"Cənubi Azərbaycanda 35-40 milyon azərbaycanlı yaşayır, onların 500 mini sərhədi keçsə, çox böyük sosial problemlər ola bilər"
“Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb, adekvat olaraq, İrandan da bunu tələb etməliyik”
“Ocaq Necat kimi avantüristin “nağıl”ları nəticəsində məscidlərdə bütöv bir cahil təbəqə yetişib”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsi
- İranın Tehran şəhərindəki Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı nə düşünürsünüz?
- İranın paytaxtı Tehran şəhərində Azərbaycan səfirliyinə hücum terror hadisəsidir. İran hakimiyyət nümayəndələrinin bunu ailə-məişət zəminində baş verən cinayət hadisəsi kimi təqdim etməsi, yumşaq dildə desək, təəssüf doğurur. Çünki dünya praktikasında belə bir şey olmayıb ki, ailə-məişət zəminində bilavasitə səfirliyə odlu silahla hücum edilsin. Bu, görünməmiş bir hadisədir. Aydın məsələdir ki, hansısa ölkənin səfirliyinə günün günorta çağı silahla girmək mümkün deyil, SEPAH-ın çox primitiv şəkildə hazırladığı əməliyyat bir daha göstərdi ki, İran dövləti Azərbaycana qarşı düşmən siyasətini davam etdirməkdədir. Terrorçu avtomobili Azərbaycan səfirliyinə məxsus avtomobilə çırparkən düşünüb ki, səs-küyə binanın qapısı açılacaq... Bu, SEPAH tərəfindən hazırlanmış əməliyyat idi. 44 günlük Vətən müharibəsindən sonra İranın Azərbaycana yönəlik siyasəti, ermənipərəst bəyanatları nəticə etibarilə terror hadisəsinə gətirib çıxardı. Bu gözlənilən idi. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisəyə münasibətində də birmənalı şəkildə qeyd olundu ki, səfirliyə qarşı təxribatların olacağı barədə çoxsaylı siqnallar var idi və İran rəsmi orqanlarına dəfələrlə rəsmi müraciət edilməsinə baxmayaraq, tədbir görülmədi. 1961-ci il Vyana Konvensiyasına əsasən, İran tərəfi səfirliyin binasının, əməkdaşların təhlükəsizliyini təmin etməli idi. Son iki ildə İranla Azərbaycan arasında yaranmış xoşagəlməz hadisələrin fonunda müraciət olmadan belə, səfirliyimizin təhlükəsizliyi 2 qat artırılmalı idi. Qabaqlayıcı tədbirlər görülmədi və əmanətə xəyanət edildi. Bununla da İran xəyanətkar dövlət olduğunu bir daha göstərmiş oldu. Mən bunu şiddətlə qınayır, hücum zamanı şəhid olan Orxan Əsgərova Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı verirəm, yaralılara şəfa arzulayıram. İranla Azərbaycan arasında münasibətlərin bu səviyyəyə gəlib çatmasının günahkarı məhz İrandır. Son 30 il ərzində İran Azərbaycana qarşı çoxsaylı təxribatçı addımlar atıb. Üzdə özünü İslam dövləti adlandıran, əslində isə, din alveri ilə məşğul olan bu dövlət, Ermənistana həm iqtisadi, həm siyasi, həm hərbi bir sözlə, hərtərəfli dəstək verdi. Biz bunu bilirdik. 44 günlük Vətən müharibəsindən sonra tarixi zəfərimizi həzm edə bilməyən İran isterik vəziyyətə düşdü, maskalar tam cırıldı. Son zamanlar etdiyi silsilə səhvlər də İranın əsl mahiyyətini üzə çıxardı.
- İranla Azərbaycan arasında diplomatik əlaqələrin tam kəsilməsini təklif edənlər də var. Hazırki situasiyada buna ehtiyac varmı?
- Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb, adekvat olaraq, İrandan da bunu tələb etməliyik. Çünki “qaradan artıq rəng yoxdur”. Mən hər zaman İranla, o cümlədən digər qonşularla normal münasibətlərin qurulmasının tərəfdarı olmuşam. Bu gün də hesab edirəm ki, hadisələri qızışdırmaq yox, problemləri sülh yolu ilə həll etmək lazımdır. Əfsuslar olsun ki, İranın hazırki mollakratiya rejimi sivil əməkdaşlıq normalarına heç zaman riayət etməyib. Hətta teraktdan sonra belə, şahid olduq ki, İranın ali rəhbərliyi nəinki təəssüf hissi keçirmir, üzrxahlıq etmir, ümumiyyətlə, hadisələrə obyektiv, ədalətli yanaşma qabiliyyətləri belə yoxdur. Bu, çox pis haldır. İstənilən ölkənin ərazisində analoji hadisə baş versəydi, motivdən asılı olmayaraq, fakta görə həmin dövlətin rəhbəri üzrxahlıq etməli və zərərçəkənlərə kompensasiya verməli idi. Bu, beynəlxalq normadır. Hadisədən sonra İran tərəfdən bunu görmədik. Yəqin ki, bu rejimdən heç görməyəcəyik. Baxın, terror hücumundan sonra İranın prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti cənab İlham Əliyevə zəng etdi. Bu zəng də İsrail Prezidenti cənab İsxaq Hersoqun cənab İlham Əliyevə zəngindən sonra oldu. Bəlkə də İsrail Prezidenti zəng etməsəydi, Rəisi də zəng etməyəcəkdi. Çox təəssüflər olsun ki, Rəisinin zəngində belə, üzrxahlıq niyyətini görmədik. Yenə də hadisəni əsas mahiyyətindən kənara, ailə-məişət zəmininə yönəltdi. Gələcəkdə İranla münasibətlərimizin hansı istiqamətdə inkişaf etməsi İrandan asılıdır: fakt odur ki, Tehranda terror aktı törədilib və bu dövlət üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə, günah keçisi axtarır. Problem ondadır ki, İran sivil idarəetmə sistemindən uzaq bisavad mollaların əlindədir. Sivil, mədəni insanla danışmaq, ünsiyyət qurmaq rahatdır, cahillə danışmaq isə qeyri-mümkündür. Sən ümumbəşəri dəyərlərdən danışırsan, o isə, orta əsrlərin feodal təfəkkürü ilə cavab verir. Xatırlayıram, İranın Tehran şəhərində Ukraynaya məxsus sərnişin təyyarəsi raketlə vurulmuşdu. Üzr belə, istəmədilər, kompensasiya vermədilər. Yəni, İranın mahiyyəti budur.
- Səfirliyə hücumla bağlı İranda yaşayan azərbaycanlılar nə etməlidirlər, Azərbaycan dövlətinə dəstəklərini hansı formada bildirməlidirlər?
- Hazırki vəziyyətdə güneyli soydaşlarımız müstəqil Azərbaycan dövləti ilə həmrəylik nümayiş etdirməli, hər hansı dağıdıcı hərəkətlərə yol vermədən sivil, mədəni şəkildə etirazlarını bildirməlidirlər. Tarixi şərait yetişib. Bu gün millətimiz üçün sınaq günüdür. Milli şüur oyanmalı, təşkilatlanmalıdırlar. Cənubdakı soydaşlarımız İrandakı daxili gərginlik fonunda tarixi şəraitdən istifadə etməsələr, doğal haqqlarını tələb etməsələr, sonra gec olacaq, assimilyasiya prosesi sürətlənəcək. Azərbaycanda yaşayan İran mollalarının ideoloji təsiri altında olan soydaşlarımıza da səslənirəm ki, başqa ölkənin bayraqlarını, bizə yad, düşmən münasibət göstərən dini liderlərin portretlərini atın! Bu, Azərbaycan dövlətinə xəyanət deməkdir.
- İranın Azərbaycandakı agentura şəbəkəsi nə dərəcədə təhlükəlidir?
