Siyasət 23 Sentyabr 2022, 14:46 | Baxış sayı: 166
"ABŞ-la İranın gündüzlər bir-birlərindən zəhlələrinin getməsinə baxmayın, gecələr bir yerdə yatırlar"

“İranın parçalanmasına nə Rusiya imkan verər, nə ABŞ, nə də Avropa. Lakin İranda hakimiyyət, iqtidar dəyişə bilər. Demokratik sistem yaradıla bilər, amma hazırkı məqamda İran parçalana bilməz. Bilirsiniz niyə? Çünki nə Rusiya, nə ABŞ, nə də Avropa dövlətləri türk respublikalarını sevmirlər. Türkiyəyə də, bizə də, elə Orta Asiya respublikalarına da düşmən gözü ilə baxırlar. ABŞ razı olarmı ki, İran parçalansın, orada 35 milyonluq yeni türk respublikası, bütün yeraltı, yerüstü sərvətləri ilə həm də döyüşkən bir xalq yaransın? İstəməz. Necə ki, vaxtilə 1945-1946-cı illərdə bununla razılaşmadılar. Onda Azərbaycan da özünü orada müstəqil elan etmişdi, Azərbaycan dövləti müstəqil dövlət idi, Baş naziri, nazirləri, ordusu var idi. Rusiya da qoşun çəkdi, ABŞ da İranı silahlandırdı, gəlib azərbaycanlıları Təbrizdə diri-diri hörgülərə hördülər. Ona görə də, indiki halda qoymazlar, razı olmazlar İran parçalana...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

“ABŞ-la İran gecələr bir yerdə yatırlar, gündüzlər bir-birlərindən zəhlələrinin getməsinə baxmayın. Amma əvvəl-axır İran parçalanacaq, özü də üç-dörd yerə. Həm azərbaycanlılar parçalanacaqlar, həm oradakı kürdlər. Onlar parçalanmaq üçün bizdən daha çox fəaldırlar. İranda ərəblər yaşayırlar, Türkmənistan sərhədində əfşarlar da var. Darıxmayın, İran bir neçə yerə parçalanacaq. Onda ABŞ da, başqa dövlətlər də “barmaq” edə bilməyəcəklər”, - deputat bildirib.

 

A.Abbas qeyd edib ki, 22 yaşlı qızın hicaba görə öldürülməsi İranda əhalinin ayağa qalxması üçün bir bəhanə idi: “İndiyə qədər nə qədər adam edam ediblər. Niyə qalxmırdılar ayağa? Azərbaycanın gözəl-göyçək oğlanlarını camaatın gözü qarşısında asırdılar. İndi bir qızın ölümü bəhanədir. Səbəb deyil...”

Xəbərlər