Cəmiyyət 26 Fevral 2024, 17:54 | Baxış sayı: 137
"Yeni qanun layihəsinin qəbulu bələdiyyələrin fəaliyyətinin yüksəldilməsinə təkan verəcək"

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev parlamentə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsinin bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcəyini bildirib.

Deputat açıqlamasında qeyd edib ki, kiçik bələdiyyələr maliyyə bazası olmayan yerli idarəetmə orqanları kimi özlərini doğrultmurlar.

Onun sözlərinə görə, kiçik bələdiyyələrin fəaliyyəti vətəndaşları qane etmir və bələdiyyələr haqqında mənfi fikir formalaşır: "Bir çoxları deyir ki, bu qurum əhəmiyyətsiz, heç bir işə yaramayan qurumdur və ləğv olunmalıdır. Əslində, bələdiyyələr bu günümüz üçün vacib olan demokratik təsisatdır. Ancaq onların fəaliyyəti yüksəldilməlidir”.

Milli Məclisin üzvü əlavə edib ki, bələdiyyələrə daha səriştəli, bilikli, bu sahədə bacarığı, təcrübəsi olan insanlar gəlməlidir: “Bu günədək ölkədə bələdiyyələrin birləşməsi, ləğv edilməsi prosesi baş verib. Bu islahatların müsbət nəticələrinin də şahidi olmuşuq. Ancaq hələ də onların sayı çoxdur. Əhalisi Azərbaycan qədər olan bir sıra ölkələr var ki, orda 250-300 bələdiyyə fəaliyyət göstərir. Əgər bu gün hər hansı bir kənddə fəaliyyət göstərən bələdiyyə heç bir maliyyə bazasına malik olmayan, yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həll edə bilmir və insanlarla münasibət qurmağı bacarmırsa, onun fəaliyyəti heç kimə lazım deyil. Ona görə də hesab edirəm ki, bələdiyyələrin sayı azaldılmalıdır. Biz bu il ölkə olaraq bələdiyyə seçkilərinə gedirik. Əlbəttə, bu prosesin baş verməsi seçkilərin daha şəffaf, demokratik, mütəşəkkil keçirilməsinə imkan verəcək”.

T.Rzayev vurğulayıb ki, Milli Məclisə daxil olan “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsinin qəbul edilməsi bələdiyyələrin formalaşdırılmasına, onların fəaliyyətinin yüksəldilməsinə təkan verəcək: “Bəzən bu proses bələdiyyələrə etimadsızlığın bir nəticəsi kimi qiymətləndirilir, lakin belə deyil. Belə ki, bir çox xarici ölkələrdə bələdiyyə institutları ilə yaxından tanış olmuşuq. Həmin ölkələrdə də bundan əvvəl kiçik bələdiyyələr olub, lakin sonradan birləşdirilərək böyük bələdiyyələr, assosiasiyalar, regional bələdiyyələr kimi formalaşdırılıb və qənaətbəxş nəticələr əldə olunub. Düşünürəm ki, Azərbaycanda da sözügedən proses, bələdiyyələrin birləşdirilməsi müsbət nəticəsini verəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. Layihəyə əsasən, 1000 evdən az olan kəndlərin bələdiyyələri ləğv olunacaq və böyük bələdiyyələr yaradılacaq. Digər bir dəyişikliklə isə bələdiyyələrin sayı təxminən iki dəfə azaldılacaq.

report.az

Xəbərlər