hüquqi baxımdan tam doğru, əsaslıdır. Demirsən, acından ölürük? Buyur, ən çox lazım olan ərzaq, dərman və digər ləvazimatları sənə çatdırırıq”.

Bu sözləri  açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. 

Deputat bildirib ki, Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi humanitar aksiya ermənilərin əllərində bayraq etdikləri son bəhanələrinin əllərindən alınmasına xidmət edir: “Biz Azərbaycan dövləti olaraq dünyaya göstəririk ki, ermənilər doğrudan da blokadadadırlarsa, aclıq şəraitində yaşayırlarsa, buyurun, biz sizə alternativ təmənnasız olaraq bu yardımı göstəririk. Demirsən ki, Qarabağ blokadaya alınıb? Qətiyyən yox! Buyurun, alternativ Ağdam-Xankəndi yolunu açın. Ermənilər beton plitələri yerləşdirməklə o yolun qarşısını kəsib, bağlayıblar. Azərbaycan dövləti sivil formada erməni qaragüruhunun, lobbilərinin propaqandasının əlindən arqumentləri almaqda davam edir. Çox doğrudur. Ermənilərdən fərqli olaraq apardığımız siyasət sivil, demokratik, beynəlxalq hüquq normalarına əsaslanmış siyasətdir. Nə ediriksə, hüquqa, ədalətə söykənərək edirik. Sən də zəhmət çək, beynəlxalq hüquqa, Azərbaycan dövlətinin ərazi bütövlüyünə hörmət et, Azərbaycan qanunlarını qəbul et, Azərbaycan cəmiyyətinə reinteqrasiya et. Bu zaman sənin nə blokada problemin olacaq, nə də ərzaq çatışmazlığın”. 

pravda.az

Xəbərlər