“Azərbaycan ordusu həm də 10 noyabr üçtərəfli bəyanatının tələbini həyata keçirir”
“Azərbaycan dövləti beynəlxalq hüquqa və Konstitusiyasına əsaslanaraq dünya tərəfindən tanınan əraziləri daxilində anti-terror tədbirləri həyata keçirir. Azərbaycan eləcə də 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinin tələbini həyata keçirmək üçün bu tədbiri reallaşdırır”.
Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. A.Hüseynov qeyd edib ki, beynəlxalq hüquq müstəqil dövlətə onun suverenliyini pozan, ərazisində qanunsuz silahlı birləşmələr yaradan, terror qrupları yaradan istənilən separatçı qüvvəyə qarşı anti-terror tədbirləri həyata keçirmək hüququ verir. Azərbaycan da bu hüquqa əsaslanır. Konstitusiyamız ölkənin hər hansı nöqtəsində suverenliyimizi tanımayan hərəkətləri qadağan edir və bu hərəkətlərin qarşısının almağı dövlətin borcu hesab eləyir: “Azərbaycan dövləti ana qanunumuzun bu tələbini həyata keçirir. 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndində qeyd olunur ki, Azərbaycan ərazisində-Qarabağda mövcud olan Ermənistan silahlı qüvvələrinin qalıqları, həmçinin erməni silahlı qruplar Azərbaycan ərazisindən çıxarılmalıdır. Bu bəyanatın imzalanmasından üç ilə yaxın vaxt keçir. Lakin bugünə qədər sənədin həmin bəndinin tələbini Ermənistan yerinə yetirməyib, Rusiya sülhməramlı qüvvələri isə qanunsuz erməni silahlı birləşmələrinin ərazimizdən çıxarılması üçün gərəkən addımı atmayıblar. Azərbaycan özü anti-terror tədbirlərini başlamaqla 10 noyabr üçtərəfli bəyanatının qeyd olunan bəndini reallaşdırır. Necə ki, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan qətnamələrinin tələblərini 2020-ci ildə reallaşdırdı, bu dəfə də anti-terror tədbirləri ilə üç ilə yaxındır kağız üzərində qalan həmin 4-cü bəndin tələbini həyata keçirir”.
A.Hüseynov deyib ki, Azərbaycan ordusu mülki əhaliyə qarşı heç bir güc tətbiq etmir. Azərbaycan vətəndaşı kimi yaşamaq istədiyini bildirən erməni vətəndaşlarının hüquqları digər Azərbaycan vətəndaşlarının hüquqları kimi qorunacaq: “Bu anti-terror tədbirləri həm də 30 ildən artıqdır separatçı xunta rejiminin girovuna çevrilən erməni əhalinin xilası məqsədi güdür. Biz xuntanın girovu olan erməni sakinlərimizi də xilas edəcəyik. Azərbaycan dövləti öz ərazilərində boz zonanın olmasına imkan verməycəyini bəyan edib. Azərbaycan xalqı öz dövlətinin, Prezidentinin, Ordusunun ətrafında yenə də birlik nümayiş etdirir. Bu birlik bizi qələbələrə aparır”.
musavat.com