Ümumi 8 İyun 2023, 14:51 | Baxış sayı: 157
"Cərimələrin artırılması ən birinci növbədə vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi üçündür"

Azərbaycanda yolda sürət həddini aşmaya görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Layihəyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat aşmağa 200, 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat cərimə tətbiq olunacaq. Hazırda isə həmin hallara görə, uyğun olaraq, 150 və 250 manat cərimə nəzərdə tutulur.

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər də 150 manat cərimələnəcək. Hazırda bu, 100 manatdır.

Dəyişiklik layihəsi iyunun 6-da Milli Məclisdə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Deputat Aydın Hüseynov "Turan"a bildirib ki, təhlillərə görə, Azərbaycan yollarında qəzalar daha çox olur və qəzaların nəticəsində vəfat edən şəxslərin sayı da çoxdur: "Ona görə də cərimələrin artırılması ən birinci növbədə vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi üçündür".

Deputatın sözlərinə görə, bu qanun ona görə belə sərt olur ki, o, çəkindirici amil daşıyır: "Əgər bu pul məcburi alınarsa, onda deyə bilərdilər ki, bu, büdcə doldurmaq üçündür. Bu dəyişikliyin əsas mahiyyəti və fəlsəfəsi vətəndaşlarımızın sağlamlığıdır, yollarda qəzaların sayının azalmasıdır. Büdcənin doldurulması iddiası isə tamamilə absurddur, çünki bu, məcburi ödəniş deyil, vətəndaş qaydanı pozmayacaqsa, cərimə də ondan tələb olunmayacaq".

Xəbərlər