- İranın digər müsəlman ölkələrə yönəlik siyasətinə fikir versək, çox böyük təhlükə olduğunu görərik. Yəməndə, Livanda, Suriyada, İraqda, Əfqanıstanda, Liviyada, Bəhreyndə İranın siyasəti dağıdıcı siyasətdir. İranyönümlü şiə məzhəbçiliyindən irəli gələn addımlar atılaraq “Hizbullah” və digər terror təşkilatları yaradılıb. Həmin təşkilatlar İran tərəfdən maliyyələşdirilir, silahlandırılır. O ölkələrin heç birində bundan sonra sabitlikdən söhbət gedə bilməz. İran həmin siyasəti Azərbaycana qarşı da tətbiq edir. Son 30 ildə minlərlə azərbaycanlı gəncləri seçib aparıblar Quma, Məşhədə. Onları, dini təhsil adı altında ETTALAT-la əməkdaşlığa cəlb ediblər, rus demişkən “verbovka” olunublar. Böyük bir agentura şəbəkəsi yaradılıb. İran onların bir çoxunu 1990-cı illərin sosial problemlərindən istifadə edərək ələ alıb. Bəzi Xeyriyyə fondları, ələlxüsus “İmam Xomeyni” adına İmdad cəmiyyəti vasitəsilə ciddi işlər aparılıb. Ocaq Necat kimi avantüristin “nağıl”ları nəticəsində məscidlərdə bütöv bir cahil təbəqə yetişib. Yetişdirilən təxribatçıların əməllərinin İslam dininə heç bir aidiyyatı yoxdur. Palçıqda eşşək kimi ağnamaq hansı dində var? Əzadarlıq adı altında baş yarmaq, qan tökmək və s. Bu, amansızlıqdır, uşaqların, gənclərin psixologiyasını pozur. “Qurani-Kərim”də xəncərlə baş yarmaq varmı? Aşura məclislərində özlərini qana bulayanlar Qərb telekanallarında müzakirəyə çıxarılır. Bu cür hallar İslamın dünyada gözdən salınmasına xidmət edir. Məscidlərdə oxunan moizələrə baxsan, görərsən ki, hər gün reallıqdan uzaq, yeni nağıllar uydurulur.
- Terrorda Rusiyanın izini də istisna etmirlər. Nə dərəcədə ağlabatandır?
- Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti ədalətə söykənməyib. Rusiya Ermənistana daim dəstək vermiş ölkədir. Amma səfirliyə hücum məsələsində Rusiyanın hər hansı izini görmürəm. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın səfirliyə hücum zamanı qəhrəmanlıq göstərən Vasif Tağıyevin videosunu paylaşaraq “şir kimi döyüşdü” yazması müsbət haldır. Gərək reallığı deyəsən, ədalət hissini itirməyəsən. Son proseslərdə daha çox Fransanın izi görünür. Fransa, İran və Ermənistan arasında pərdəarxası razılıq var. Fransa bəzi pərdəaltı məsələləri İran vasitəsilə həyata keçirir. Burada Rusiyanın hər hansı marağı yoxdur. Rusiya tarixində belə bir şey yoxdur ki, hansısa ölkənin səfirliyinə hücum olsun. İranın tarixində isə çoxdur.
- İranın hərbi obyektlərinin vurulması barədə nə düşünürsünüz? Müharibənin başlanmasının anonsudurmu?
- İranın hərbi obyektlərinin dəqiqliklə vurulması, onun apardığı siyasətin məntiqi nəticəsidir. Günahı özlərində axtarmalıdırlar... Ən azından ona görə ki, İran nüvə razılaşmasından çıxıb. Dünya bilir ki, İranın nüvə silahı əldə etməsi bəşəriyyət üçün böyük təhlükədir. Bu gün də İran mediasında “Bakı Cümhuriyyəti” ifadəsi səslənir, alçaldıcı terminlərdən istifadə edilir. Azərbaycan 30 ildən artıqdır ki, müstəqildir, dünya bizi tanıyır, günü-gündən güclənirik, İran isə bizə hələ də əyalət təfəkkürü ilə yanaşır... Hərbi obyektlərin vurulması ilə İrana göstərildi ki, sən kimsən... İranın ərazisi böyük, təbii sərvətləri, iqtisadi imkanları, insan resursları zəngin ola bilər, amma idarəetmə sistemi o qədər bərbaddır ki... XXI əsrdə Dövləti orta əsrlərin feodal təfəkkürü ilə idarə etmək olmaz. Nə qədər qəribə olsa da, İran hələ müəyyən edə bilməyib ki, hücum haradan olub... Qüdsdə yəhudilərə qarşı hücumlar oldu, birincidə 7, ikincidə isə 2 nəfər həlak oldu, xeyli insan da yaralandı. İsrail yaxşı bilir ki, terrorçulara zəhər haradan verilir.
