Cəmiyyət 9 Avqust 2022, 17:22 | Baxış sayı: 183
"Yoluxma sayı bu templə artacaqsa, məhdudiyyətlər də qoyulacaq".

"Günbəgün ölkədə koronavirusa yoluxma sayının artması təəssüfləndirici haldır. Biz bu ağrıları, insan tələfatını artıq yaşamışıq. İnsanlar iki ilə yaxın müddətdə çox böyük əzab-əziyyət çəkdilər. Əksər müəssisələr, hətta təhsil ocaqları da uzun müddət bağlı qaldı. Təəssüf edirəm ki, bu acıları gördüyümüz halda, yenə də laqeyd yanaşırıq. Bu laqeydlik isə bizi bu günə gətirib çıxarır. Qadağalar ləğv edildikdən sonra belə, insanlara virusun yenidən güclü şəkildə geri qayıdaraq yayıla bilməsi dəfələrlə xatırladılırdı. Onlara ehtiyatlı davranaraq şənlik və yas mərasimlərində kütləvi şəkildə toplaşmamaq məsləhəti verilirdi. Yoluxma sayının yenidən belə sürətlə artmasının səbəbi məhz insanların kütləvi şəkildə bu mərasimlərdə toplaşmasıdır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, yoluxma sayının kəskin şəkildə artmasının qarşısını almaq üçün hələ də gec deyil: “Biz təhlükəsizliyimizi təmin etmək üçün mütləq bu barədə fikirləşməli və qabaqlayıcı tədbirlər görməliyik. Ölkədə onsuz da bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirilir. Bununla bağlı müəyyən xatırlatmalar da olur. Lakin hər şey insanın özündən aslıdır. Hər birimiz bu xəstəliyə qarşı mübariz olmalı və qarşısının alınması üçün göstərilən tədbirlərə əməl etməliyik. Ancaq istənilən halda hamıya məlumdur ki, yoluxma sayı bu templə artacaqsa, məhdudiyyətlər də qoyulacaq. Ölkə rəhbəri də dəfələrlə xatırladıb ki, Azərbaycan vətəndaşının sağlamlığı və təhlükəsizliyi hər şeydən vacibdir. Mən də öz növbəmdə düşünürəm ki, say belə artacaqsa, qadağalar yenidən qüvvəyə minməlidir".

Xəbərlər