Siyasət 9 Fevral 2023, 11:45 | Baxış sayı: 184
“Azərbaycan Türkiyənin çətin günündə qardaşlıq borcunu yerinə yetirməyə çalışır”

“Türkiyədə baş vermiş güclü zəlzələ hər bir azərbaycanlını sarsıtdı. Bu gün qardaş ölkə ilə bərabər Azərbaycan da bu faciəyə ağlayır. Təsadüfi deyil ki, ölkəmizdə bütün restoranlarda, əyləncə mərkəzlərində, televiziyalarda musiqilər, əyləncəli verilişlər dayandırılıb. İnsanlarımız matəm içindədir”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O, Azərbaycandan zəlzələ bölgəsinə göndərilən yardımlardan danışaraq ölkəmizin çətin günlərdə qardaş Türkiyə üçün əlindən gələni etdiyini vurğulayıb.

“Qazi Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” demişdir. Bu gün, doğrudan da, Türkiyənin kədərini öz kədərimiz kimi yaşayırıq. Kimliyindən, statusundan aslı olmayaraq hər bir azərbaycanlı, Azərbaycan xalqı Türkiyə ilə birlik nümayiş etdirir. Başqa cür ola da bilməz. Böyük dağıntılara və minlərlə insanın ölümünə səbəb olan təbii fəlakətdən sonra dünyanın bir çox ölkələri Türkiyəyə öz kömək və yardımlarını təklif etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə yardım barədə çağırış gözləmədən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrindən ibarət heyətin göndərilməsi barədə tapşırıq verdi. Şəxsi heyətlə yanaşı, zəlzələ bölgəsinə böyük həcmdə xilasetmə avadanlıqları, humanitar yardımlar göndərilib. Bu yardımların göndərilməsi hazırda da davam edir. Qardaş ölkə hər zaman bizə dəstək olur. Biz də həmişə hər yerdə Türkiyəyə dəstək nümayiş etdiririk. Qardaşlıq bu cür olmalıdır. İndiki vəziyyətdə də dövlətimizin Türkiyəyə operativ dəstəyini yüksək qiymətləndirirəm. Eyni zamanda xalqımızla fəxr edirəm və qürur duyuram ki, hər hansı təbliğ kampaniyası aparmağa ehtiyac olmadan hər kəs öz üzərinə düşən qardaşlıq borcunu yerinə yetirməyə çalışır”, – deyə deputat qeyd edib.

Xəbərlər