Siyasət 5 Aprel 2024, 16:39 | Baxış sayı: 84
"Qərbin Ermənistanı Azərbaycana, Türkiyəyə, İrana qarşı müharibəyə hazırlaması niyyəti ortadadır"

Cənubi Qafqazda yaradılmağa çalışılan gərginlik mənbəyinin arxasında Ermənistanın xarici siyasətdəki mövqesizliyi dayanır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, sabah Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula von der Leyen və ABŞ dövlət katibi Antoni Blinken Brüsseldə görüşəcəklər: “Bu görüş Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. Çünki bu ölkələrin Ermənistana hərbi yardım göstərmək planları əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə ciddi xələl gətirir. ABŞ-ın hərbi və xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və "Vaqner" stilində fəaliyyət göstərən bir sıra şirkətlər artıq Ermənistanda təlimlərə başlayıblar. Əldə edilən məlumatlara görə, Ermənistan ordusu üçün kadrlar ABŞ, Fransa və digər Qərb ölkələrində hazırlanacaq, onlar üçün xüsusi bazalar təşkil ediləcək. Ermənistana yeni silahların, hərbi təyinatlı texnologiyaların verilməsi və onun Azərbaycana, Türkiyəyə, İrana qarşı müharibəyə hazırlanması niyyəti ortadadır”.

Müşfiq Cəfərov qeyd edib ki, Ursula fon der Lyayenin simasında Avropa İttifaqının da bu prosesə qoşulması kollektiv Qərb tərəfindən Azərbaycana qarşı siyasət yürüdüldüyünü göstərir:

“Qərb Cənubi Qafqazda yaranmış yeni vəziyyəti qəbul etmək istəmir və Azərbaycana qarşı əks-strategiya gerçəkləşdirməyə çalışır. 5 aprel görüşü də bunun bariz nümunəsidir. Bütün bu proseslərin Ermənistan və müttəfiqlərinin gözlədiyi nəticələri verməyəcəyi şübhəsizdir. Bu əslində Rusiya–Qərb savaşının növbəti bir cəbhəsidir. Son vaxtlar Rusiya rəsmilərinin bəyanatları da bunu söyləməyə əsas verir. Ermənistan ölkəsini ikinci Qərb-Rusiya qarşıdurmasının poliqonuna verə bilər. Bu isə bölgənin və Azərbaycanın maraqlarına tamamilə ziddir. Ermənistanın regionda Rusiya-Qərb qarşıdurmasına yeni cəbhə açmasını, regionda sülhə təhdid yaratmasını Azərbaycan sakit qarşılaya bilməz, dövlətimiz xalqımızın sabitliyini, torpaqlarımızın suverenliyini qoruyacaq”.

APA

Xəbərlər