Cəmiyyət 28 Mart 2022, 13:24 | Baxış sayı: 217
“Ziyanın aradan qaldırılması üçün addım atılacaq. Məsələ ciddi olarsa, Milli Məclisdə müzakirəyə çıxarıla bilər".

“Cənub zonasında sel səbəbindən kənd təsərrüfatına dəyən ziyan ödənilməsə, məsələ Milli Məclisdə qaldırıla bilər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri əhaliyə dəyən ziyanın mütləq kompensasiya edilməli olduğunu söyləyib:

“Kənd təsərrüfatının inkişafı təbiətin şıltaqlıqları ilə birbaşa əlaqədardır. Bəzən çoxlu məhsul yetişdirilir, torpaqlar becərilir, təbii fəlakət, yağıntılar səbəbindən hər şeyə ziyan dəyir. Mart ayında cənub rayonlarına yağışların yağması, birdən-birə havanın kəskin dəyişməsi kənd təsərrüfatına ciddi ziyan vurub. Lakin bunu bərpa etmək mümkündür. Çünki təbii fəlakət kütləvi olmadı, respublikanın geniş ərazisini əhatə etmədi. Mütləq şəkildə təsərrüfatçılara dəyən ziyan kompensasiya olunacaq. Dövlət orqanları, nazirliklər, müvafiq orqanların rəhbər işçiləri həmin ərazilərə ezam olunmuşdular. Təbii fəlakətin aradan qaldırılması üçün ciddi işlər görüldü. Əlbəttə, dəymiş ziyan hesablanmalıdır. Bundan sonra dövlət büdcəsindən əlavə vəsaitlər ayrılmalıdır”.

Komitə sədri vurğulayıb ki, kənd təsərrüfatı ilə yanaşı, sakinlərin evlərinə, obyektlərinə də ziyan dəyib:

“Ziyanın aradan qaldırılması üçün addım atılacaq. Məsələ ciddi olarsa, Milli Məclisdə müzakirəyə çıxarıla bilər. Lakin müvafiq orqanlar bütün tədbirləri görəcəklərsə, parlamentdə səsləndirməyimizə ehtiyac qalmayacaq. Mənə elə gəlir ki, hökumət lazımi addımları atacaq və təlaşa ehtiyac yoxdur”.

Qeyd edək ki, son günlər ölkənin cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində çaylarda və su kanallarında sululuğun artması, qısamüddətli sel və daşqın müşahidə olunub. Nəticədə Masallı və Cəlilabad rayonlarının bir neçə yaşayış məntəqəsində fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər subasmaya məruz qalıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları evlərini su basmış sakinləri təxliyə ediblər. İntensiv yağışlar kənd təsərrüfatına da ciddi ziyan vurub.

Xəbərlər