Cəmiyyət 13 Fevral 2024, 16:23 | Baxış sayı: 243
"Övladı olmayanların süni mayalanmaya əl atmalarını mənfi hal kimi qiymətləndirmirəm"

Hüquqşünas Əkrəm Həsənovun Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli Qərarında əks olunan süni mayalanma barədə paylaşdığı məlumat müzakirələrə səbəb olub. Belə ki, süni mayalanma nəticəsində əkiz övladları dünyaya gətirən qadın 7 ildən sonra boşanıb və ərinə süni mayalanmada başqa kişinin donorluğunu götürdüyünü etiraf edib. Boşanma nəticəsində sözügedən qadın hətta ərindən aliment də almağı bacarıb. Məlum olub ki, kişi tam sonsuz olduğu üçün türkiyəli həkim Öndər Tulumbacı qadına başqa kişinin donorluğundan istifadə etməyi təklif edib, qadın da razılaşıb, amma kişidən gizlədib. Bu məsələ yenidən süni mayalanma barədə etirazları gündəmə gətirib.

 

Milli Məclisin komitə sədri Tahir Rzayev açıqlamasında deyib ki, övladı olmayanların həkimlərə müraciət etmələrini və süni mayalanmaya əl atmalarını mənfi hal kimi qiymətləndirmir: “Çünki hər bir ailə övlad həsrətindədir. Bir çox hallarda ailədə uşağın olmaması nikahların pozulmasına, ailənin məhvinə imkan yaradır. Süni mayalanma tibbin nailiyyətidir. Burada dürüstlük və prosesin düzgün həyata keçirilməsi həm ər və arvad tərəfindən, həm də həkim tərəfindən nizamlanmalıdır. Bu, həm də həkimin vicdan məsələsidir. Ər və arvadın hüceyrələrinin götürülməsi hər iki tərəfin razılığı ilə olmalıdır. Müəyyən faktların meydana gəlməsi, qanunların pozulması həkimin saxtakarlığı o demək deyil ki, bu, həmişə baş verir və bunun üçün bütün həkimləri qınamaq lazımdır. Doğrudan da, mənfi, xoşagəlməz hallar baş veribsə, kişi bunda özünü günahkar hesab etmirsə, yanılır. Kişi tamamilə sonsuz olduğunu bilirdisə, bunu deməli idi. Onun övladı olmurdusa, müayinədən keçməli və xəstəliyinin sirrini əvvəlcədən bilməli idi. Yoxsa dünyaya uşaq gəlir, kişi bir neçə ildən sonra məhkəmələrə müraciət edir, uşağın ondan olmadığını deyir və həkimi günahlandırır. Ola bilər, həkimin günahı olub. Amma ilk növbədə kişi daha çox günahkardır, çünki hər bir gənc qadın və kişi ailə qurarkən həkim müayinəsindən keçməlidir. Onların övladları olmursa, bunun səbəbi hər iki tərəfdən müyyənləşdirilməli, kimdə hansı çatışmazlığın olduğu dəqiqləşdirilməlidir. Yoxsa qadını günahkar hesab et, onun başqa donordan mayalanmasını bir neçə ildən sonra üzə çıxar və məhkəmələrə müraciət et... Bu, həyat məsələsi olsa da, vicdan məsələsi deyil. Bu, Azərbaycan ailəsinin həyatına, onun ailə dəyərlərinə zidd məsələdir. Övladın varsa, sən ona müəyyən aliment ödəyirsənsə, bu məsələdə bilavasitə özün günahkarsansa, bunu açıb-ağartmaq, ailənin övladını çətin vəziyyətdə qoymaq düzgün deyil. Azərbaycan ailəsi müqəddəsdir, təmizdir. Övlad ata, ana üçün şirindir. Dünyaya gələn hər bir uşaq və köməyə ehtiyacı olan hər bir övlad bizim gələcəyimizdir, sabahımızdır. Balaların normal, sağlam böyümələri üçün hər bir valideyn əlindən gələni əsirgəməməlidir”. 

pravda.az

Xəbərlər