İnfoqrafika, Qanun Layihələri 1 Sentyabr 2022, 15:31 | Baxış sayı: 292
2021-ci ilin plenar iclaslarında ən çox əleyhinə səs toplayan qanun layihəsinin monitorinqi

“Meclis.info” “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirələri üzrə statistika hazırlayıb. Məlumatlar Milli Məclisin növbədənkənar sessiyasının stenoqramlarından toplanılıb.

Qanun layihəsinin 3 oxunuşda qəbul müddəti 3 saat 54 dəqiqə çəkib. Birinci oxunuşda layihənin əleyhinə 1, ikincidə isə 13 nəfər səs verib. Nəticədə 92 lehinə olmaqla, qanun layihəsi 3-cü oxunuşda qəbul edilib.

Yeni qanuna əsasən, “1, 2, 3-cü dərəcə əlilliyi olan şəxslər” anlayışı “əlilliyin müəyyən edilməsində orqanizm funksiyasının 31-60%, 61-80%, 81-100% itirilməsi” anlayışı ilə dəyişdirilir. Həmçinin, əlilliyin qiymətləndirilməsi ilə əlaqədar ekspertiza proseduru üçün 10, əlavə araçdırma tələb edərsə, 15 iş günü müəyyən edilib.

Qanun  layihəsinə edilən dəyişikliklərin əleyhinə çıxış edənlərdən biri deputat Razi Nurullayev olub. Onun fikrinə görə, əlilliyin faizlə müəyyən edilməsində problemlər var: “Ola bilsin ki, bu, digər ölkələrdə özünü doğruldub. Bizdə isə korrupsiya və ədalətsizliyə yol aça bilər”.

Deputat Qüdrət Həsənquliyev isə dəyişikliklərin əleyhinə olduğunu bu fikirlərlə əsaslandırıb: “Burada hiss olunur ki, məqsəd çalışıb maksimum dərəcədə daha az insana əlillik təyin eləməkdir”.

Hər iki deputatdan fərqli olaraq deputat Musa Quliyev layihənin lehinə çıxış edənlər sırasındadır. Onun qənaətincə, qanunda edilən dəyişikliklər ölkədə əlilliyin sayının artıb-azalmasına təsir etməyəcək.

Millət vəkili Sabir Rüstəmxanlı isə beynəlxalq standartlar adına tələsib əhalinin müəyyən hissəsini indiki vəziyyətdə narazı salmağın yolverilməz olduğunu bildirib.  Nəticə etibarilə, sonuncu oxunuşda iştirak edən 96 deputatdan 3-ü bitərəf qalıb, yalnız biri – Razi Nurullayev layihənin əleyhinə səs verib. Bitərəf deputatlardan Tahir Kərimli fikirlərini belə əsaslandırıb: “Mən bu qanuna belə müsbət səs verməyə tərəddüd edirəm, ona görə də, bitərəf qalacağam”.

Qanun 2022-ci il, iyulun 1-dən qüvvəyə minib.

 

Xəbərlər