Siyasət 25 Sentyabr 2023, 16:16 | Baxış sayı: 82
"Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbiri dünyaya növbəti nümunədir"

"Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbiri dünyaya növbəti nümunədir".

Bunu açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Qarabağda yerləşən qanunsuz erməni silahlı birləşmələrə qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirərək qarşıda duran bütün vəzifəni cəmi bir gün ərzində yerinə yetirdi və öz suverenliyini tamamilə bərpa etdi: "Azərbaycan Ordusu antiterror tədbirlərində əsl peşəkarlıq nümayiş etdirdi və strateji hədəflərə tam nail olundu. Bu, bir daha Azərbaycan Ordusunun böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq nümunəsidir. Çətin relyef şəraitində, düşmən tərəfindən uzun illər ərzində qurulan istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər".

"Cənab Prezidentin də bəyan etdiyi kimi, tədbirlər zamanı yalnız hərbi obyektlər hədəf götürüldü, Azərbaycan Ordusu mülki əhalini və mülki obyektləri hədəf almadı, Azərbaycan əsgəri, zabiti həm də yüksək mənəvi keyfiyyətlər göstərdi. Bu baxımdan, Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbiri dünyaya növbəti uğur nümunəsi kimi təqdim oluna bilər",- o qeyd edib.

A.Hüseynov deyib ki, antiterror tədbirləri zamanı Rusiya sülhməramlılarının davranışı da təqdirəlayiqdir, onlar Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı üzərlərinə düşən vəzifələrin öhdəsindən gələ bildilər və bu tədbirlərin operativ, ağır itkilər olmadan başa çatmasında Azərbaycan Ordusunun sarsılmaz peşəkarlığından həqiqətən bir çox məqamları öyrəndilər: "Bundan əlavə, onların fəaliyyətinin təmin olunmasına Azərbaycan tərəfi şərait yaratdı. Sülhməramlıların bu fəaliyyəti də bilavasitə bundan sonra bölgədə, Cənubi Qafqazda yeni reallıq yaranmasına imkan verəcək. Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənəcək. Bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismara məruz qoyan və satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bununla da bu bölgədən öz mənfur niyyətlərini geri çəkmiş olacaq".

Milli Məclis üzvünün fikrincə, artıq bölgədə yaranmış yeni reallıqdan sonra Ermənistanın da sabitliyi, gələcək inkişafı üçün şanslar yaranır: "Onlar da bu sülh və geniş əməkdaşlıq platformasında olmaqla özlərinin uzunömürlü inkişafını təmin edə bilərlər".

report.az

Xəbərlər