“Azərbaycan xilasediciləri təbii fəlakət bölgəsində mətinliklə fəaliyyət göstərirlər”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələrinin təbii fəlakət bölgəsindəki missiyası qardaşlığımızın və ölkəmizin humanizm siyasətinin nümunəsidir. Dağıdıcı yeraltı təkanın baş verməsi barədə xəbərlər yayılan andan Azərbaycan dövləti və xalqı qardaş ölkənin səsinə səs verib. Azərbaycan olaraq bu bəşəri acını Türkiyə xalqı ilə bərabər yaşayır, eyni zamanda bütün yardım imkanlarını səfərbər etmişik”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov deyib.
Deputat Azərbaycan tərəfinin Türkiyə hökumətinin yardımla bağlı beynəlxalq ictimaiyyətə müraciətini gözləmədən qardaş köməyinə başladığını diqqətə çatdırıb:
“Bu hal özündə bir neçə mühüm əlaməti ehtiva edir. Birincisi, təbii ki, Azərbaycanın qardaş münasibətindən doğan həssaslığıdır. Digər tərəfdən isə, baş vermiş zəlzələlərin gücü dağıntının miqyasının nə qədər böyük olduğunu ortaya qoyduğu üçün Prezident İlham Əliyev dərhal yardım barədə qəti qərar qəbul etdi”.
A.Hüseynov qeyd edib ki, Azərbaycan xilasediciləri fəlakət bölgəsində mətinliklə fəaliyyət göstərirlər:
“İki il əvvəl Türkiyədə tüğyan edən meşə yanğınları zamanı Azərbaycan yanğınsöndürənləri böyük şücaət göstərdilər. Hazırda da mövcud olan zəlzələ fəsadlarını aradan qaldırmaq üçün əllərindən gələni edirlər.
Ümumilikdə faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aid olduğunu, yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri göndərilir.
Başda Türkiyə olmaqla, türk dövlətləri və xalqları tarixdə bu kimi çox ağır hadisələrlə üz-üzə qalıb və mətanətlə acıya sinə gəliblər. Türkiyə qüdrətli dövlət olduğu kimi türk xalqı da xüsusilə ağır şəraitlərdə yumruq kimi birləşməyi bacarır. Əminliklə deyə bilərik ki, Azərbaycan kimi güclü müttəfiqi olan Türkiyə bu ağır sınaqdan da mətinliklə üzüağ çıxmağı bacaracaq. Türkiyə hökuməti və xalqı “Həyat davam edir!” şüarı ilə bir yerdədir.”