- İranda gərginlik yaranarsa, cənubi azərbaycanlıların Şimala axını baş verərsə, Azərbaycan dövləti bunun öhdəsindən gələ bilərmi?
- Bu barədə düşünmək belə, istəmirəm. Çox böyük sosial böhran yaşana bilər. Orada 35-40 milyon azərbaycanlı yaşayır, onların 500 mini sərhədi keçsə, çox böyük sosial problemlər ola bilər. Biz son 30 ildə hər 8 nəfərdən 1 nəfərin qaçqın və məcburi köçkün olduğu ölkədə yaşayırıq. Bu müddət ərzində hər hansı beynəlxalq dəstək olmayıb. Arzu edərdim ki, bu məsələlər sivil yolla həll edilsin. İranın həyata keçirdiyi siyasəti məntiqlə izah etmək mümkün deyil. Biz 30 il ərzində İranın bütün kaprizlərinə dözdük. Xəzər dənizində kəşfiyyat aparan mülki gəmilərimiz atəşə tutuldu, hava məkanımız dəfələrlə pozuldu, gənclərimizin zəhərlənməsi üçün min tonlarla narkotik mallar ixrac edildi, Ziya Bünyadov, Rafiq Tağı kimi şəxsiyyətlər qətlə yetirildi. Bundan başqa, Zəngəzur dəhlizinin açılmasına maneə törədildi, sərhəddə təlimlər keçirildi… Bu ölkə apardığı destruktiv siyasətlə, Azərbaycana seçim imkanı qoymadı. Bütün məsuliyyət İran-molla rejiminin üzərinə düşür.
- Azərbaycan Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi aksiya ilə nəyə nail oldu?
- Artıq müsbət nəticələr var. Ən azından ona görə ki, İran diversantları Qarabağa keçmir, Ermənistan tərəfdən minalar, silahlar daşınmır, Azərbaycanın təbii sərvətləri əvvəlki qaydada talanmır... Bütün bunlar göz qabağındadır. Soyuq və şaxtalı hava şəraitinə baxmayaraq, vətəndaş cəmiyyətinin nümayəndələri aksiyanı davam etdirirlər, onlara təşəkkür edirəm, sağ olsunlar. Aksiyanın uzun müddətli davam etməsinin əsas səbəbi odur ki, tərəflər bir-birilərinin səbrini yoxlayırlar. Biz də dözüm nümayiş etdiririk. Ermənistan və arxasında dayananlar çox çalışırlar ki, Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoysunlar, Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açılsın. Bunu Rusiya da, Azərbaycan da yaxşı başa düşür. Düşünürəm ki, yaxın zamanda aksiya başa çatacaq. Bəzi beynəlxalq təşkilatların – Avropa Parlamenti və digərlərinin Azərbaycana qarşı qərəzli yanaşması müşahidə olunur. Ölkəmizlə bağlı dezinformasiyalar yayılır... Bunun kökündə Ermənistanla birlikdə təbii sərvətləri talan edən bəzi Avropa şirkətləri durur. İmkan verə bilmərik ki, Azərbaycana qarşı amansız düşmənçiliyi ilə seçilən Vardanyan kimi daşnaklar ağalıq etsinlər və yeni gərginlik ocağı yaransın. Biz Laçın dəhlizində nəzarəti tam ələ keçirməliyik, erməniləri məcbur etməliyik ki, Zəngəzur dəhlizini açsınlar və Naxçıvanla əlaqələrimiz bərpa olunsun. Zəngəzur dəhlizində tətbiq edilən qaydalar Laçın dəhlizinə də tətbiq olunmalıdır. Hər şey qarşılıqlı, ədalətli şəkildə həllini tapmalıdır.