Cəmiyyət 15 Aprel 2022, 15:26 | Baxış sayı: 232
"Bir qrup məcburi köçkün dövlət tərəfindən təqdim edilən evlərdə yaşamır və onların həmin mənzilə ehtiyacları yoxdur".

“Bu gün bir qrup məcburi köçkün dövlət tərəfindən təqdim edilən evlərdə yaşamır və onların həmin mənzilə ehtiyacları yoxdur. Sadəcə olaraq, həmin vətəndaşlar dövlətin sosial qayğısından sui-istifadə edərək mənzil sahibi olublar. Bəziləri həmin mənzilləri kirayə verib. Ona görə də mənzillərin məcburi köçkünlərdən geri alınmasında qeyri-adi heç nə yoxdur, tam normaldır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, bu proses bir qrup məcburi köçkünü əhatə edir, yəni bütün qaçqın və məcburi köçkünlərə verilən mənzillər onların əlindən alına bilməz: “Burada spekulyativ yanaşma hiss edilir. Əgər verilmiş mənzildə, doğrudan da, qaçqınlar, məcburi köçkünlər yaşayırsa, həmin mənzillər heç bir halda onların əlindən alınmamalıdır. Hazırda dövlət “Böyük Qayıdış”ın başlanması üçün çoxşaxəli iş aparır və ümid edirik ki, yaxın gələcəkdə bu prosesə başlanılacaq. Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə bununla bağlı qeyd etdi ki, cari ildə Zəngilan rayonunun Ağalı kəndinə qayıdış mümkün olacaq. Digər rayon və kəndlərdə də minalardan təmizlənmə prosesi başa çatdıqdan və normal yaşayışı təmin etmək üçün şərait yaradıldıqdan sonra qayıdış prosesi hissə-hissə həyata keçiriləcək. Həmin vətəndaşlar öz doğma torpaqlarında mənzillə təmin edildikdən sonra digər məsələlərə baxmaq olar. Nəzərə almaq lazımdır ki, Azərbaycanda mənzilə ehtiyacı olan sosial təbəqə mövcuddur. Misal üçün, şəhid ailələri, Qarabağ qaziləri, ömrünün 20 və daha çox ilini orduda xidmət göstərmiş, pensiyaya çıxmış zabit heyəti və digər sosial ehtiyaclıların mənzil təminatı aktualdır. İstənilən halda, yeni evlə təmin olunmayan məcburi köçkünlərə əvvəl verilmiş mənzillər geri alına bilməz. Bu, inandırıcı deyil”.

Xəbərlər