Siyasət 24 Yanvar 2024, 16:44 | Baxış sayı: 159
"Borrelin Azərbaycana qarşı qərəzli açıqlaması qəbuledilməzdir"

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin Azərbaycana qarşı qərəzli və əsassız açıqlaması qəbuledilməzdir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etdikdən sonra düşmənlərinin sayı günü-gündən artırır: “Dünyaya səs salan zəfərimizi həzm edə bilməyən, erməni lobbisinin əlindən qidalanan Qərb bu dəfə də bizi təəccübləndirmədi. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin Azərbaycana qarşı qərəzli və əsassız açıqlamasından belə nəticəyə gəlmək olar ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Qərbin Qarabağ üzərindən qurulmuş bir çox planlarını pozub. Bu baxımdan Qərb dairələri təzyiqləri artırmaq, Azərbaycanı geri addım atmağa məcbur etmək üçün bütün vasitələrə əl atırlar. Hazırda ölkəmizə qarşı çox geniş arealda kampaniya həyata keçirilir. Cozep Borrelin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktları təhrif etməsi, Fransa ilə həmrəylik ifadə etməsi artıq Avropa İttifaqının əsl niyyətini açıq şəkildə ifadə etdi. Cozep Borrel bu cür məsuliyyətsiz və qərəzli mövqeyi ilə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə böyük zərbə vurdu. Eyni zamanda faktiki olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqının rolunu heçə endirməklə yanaşı, Avropa İttifaqının bundan sonra Ermənistan və Azərbaycan münasibətlərinin müsbət həllinə maraqlı olduğunu da şübhə altına aldı”.

APA

Xəbərlər