Siyasət 6 Mart 2024, 15:23 | Baxış sayı: 239
"Avropa enerji sahəsində Azərbaycana möhtacdır"

Bu gün Azərbaycan Avropanın enerji təminatında açar rolunu oynamaqdadır. Tərəfdaşları ilə birgə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft-qaz kəməri çəkməklə dövlətimiz Avropanın enerji xəritəsini tamamilə dəyişdirib, beynəlxalq əməkdaşlığa geniş imkanlar yaradıb. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl enerji Məşvərət Şurası çərçivəsində 2-ci iclasları zamanı cənab İlham Əliyev Azərbaycanın enerji potensialını və ümumilikdə ölkəmizin iqtisadi imkanlarını bir daha dünyaya təqdim etdi. Bu gün Azərbaycan dünyanın 8 ölkəsinə qaz nəql edir ki, onların 6-sı Avropa dövlətidir. Azərbaycanın qaz ehtiyatları, “Yaşıl enerjiyə” keçid mühüm layihələrin həyata keçirilməsinə imkanlar yaradır və Avropa Azərbaycana, demək olar ki, möhtacdır”. 

 

Bu sözləri  açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib. 

 

“Çox təəssüflər olsun ki, Avropa parlamentindəki deputatların çoxu, bəzi Avropa dövlətləri bunu hələ də dərk etmirlər. Avropa parlamentində son günlər Azərbaycan əleyhinə aparılan geniş təbliğat kampaniyası aydın göstərir ki, bu qurum müəyyən dairələrin, başda Fransa olmaqla Qərb dövlətlərinin əlində bir oyuncağa çevrilib. Qəbul etdiyi əsasız qətnamələrlə, səsləndirilən saxta bəyanatlarla Parlament tamamilə öz nüfuzunu itirib. Ölkəmiz əleyhinə aparılan dinləmələr, qəbul olunan sənədlər qərəz və riyakarlıqdan başqa bir şey deyil və məlumdur ki, erməni lobbisinin maliyyəsinin nəticəsidir. Reallıqları, ədalətli mövqeyi əks etdirməyən bu sənədlərin heç bir təsiri ola bilməz və olmayacaq. Avropa Parlamenti və bəzi dövlətləri bilməlidilər ki, Avropa dövlətlərinin Azərbaycan qazına, neftinə möhtac olduqları indiki dövrdə onların riyakar hərəkətləri, çirkin əməlləri öz xalqlarının mənafeyinə ziddir, münasibətlərə kölgə salır və gələcəkdə Avropanı enerjisiz qoya bilər. Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyev dünyada sülhün, əminamalığın, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinin, əməkdaşlığın, qarşılıqlı əlaqələrin genişləndirilməsinin tərəfdarıdır. O, bunu bütün mötəbər tədbirlərdə, xarici mətbuat orqanlarına verdiyi müsahibələrində qeyd edir və dünya dövlətlərini sülhə səsləyir. Belə olan halda Avropa dövlətləri, parlamentləri, siyasi dairələri erməni təcavüzkarlarının məkrli niyyətlərinə, səsləndirdikləri yalana, böhtana, müharibə və ədalətsizliyə deyil, Azərbaycanın sülh çağırışlarına səs verməli, anti-Azərbaycan təbliğatına son qoymalı, xalqlarının gələcəyi barədə ciddi düşünməlidirlər”. 

pravda.az

Xəbərlər