Cəmiyyət 9 Noyabr 2022, 14:44 | Baxış sayı: 257
"Azərbaycan həm döyüş meydanında, həm də diplomatik sahədə bütün məqsədlərinə nail oldu"

2020-ci ilin sentyabrın 27-də Zəfər yürüşünə başlayan Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi tarixi Qələbəsi ilə dövlətçilik tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız azad edildi. Şanlı Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənistan təslim oldu. Hərbi əməliyyatlara başlanmasından cəmi 44 gün sonra, noyabr ayının 10-da imzalanmış Üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əslində tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Ali Baş Komandanımızın polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının öz Prezidenti ətrafında sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı söyləyib.

Deputat xüsusi olaraq vurğulayıb ki, tarixi Qələbəmiz torpaqlarımızın işğalı ilə bərabər erməni miflərinə də son qoydu. Erməni ideoloqlar uzun illər ərzində bütün dünyaya “yenilməz erməni ordusu” barədə o qədər uydurma, cəfəng məlumatlar təqdim etmişdilər ki, sonda artıq özləri də bu yalanlara inanmağa başlamışdılar. Əgər belə olmasaydı Ermənistanın yeni ərazilər uğrunda hərbi əməliyyatlara başlamaq niyyəti haqqında bəyanatları, ən yüksək səviyyədə rəsmi İrəvan təmsilçilərinin öz əraziləri imiş kimi, Qarabağa səfərləri və bu səfərlər zamanı sərsəm çağırışları da baş verməzdi. Lakin Azərbaycan sübut etdi ki, bu ölkə sahibsiz deyil və öz Prezidentinin, öz Ali Baş Komandanının rəhbərliyi ilə istənilən sərsəmi özünə gətirmək, istənilən təcavüzü məhv etmək gücünə malikdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifləri 44 günə dağıtdı. Bütün dünya böyük Ermənistan ideyasının çürük sütunlar üzərində qurulduğunu gördü. Şanlı Ordumuz bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Həmrəylik Azərbaycan xalqının ən böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Azərbaycan xalqı tarixə öz adını qalib xalq kimi silinməz hərflərlə yazdı. Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində ədalətlə apardığı və tarixi Qələbə ilə başa vurduğu II Qarabağ müharibəsinin nəticəsi olaraq erməni miflələri ilə bərabər qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” üçün irəli sürülən status tələbləri də tarixin zibilliyinə atıldı. Artlq Azərbaycanda nə bu adlı ərazi vahidi, nə də danışıqlarda bu mövzuda müzakirə olunacaq bir mədsələ yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Bu gün artıq Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir və bu sərhədlərin toxunulmazlığı Azərbaycan dövlətinin ən əsas prioritetidir.

Sonda A.Naxçıvanlı Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında bütün məqsədlərinə nail olduğunu vurğulayaraq deyib: “Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. 10 noyabr Bəyanatının birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Həmçinin qeyd etmək lazımdır ki, Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş ən önəmli siyasi uğurlardan biri də budur ki, Ermənistan növbəti illərdə imzaladığı sənədlərdə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq etdi. O cümlədən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanat Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Görüşün nəticəsinə dair qəbul edilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Ümumiyyətlə, müharibədən sonrakı dövrdə məsələ ilə bağlı imzalanmış bütün bu cür bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin istifadə olunmaması Azərbaycanın ərazi suverenliyinin tanımasının ən inkaredilməz sübutudur”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Xəbərlər