“Bakının mərkəzində böyük bir ticarət obyektinə hücum terror kimi qiymətləndirilə bilər”
“İstənilən halda, avtomat silahlarla qrup halında şəhərin mərkəzində böyük bir ticarət obyektinə hücum terror kimi qiymətləndirilə bilər. Biz buna hazır olmalı idik və hazır olmalıyıq. Araşdırmalar göstərəcək ki, onlar silahları hardan alıblar, onlara istiqamət verən kimlərdir? Terror olduğu istisna deyil. Hesab edirəm, bu, mümkündür. Öldürülən cinayətkarın “Facebook” profilinə baxdım, qonşu ölkənin ali dini rəhbərinin şəklini gördüm. Heç bir variantı istisna etmək olmaz. İstənilən halda Azərbaycanda daxili ictimai-siyasi sabitliyi pozmaq iddiasında olan qüvvələr var. Hər zaman buna hazır olmalıyıq”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev martın 4-də Bakının Xətai rayonunda yerləşən hipermarketə silahlı basqın olunması barədə danışarkən deyib.
Deputat bildirib ki, əvvəllər müəyyən terror hadisələri, hüquq-mühafizə orqanlarına qarşı cinayət əməlləri törətmiş dəstələrin izləri də bəzi xarici ölkələrə gedib çıxır: “Təbii ki, istintaqın nəticələrini gözləmək lazımdır. İndi konkret real fakt olmadan danışmaq hələ tezdir. Hesab edirəm, istintaq orqanları ətraflı araşdıracaq. Amma bu hadisədə Azərbaycanın daxili ictimai-siyasi sabitliyinin pozulmasına cəhd edən qüvvələrin izləri ola bilər. Son qərarı, təbii ki, istintaq orqanları verəcək. Hər kəs layiq olduğu cəzanı alacaq. Ağır cinayət törədilib, insan həyatına son qoyulub. Günün günorta çağı əhalinin sıx toplaşdığı bir ərazidə avtomat silahdan atəş açaraq nümayişkaranə şəkildə ağır cinayət törədilməsi bağışlanılmazdır. Cinayətin qarşısının tam alınmasında, isti izlərinin açılmasında, cinayətkarların neytrallaşdırılmasında xüsusi əməyi olan daxili işlər orqanlarına xüsusi təşəkkürümü bildirirəm ki, əhalini belə bir şokdan azad etdi, lazımi tədbirləri zamanında gördü. Bu, bir daha göstərir ki, Azərbaycanın hüquq-mühafizə orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər”.