"Azərbaycanın əldə etdiyi uğurlar radikal müxalifət düşərgəsini və xaricdəki anti-milli qüvvələri narahat edir"
"44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yanaşı, nəinki ölkəmizdə, hətta global siyasətdə yeni reallıqlar yarandı. Dövlətimizin Cənubi Qafqazda yaratdığı yeni situasiya inkişafa və təhlükəsizliyə xidmət göstərir. Bu gün Azərbaycanın həm Şərq, həm də Qərb dövlətləri ilə münasibətdə apardığı xarici siyasət beynəlxalq miqyasda qlobal əməkdaşlığa və dinamik inkişafa, iqtisadi-mədəni əlaqələrin dərinləşməsinə, daha məhsuldar, çoxtərəfli və davamlı olmasına geniş perspektivlər açır. Təəssüfləndirici haldır ki, Azərbaycanın əldə etdiyi bu uğurlar ölkə daxilindəki radikal müxalifət düşərgəsini və xaricdəki anti-milli qüvvələri narahat edir. Xüsusilə də, Azərbaycanın praqmatik xarici siyasət kursunu hədəf almağa çalışan radikallar sosial şəbəkələrdə müxtəlif yalanlar səsləndirir, manipulyasiyalara əl atırlar".
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
"Bu şəxslər Azərbaycanın artan beynəlxalq nüfuzunu və regionda yaranan yeni reallıqları qəbul edə bilmir və qazanılan nailiyyətlərə kölgə salmaq üçün hər növ təbliğat aparırlar. Qeyri-sivil əməlləri hər zaman özünə əsas mübarizə vasitəsi seçən radikal müxalifət bütün dövrlərdə utopik arzularına çatmaq üçün daxili auditoriyadan istifadə etməyə cəhd göstərib. Radikal müxalifətin ölkədə süni gərginlik yaratmağa çalışması daima uğursuzluqla nəticələnib. Lakin xalqımız dövlətinin yanında olduğunu həmişə göstərib, radikal müxalifətin təşkil etdiyi mitinqlərə adətən elə öz üzvləri çıxmaqla kifayətlənib. Vətəndaşlarımız heç bir saxta vədlərə və saxtakarlıqlarla dolu olan siyasi polemikalara inanmayıb", - deputat bildirib.
pravda.az