Siyasət 16 Fevral 2023, 15:02 | Baxış sayı: 129
"Yolpulu baha olmasaydı tələbələri itirməzdik"

Türkiyədə baş verən dağıdıcı zəlzələ nəticəsində orada təhsil alan azərbaycanlı tələbələr arasında itkilər var. Türkiyə universitetlərində tətil olduğuna baxmayaraq, tələbələrimiz vətənə qayıda bilmədilər. Bunun əsas səbəbi isə gediş-gəliş bletlərinin xeyli baha olmasıdır. Onlar ailələrini əlavə xərcə salmaq istəmədiklərindən Türkiyədə qalmağa üstünlük verdilər.

Bəlkə də Azərbaycan Hava Yolları Şirkəti - AZAL təyyarə biletlərini tələbələr üçün ucuzlaşdırsaydı, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri olan Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə zəlzələ qurbanları olmazdılar.

 

Bəs xaricdə təhsil alan vətəndaşlarımız üçün hansısa güzəştlər tərtib olunmalıdırmı? Yaxın gələcəkdə bu problemin aradan qaldırılması mümkündür?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov xaricdə təhsil alan tələbələrimiz üçün mütləq şəkildə güzəştlərin tədbiq olunmasının vacib olduğunu vurğulayıb:

 

 

“Bu məsələ dəfələrlə Azərbaycanda müzakirə olunub. Parlamentdə həmkarlarımızla bərabər məsələni qaldırmışıq. Hesab edirəm ki, tələbələr üçün həm daxili, həm də xarici nəqliyyatdan istifadədə müəyyən güzəştlər olmalıdır. Günümüzdə bir çox ölkələrdə bu güzəştlər mövcuddur. Tələbə xaricdə oxuyursa, bunu nəzərə alaraq hansısa müəyyən güzəştlər tədbiq edilir. Azərbaycanda bletlər çox bahadır və quru sərhədləri bağlıdır. Bu problemi aradan qaldırmaq üçün gərək aidiyyatı qrumlar öz təkliflərini hazırlayıb dövlət orqanlarına təqdim etsinlər.

 

Həmçinin, Türkiyədə zəlzələ ilə bağlı olaraq universitetlər online tədrisə keçir və burada təhsil alan tələbələrimizin bir qismi tətil müddəti olduğu üçün vətənə qayıtmışdı. Onların kitabları, istifadə etdikləri ədəbiyyatlar var ki, bletlərin baha olması ilə əlaqədar qayıdıb lazımlı əşyalarını gətirə bilmirlər”.

 

Deputat güzəştlərin təkcə xaricdə təhsil alanlara deyil, öz ölkəmizdə də tədbiq olunmasının vacibliyindən söz açıb.

 

“Bir tələbə üçün xaricə getmək, qalmaq, yol, təhsil, yemək və s. bunlar kifayət qədər vəsait tələb edir. Dövlətimizin imkanı var ki, xaricdə oxuyan tələbələrimiz üçün müəyyən güzəştlər etsin. Sadəcə olaraq, bu məslələr qaldırılmalıdır ki, həll yolu tapılsın. Eyni zamanda, bu problem daxilə də aiddir. Ölkəmizdə tələbələr üçün nəqliyyat vasitələrində müəyyən endirimlər olmalıdır ki, tələbələr və valideyinlərə çətinlik yaranmasın. 

 

Yaxşı olar ki, Elm və Təhsil Nazirliyi bununla bağlı Nazirlər Kabinetinə, AZAL-a, ümumiyyətlə aidiyyatı qrumlara bu məsələ ilə bağlı müraciət etsin ki, çıxış yolu da tapılsın. Nəqliyyat vasitələrində tələbələr üçün müəyyən güzəştlərin tədbiqi dünya təcrübəsində var və biz də bunu gec-tez tədbiq etməliyik ki, tələbələrimiz daha rahat təhsil ala bilsinlər”, -deyə deputat fikirlərini tamamlayıb.

Xəbərlər